“Bu vəsait partiyaların gələcək inkişafına təkan verəcək” MÜNASİBƏT
"2013-cü il dövlət büdcəsində siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı nəzərdə tutulan maliyyə yardımı müsbət hadisədir. Bu vəsait partiyaların gələcək inkişafına təkan verəcək". Bunu SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa partiyalara ayrılan vəsaitlə bağlı məsələyə münasibət bildirərkən deyib.
Partiya sədri həmçinin vəsaitin azlığından narazılıq edib: "Təbii ki, vəsaitin məbləği yetərli deyil. Burada Yeni Azərbaycan Partiyasının maraqları nəzərdə tutulub, çünki ən çox vəsait onlara ayrılıb. Geniş imkanlara sahib olması, rayon qərargahlarının olmasına baxmayaraq, bu qərar onlar üçün daha geniş imkanlar yaradacaq. Eyni zamanda, bu qərar digər partiyalar üçün də müsbət tendensiyanın əsasını qoydu. Ümid edirəm ki, bu məbləğ gələcəkdə daha da artırılacaq".
"Vəsait ilk növbədə partiya aparatının qurulması istiqamətində xərclənəcək. Digər tərəfdən isə rayon təşkilatlarının inkişafına vəsait ayıracağıq. Bununla yanaşı, beynəlxalq tədbirlərin keçirilməsinə də ayrılan puldan istifadə etmək niyyətindəyik",- deyə Fazil Mustafa fikirlərinə əlavə edib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli də mövcud qərarla bağlı öz münasibətini bildirib. Onun sözlərinə görə, vəsaitin çox olması siyasi partiyaların formalaşması üçün çox əhəmiyyətlidir: "Çünki ayrı-ayrı strukturların inkişafına maliyyə dəstəyi mütləq lazımdır. Təbii ki, bu ilk addım idi. Başlanğıc üçün pis göstərici deyil. Bu ənənənin Azərbaycanda tətbiq olunması tək bu gün deyil, gələcəkdə də çoxpartiyalı sistemin inkişafına öz töhfəsini verəcək. Bu baxımdan da başlanğıc üçün müsbət addımdır".
E. Mirzəbəyli eyni zamanda qeyd edib ki, bu vəsait partiyaların müəyyən texniki problemlərinin həllinə yardım göstərmiş olacaq: "BAXCP-nin təşkilatlanması istiqamətində vəsaitdən istifadə olunacaq. İnanıram ki, gələcəkdə siyasi partiyaların inkişafına uyğun olaraq maliyyə vəsaitləri daha da artırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB