YAP GB “Daş Yuxular”ı müzakirə etdi YENİLƏNİB

YAP GB “Daş Yuxular”ı müzakirə etdi YENİLƏNİB

Bu gün YAP GB-nin bir qrup üzvü Azərbaycan xalqını təhqir etmiş, tarixinə nifaq salmış Əkrəm Əylislinin "Daş yuxular" əsərin müzakirəsinə toplaşıblar. SİA-nın verdiyi xəbərə görə, müzakirəyə YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri Musa Quliyev və Nizami Cəfərov, yazıçı-dramaturq Elçin Hüseyinbəyli və gənc fəallar iştirak ediblər.

Tədbirdə çıxış edən YAP GB sədri Seymur Orucov bildirib ki, Azərbaycan gəncliyi hər zaman olduğu kimi bu dəfə Azərbaycan əleyhinə yazılmış əsərə öz mənfi münasibətini bildirir: "Əkrəm Əylisli çoxlarının gözündə yaxşı yazıçı və insan kimi tanınmışdı. Lakin bir insan nə qədər qabiliyyətli və bacarıqlı olub ki, 80 illik bir zaman kəsiyində belə bir maskanın altında gizlənib. Onun yazdığı bu əsər ermənilərin Azərbaycan haqqında yazdığı bütün əsərlərdən daha güclüdür. Azərbaycan xalqını bu qədər aşağılayan ikinci bir erməni olmamışdır. Xalqın ictimai qınağını nəzərə alan cənab prezident İlham Əliyev verdiyi sərəncamla bu insanı "xalq yazıçısı" və fərdi təqaüdündən məhrum edib. Xalqın səsinə səs verdiyi üçün möhtərəm prezidentimizə təşşəkkürümüzü bildiririk.

Daha sonra çıxış edən millət vəkili Nizami Cəfərov bildirib ki, Əkrəm Əylislinin bu əsəri Azərbaycan xalqının etnik və dini heysiyyatına çox ciddi zərbə vurub: "Əsər "Durujba narodov" jurnalında çap olunub. Əsərin sonunda yazılma tarixi 2006-2007 ci illər göstərilib. Yəni bu əsər onun millət vəkilliyi dönəmində yazılıb. Buna görə də bu əsər bizim üçün siyasi məzmunludur. Əgər bu sözləri millət vəkili yazırsa, bu bir yazıçının mövqeyi ola bilməz. O burda siyasi mövqe nümayiş etdirib. Redaksiya tərəfindən belə bir ön söz verilib ki, Ə.Əylisli guya Azərbaycanlılarla erməniləri birləşdirmək üçün bir jest edib. Guya bu jesti ilə erməni tərəfə bir mesaj göndərir ki, sizlərdə belə əsərlər yazmaqla etdiklərinizi etiraf edəsiniz. Bu tip yazılara ədəbiyyatımızda rast gəlinir. Ancaq həmin yazıçıların xalqı ən kəskin şəkildə tənqidində belə xalqa bağlılıq, məhəbbət var. Ancaq Ə.Əylislinin bu əsərində daxili bir nifrət var".

Çıxış edən millət vəkili Musa Quliyev isə əsərin siyasi motivlərindən danışıb: "Əsər roman janırında yazılıb. Ancaq əsərdə roman parametrlərinə uyğunluq çox azdır. Daha çox publisistikaya yaxındır ki, bu da onun siyasi məqsədlərə xidmət etdiyini göstərir. Bu siyasi məqsəd ondan ibarətdir ki, ermənilərin 1828-ci ildən bəri mərhələ mərhələ həyata keçirmək istədikləri bir məqsədə xidmət edir. Bu "dənizdən dənizə böyük Ermənistan" xülyasıdır. O, Əylisin kiçik modelində Azərbaycanı nəzərdə tutub. O əsərdə göstərmək istəyib ki, guya allahın ən çox sevdiyi yer Ermənistandır. Həmçinin ən çox sevdiyi bəndələrdə ermənilərdir. Onları o qədər çox sevib ki, burda 12 kilsə birdən birə yaradıb. Bütün bunlar əsərdə qeyd olunur. Bunları nəzərə alaraq demək olar ki, əsər daha çox siyasi mahiyyət daşıyır".

Daha sonra çıxış edən yazıçı-dramaturq Elçin Hüseyinbəyli isə bildirib ki, Ə.Əylisli özü qeyd edir ki, əsər ədəbi baxımdan çox zəifdir: "Əsərdə əsaslandırma yəni motivləşdirmə yoxdur. Əsərdə ermənistanlı azərbaycanlıların "yeraz" adı ilə çağrılması düzgün deyil. Bədii ədəbiyyatda müsbət erməni obrazı vermək olar. Ancaq azərbaycanlı müəllifin ermənilərin müsbət obrazını yaratması doğru deyil. Çünki əsərdə iki millət qarşı qarşıya qoyulub. Ermənilər çox vaxt öz həqiqətlərini yalan üzərində qururlar. Romanda ancaq bitərəf mövqe üstün tutulur. Bu əsər vasitəsilə Ə.Əylisli daxilində gəzdirdiyi erməni xislətini nümayiş etdirmiş oldu. Özü qeyd etdiyi kim onun məqsədi tarixi roman yazmaq olmayıb. Onun məqsədi "məzlum", "zəhmətkeş", "ağıllı" erməni xalqını tərənnüm etmək olub. Onun fikrinə görə Azərbaycanlılar gəlmədir. Bu insan bütövlükdə Azərbaycanın ermənilərin olduğunu bildirir".

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə