Hikmət Babaoğlu: “Onun xalq yazıçısı adını, "İstiqlal" ordenini daşımağa mənəvi haqqı yoxdur” MÜSAHİBƏ

Hikmət Babaoğlu: “Onun xalq yazıçısı adını, "İstiqlal" ordenini daşımağa mənəvi haqqı yoxdur” MÜSAHİBƏ

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun Səs TV-yə müsahibəsi

- Hikmət müəllim, son günlər yazıçı Əkrəm Əylisli və onun yazdığı, Azərbaycan xalqının təhqir olunduğu "Daş yuxular" əsəri ölkə gündəminin əsas mövzularından birinə çevrilib. O, demək olar ki, ictimaiyyətin böyük əksəriyyətinin qəzəbinə, qınağına çevrilib. Xalq yazıçısı kimi yüksək ada, ali dövlət mükafatlarına layiq görülən bir insanı bu addımı atmağa sizcə, nə vadar edib?

- Heç şübhəsiz ki, hər bir millətin ədəbiyyatı ictimai əhəmiyyətli olduğu üçün onun məsuliyyəti də ictimai əhəmiyyətlidir. Ona görə də belə məsələlərdə hər bir vətəndaşın nə qədər vətəndaşlıq məsuliyyəti varsa, bir o qədər də ictimai məsuliyyəti olmalıdır. Çox təəssüf ki, "Daş yuxular" əsərinin müəllifi Əkrəm Əylisli ilk növbədə Azərbaycan ictimai şüurunu tənqid, Azərbaycan ictimai rəyini təhqir edib. Azərbaycan xalqının tarixinə böhtan atıb. Öz xalqının tarixinə istər ədəbi vasitələrlə, istərsə birbaşa vasitələrlə, istər ictimai-siyasi vasitələrlə böhtan atan bir kəs o xalqın yazıçısı ola bilməz, o xalqın övladı sayıla bilməz. Hər bir xalqın övladı olmaq üçün ilk növbədə ona layiq olmaq lazımdır, o mənəvi yükü daşımaq lazımdır, o xalqın övladı olduğunu isbat etmək lazımdır. Təəssüf ki, Əkrəm Əylisli "Daş yuxular" əsərində, daha doğrusu cızma-qarasında siyasiləşmiş, eybəcərləşmiş publisistik yazısında əsrlər boyu formalaşan, yuxarıda sadalanan qənaətlərin hamısına tüpürüb. Mən bunu başqa kəlmə ilə ifadə edə bilmirəm. Ona görə də hesab edirəm ki, yazıçı ilk növbədə hər hansı bir ədəbi məhsulu yaradarkən dediyimiz dəyərlər haqqında düşünməlidir.

Ədəbiyyat, ədəbiyyata münasibət həmişə yaradıcı bir xalq kimi Azərbaycan xalqının diqqət mərkəzində olub. Bu günə qədər Azərbaycan ədəbiyyatı tarixində bu cür eybəcərcəsinə Azərbaycan xalqının mənəvi dəyərlərini, ictimai-siyasi münasibətlərini eybəcərləşdirən ikinci yazıçı olmamışdır. Əsərdə müxtəlif obrazlar yaradılır və onların dili ilə guya ki, tarixdə baş verən proseslərə, eyni zamanda Azərbaycanın müstəqilliyini əldə etməsi ərəfəsində olduğu bir dövrdə olan hadisələrə münasibət bildirilir. Əsər o qədər tək tərəfli, birtərəfli mövqedən, düşmən mövqedən yazılıb ki, hətta onu oxuyan düşmənin özündə belə ikrah yaradır. Çünki istər Saday Sadığlı obrazı, Haykanuş obrazı, istər digər obrazlar əslində Əkrəm Əylislinin arzu etdiyi o məqsədə xidmət etmir. Hər hansı az-çox dünyagörüşü olan şəxs heç bir halda heç bir cəmiyyətdə hadisələr bu qədər birtərəfli ola bilməz. Əgər bir hadisə vardırsa, onu törədən səbəb də var. Əgər bir səbəb vardırsa, o da başqa bir səbəbdən törədilib. Beləliklə, hər hansı bir ədəbi əsərdə balans yoxdursa, o obyektiv ədəbi məhsul sayıla bilməz. Ona görə də hesab edirəm ki, öz ağalarının da sifarişini o qədərə də uğurla yerinə yetirə bilməyib. Bu kitabı əlinə alan hər bir oxucu görəcək ki, burada konkret məqsəd var. Hadisələr siyasiləşdirilib. Burada mənəviyyatsız olan tərəf oradakı obrazlar deyil, onları yaradandır. Çünki bu obrazlar gerçək həyatı əks etdirmir.

- Əsər 5-6 il bundan öncə yazılsa da, bu gün onun gündəmə gətirilməsinin arxasında hansı məqsədlər dayanır?

- Bu sualı müəllifdən soruşmaq lazımdır. Əkrəm Əylisli məsələyə münasibət bildirərkən qeyd edib ki, son dövrlərdə əsərin üzərində müəyyən dəyişikliklər etməklə çap etdirib. Mən Əkrəm Əylislini hələ sovet dövründən bəri yazıçı hesab etməmişəm. Əkrəm Əylisli hələ o dövrdə müəyyən mərkəzlərin layihəsi idi. Bu layihə müəyyən məqsədləri həyata keçirmək üçün yaradılmışıdır. Onun sürüşkən mənəviyyatı, qeyri-müəyyən ədəbi əhval-ruhiyyəsi kimi keyfiyyətləri nəzərə alınaraq ondan müəyyən məqsədlər üçün istifadə olunub. Mən xatırlayıram ki, ötən əsrin 80-ci illərinin sonlarında, 90-cı illərin əvvəllərində Azərbaycanda xalq azadlıq hərəkatı baş verən zaman Əkrəm Əylisli yenə bu gün etdiyi xəyanəti elə o vaxt da etmişdi. Hələ sovet dönəmində etdiyi xəyanətlərdən də danışmaq olar. Pribaltika ölkələrinin birində çıxan qəzetlərin birinə müsahibəsində demişdi ki, ermənilər Azərbaycandan, Bakıdan getdilər ölkədə ziyalı mühit qalmadı. Mən Azərbaycanda boğuluram. Çünki orada mədəni, ziyalı mühit yoxdur.

Milli əhval-ruhiyyənin, vətənpərvərliyin kuliminasiya nöqtəsinə çatdığı bir dövrdə, 90-cı illərin əvvəllərində, 200 illik əsarətdən sonra bir xalq müstəqilliyini qazanır. Belə bir dövrdə sənin milli hisslərin coşmursa, oyanmırsa və həmin dövrdə sən millətinə xəyanət edirsənsə, milli icmanın, cəmiyyətin keyfiyyətini bu cür qiymətləndirirsənsə deməli səndə milli hiss yoxdur. Milli hissi olmayan bir insanın o xalqın yazıçısı adını, İstiqlal ordenini daşımağa mənəvi haqqı yoxdur.

- Sadaladığınız o adlar geri alına bilərmi və yaxud geri alınmalıdır?

- Burada mənəviyyat məsələsi ortaya çıxır. Azərbaycan cəmiyyətinin Əkrəm Əylislinin yazdığı böhtan xarakterli cızma-qaraya münasibəti bəllidir. Bu münasibət Azərbaycanın ayrı-ayrı fərdlərinin, sosial təbəqələrinin münasibəti deyil, bütövlükdə Azərbaycan xalqının münasibətidir. Vicdanı olan şəxs bu adlardan imtina etməlidir. Üzr istəyib deməlidir ki, Azərbaycan xalqı məni bağışla. Mən sənin övladın ola bilmədim, mən sənin xalq yazıçın adını, bu şərəfi çiynimdə daşıya bilmədim. Ona görə də özü bu adlardan könüllü şəkildə imtina etməlidir. Hansı xalqa xidmət edirsə, getsin o xalqın da yazıçısı olsun.

Bütün xəbərlər Facebook səhifəmizdə