"Partiyalara dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması əhəmiyyətlidir". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı dövlət büdcəsindən ayrılmış vəsaitin siyasi partiyalar arasında bölgüsünə münasibət bildirərkən söyləyib.
Deputatın sözlərinə görə, partiyaların siyasi proseslərdə daha fəal iştirakı, eləcə də siyasi sistemdə yerinin və rolunun artırılması, möhkəmləndirilməsi baxımından maliyyə xüsusi rola malikdir: "Məhz buna görə də ilk addım kimi bunu yüksək qiymətləndirirəm. Lakin ayrılan vəsait müəyyən mənada azdır. Sadaladığım bu məsələlərin uğurlu həlli, eləcə də partiyanın bütün maliyyə ehtiyaclarını ödəmək üçün bu məbləğ yetərli deyil. Amma buna baxmayaraq düşünürəm ki, növbəti illərdə təcrübəyə əsaslanaraq, partiyanın təkliflərinə söykənilərək bu vəsait daha da artırıla bilər".
F.Ağamalı deyir ki, ayrılan vəsait partiyanın ehtiyaclarının ödənilməsinə xərclənəcək: "Təəssüflər olsun ki, bizim partiyanın hələ də ofisi yoxdur. Biz bu vəsaitlə icarəyə götürdüyümüz ofisin xərclərini ödəməyə çalışacağıq. Bununla belə partiyanın möhkəmləndirilməsi, onun işinin daha da gücləndirilməsi, işçilərin əmək haqlarının artırılması istiqamətində də lazımi işlər həyata keçirmək fikrindəyik. Bizim ofisin texniki avadanlığı, kompüter cihazları 6-7 il bundan qabaq alınıb ki, bu da köhnə vəziyyətdədir. Hesab edirəm ki, bütün bu məsələlər yaxın gələcəkdə öz həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB