“Əkrəm Əylisli Azərbaycan xalqının keçmişinə daş atdı"

Bahar Muradova: "Bu günü və gələcəyi onu topa tutacaq”
“Əkrəm Əylisli Azərbaycan xalqının keçmişinə daş atdı"

Milli Məclisin sədr müavini Bahar Muradovanın Səs TV-yə müsahibəsi:

- Azərbayacan "Dağlıq Qarabağ" münaqişəsinin həlli istiqamətində 20 ildən çoxdur danışıqlar aparır. Əkrəm Əylislinin "Daş yuxular" əsəri Ermənistan-Azərbaycan münasibətlərinə necə təsir edəcək? Ermənilərin növbəti illərdə bizə qarşı istifadə edəcəyi bir vasitəyə çevriləcəkmi?

- Əkrəm Əylislinin "Daş yuxular" əsəri Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük zərbədir. Bu əsər gələcəkdə də münaqişənin həllində müəyyən problemlər yaradacaq. Əsərin meydana çıxması ilə biz, ermənilərin əleyhimizə daim düşmən siyasət yeridən rəsmi dairələrinə, onların "tarixçilərinə" tarixi faktları təhrif etməklə erməni xalqına, dövlətçiliyinə tarix yaradanlara əlavə bir imkanlar vermiş oluruq. Ə.Əylislinin erməni sevgisini bir kənara qoyuram. Ola bilər ki, onun düşüncəsində sevgi, məhəbbət bəsləməli yeganə xalq ermənilərdir. Bu onun subyektiv seçimidir. Amma Ə.Əylislinin özünün mənsub olduğu Azərbaycan xalqına qarşı, onu aşağılayan, təhqir edən, keçmişinə, bu gününə və gələcəyinə kölgə sala biləcək hansısa fikirləri qələmə alması böyük bir nöqsandır. Bir qədər də dərin düşünsək xalqa qarşı cinayətdir. Xalqın mənafeyinə, dövlətçiliyimizə xəyanətdir. Bu mövqedə olan əksər Azərbaycan vətəndaşları bizim ümumi fikrimizi ifadə ediblər.

- Xalqın qınağına çevrilmiş Əkrəm Əylisli və onun "Daş yuxular" romanına qarşı xalqın haqlı qınağını nəzərə alan Prezident İlham Əliyev bu şəxsi xalq yazıçısı və fərdi təqaüdündən məhrum etməsinə münasibətiniz?

- Azərbaycan dövlətini onun prezidenti təmsil edir. Dövlət adından sərəncamlar, fərmanlar, təltiflərlə bağlı qərarları o qəbul edir. Əgər indiyə kimi Ə.Əylislinin Azərbyacan ədəbiyyatında, ictimai-fikir tarixində atdığı addımlara, yazdığı əsərlərə görə, bu mükafatlar verilmişdisə onun atdığı səhv addımlara görə bu mükafatlar da geri alındı. Nəticə kimi 75 yaşında atdığı səhv addımına görə, prezident İlham Əliyevin ona verilmiş xalq yazıçısı adının geri alınması haqqında sərəncam vermək haqqıdır.

- Bu gün bir sıra qüvvələr Əkrəm Əylislini müdafiə etməyə çalışır. Bu müdafiənin araxsında öz əməllərini pərdələmək missiyası dayanmırmı?

- Ə.Əylislini söz, fikir və yaradıcılıq azadlığı adına müdafiə edən şəxslər bunu yalnız özlərinin fəaliyyətini pərdələmək üçün və yalnız iqtidara, onun yürütdüyü siyasətə olan mənfi münasibətlərində əlavə bir rıçaq kimi istifadə etmək üçün istifadə edirlər. Hesab edirəm ki, bütün qanun, ədəb və etika çərçivəsində Ə.Əylislinin bu addımına qarşı çıxan hər bir kəsin fikrini də ifadə azadlığı nümunəsi kimi qəbul etmək olar. Bu gün Ə.Əylislinin Azərbaycan xalqının maraqlarına zidd əsərini ifadə və yaradıcılıq azadlığının məhsulu kimi qəbul etməli olduğumuzu söyləyənlər Azərbaycan vətəndaşının bu əsər haqqındakı fikirlərini də qəbul etməlidirlər. Hesab edirəm ki, onu müdafiəyə qalxmış, eyni zamanda öz maraqlarını, məqsədlərini müdafiəyə qalxmış cılız insanların fikirləri Ə.Əylislinin fikirləri kimi "Daş yuxular"ın səhifələri arasında qalacaqdır. Azərbaycanda yatıb ermənilər üçün yuxu görənlər erməni siyasətinə, erməni məntiqinə, onların Azərbaycana qarşı təcavüzkar siyasətinə xidmət edən hər hansı bir addım mütləq Azərbaycan xalqının qınağı və nifrəti ilə qarşılanacaq. Bunu hər bir kəs özü üçün müəyyən etməlidir. Hesab edirəm ki, "bu prosesi dayandırın" deyənlər yalnız diqqəti bundan yayındırmaq və tamamilə başqa bir səmtə yönəltmək niyyətindədirlər. Guya ki, "müdafiələri" ilə söz azadlığını müdafiə etdiklərini bəyan edənlər Azərbaycan xalqının təhqir olunmuş, aşağılanmış qürurunu və bunun qorunmasını özləri üçün vəzifə hesab etmirlər. Konkret olaraq bu insanların fikirləri ictimaiyyət üçün heç bir əhəmiyyət kəsb etmir.

- Əkrəm Əylislini müdafiə edən bəzi qüvvələr onun bu əsərini sovet təfəkkürü ilə yazdığını və hələdə "qardaşlıq", "xalqlar dostluğu" ideologiyası ilə yaşadığını bildirirlər. Bu insanların belə düşünməsini Azərbaycanın bu günki inkişafını gözü götürməməsi və hər vəchlə buna mane olmağa çalışmaları kimi xarakterize etmək olarmı?
- Dağlıq Qarabağ problemi fəal şəkildə ötən əsrin sonlarında ortaya çıxanda da Azərbayacan SSRİ-nin tərəkibində idi. Onda deyə bilərik ki, ermənilər də eyni təfəkkürlə bu hadisələri başladıb. Bunun üçün onları günahlandırmağa ehtiyac yoxdur. Onda bu fikri də söyləmək olar. Münaqişənin alovlanması Zori Balayanın "Ocaq" kitabından başladı. Əgər bir problem bir yazıçının əsərindən qığılcım alaraq başlayırsa, bu mövzuda yazılan və düşmən təcavüzünə haqq qazandıran bir əsəri nə üçün gözdən kənarda qoymalıyıq? Onu əhəmiyyətsiz bir yaradıcılıq təxəyyülünün məhsulu kimi qəbul etməklə nəyi əldə etmiş oluruq? Bununla əsl simamızımı pərdələmək istəyirik? Bu sözləri söyləyərkən bu fikirləri deyənləri nəzərdə tuturam. Öz simalarını, mənsub olduqları xalqa münasibətini, nəyin bahasına olur olsun Azərbaycanda istədikləri mövqeyə gəlmək üçün hər vasitədən istifadə etməyi düşünənləri nəzərdə tuturam. Bütövlükdə hər hansı bir xalqın ittiham olunmasının əleyhinəyəm. Həmin xalqın nümayəndələridir öz övladlarını Qarabağda hərbi xidmətə göndərən, həmin xalqın nümyəndələridir ki, özgə torpaqlarını işğal edən övlad böyüdürlər. Həmin xalqın nümayəndələridir ki, Xocalıda baş verən hadisələr zamanı biri də səsini çıxarmadı ki, bu haqq ədalətə, insanlığa ziddir. Bəşəriyyətə qarşı cinayətdir. Bu gün özünü əsl demokratik düşüncə sahibi kimi göstərəmək istəyənlər bütün bunların hamısını göz önünə almaldırlar. Onların fikirlərinin arqumentləri yoxdur. Artıq Ə.Əylisli öz səhvlərini anlasa belə atılan daşı geri qaytarmaq mümükn deyil. Ə.Əylisli Azərbayacn xalqının keçmişinə daş atdı, bu günü və gələcəyi onu topa tutacaq.

- Rusiya Dövlət Dumasının spikeri Sergey Narişkin belə bir bəyanatla çıxış edib ki, yaxın gələcəkdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansı bir irəliləyişə nail olmaq mümkün deyil. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiya rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi münaqişənin həllinə necə təsir göstərə bilər?

- Zaman zaman ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanı münaqişənin həllində fəal münasibətinin şahidi oluruq. Bəzi hallarda isə prosesə mənfi təsir göstərən hərəkətlərinidə müşahidə edirik. Bu dəfəki çıxış da ümidləri dəfn edəcək bir məqsədə yönəlib ki, bu məsələnin həlli hələ uzun müddət mümkün olmayacaq. Əgər ATƏT-in həmsədr ölkələrindən birinin yüksək vəzifəli rəsmisi bu fikirləri deyirsə onun öz səlahiyyətlərinə və missiyasına necə yanaşmasının göstəricisidir. Dünyanın müxtəlif bölgələrində bu gün konfiliktli stiuasiyalar var. Müxtəlif ölkələrdə bu və buna bənzər proseslər gedir. Amma bu əsas vermir ki, bu prosesləri durdura biləcək ölkələr bu prosesləri yalnız təsvir etməklə kifayətlənsinlər və ya onun nə dərəcədə çətin və qəliz olması barədə fikirlər səsləndirsinlər. Çünki Azərbaycan və dünya ictimaiyyətinin bu qrumlardan və onların rəsmilərindən gözlədikləri vəziyyətin çətinliyini ifadə edən fikirlər deyil. Onsuz ki, vəziyyətin çətin olduğunu hamı bilir. Əsas odur ki, bu çətin durumdan çıxmaq üçün hansı mexanizimlər işə düşə bilər? Bu prosesdə əsas tormoz rolunu oynaya tərəf olan Ermənistana hansı təzyiqlər və təsirlər göstərilə bilər ki, bu durumdan çıxmaq mümkün olsun. Hesab edirəm ki, Rusiya və digər həmsədr ölkələr öz imkanlarına uyğun addımlar atmırlar. Ya onlar bu addımları atmaq istəmirlər, ya da başqa bir maraqları var. Azərbaycan ATƏT-in bütövlükdə fəaliyyətini tənqid etməklə yanaşı, həmsədr olan ölkələrin imkanlarını da dəyərləndirməlidir. Onlar vahid bir cəbhədə birləşərək addım atacaqlarsa münaqişənin həllinə təsir göstərə bilərlər.

- Ermənistanda prezidentliyə namizəd Paruyr Hayrikyanın sui-qəsdə uğraması və Ermənistan prezidenti Serj Sarkisyanın seçki qabağı "Hər il aprelin 24-də ABŞ prezidenti Barak Obamanın "Böyük fəlakət" sözünü deməsi kifayət edər" bəyanatını verməsi seçkilərə necə təsiri göstərəcək?

- Ermənistan kifayət qədər gərgin və ziddiyyətli bir dövrə qədəm qoyub. Bunu həm seçki kampaniyasında iştirak edən namizədlərə, həm də, onlar arasında seçim etmək vəzifəsini daşıyan seçicilərə aid etmək olar. Bir qayda olaraq Ermənistanda seçkilər zamanı qarışıqlıq və cinayət hadisələrinin baş verdiyi sirr deyil. Ümumiyyətlə, Ermənistandakı seçkilərdə "yadda qalan" hadisələr baş verir. Bu seçkilərdə istisna deyil. Seçki kampaniyasının gedişində namizəd Paruyr Hayrikyana qarşı sui-qəsd olundu. Bunun özü Ermənistandakı durumu çox açıq şəkildə ortaya qoyur. Bundan əlavə bu cinayətə dünyanın göz yumması onların hadisələrə ikili standartlardan yanaşmasını sübut edir. S.Sarkisyanın verdiyi bəyanata gəlincə isə bu onların bu sözdən artığına nail ola bilməyəcəyini göstərir. Qəribə bir haldır ki, istər Ermənistanda, istərsə də ABŞ-da prezidentliyə namizədlərin seçki kampaniyasında "erməni soyqırımı" məsələsinə münasibət həlledici amil kimi onların qarşısında durur. Ancaq ABŞ-da seçkilər zamanı namizədlər bunun tanıdılması zamanı öhdəliklər götürürlər. Ancaq prezident seçildikdən sonra ABŞ-ın dövlət maraqlarını nəzərə alaraq atacaqları addımın gəlir və çıxarlarını nəzərə almalı olurlar. Buna görə də Ermənistan tərəfi "böyük fəlakət" sözü ilə kifayətlənməli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə