Osman Gündüz: "Azərbaycan kosmik ölkələr sırasına daxil olur"

Fövqəladə hal baş verərsə və Azərbaycanda internet kəsilərsə onda peykin internetindən az da olsa müəyyən xüsusi obyektlərin fəaliyyəti üçün istifadə etmək olar
Osman Gündüz: "Azərbaycan kosmik ölkələr sırasına daxil olur"

"Dünyada bir neçə ölkənin orbitdə özünə məxsus peyki var və bu həmin ölkənin imicini möhkəmləndirən faktordur. Azərbaycanın peykinin orbitə çıxması ölkənin məhdud sayda olan kosmik ölkələr sırasına daxil olmasının və kosmik resursların bölüşdürülməsində iştirak etməsinin göstəricisidir. Həmçinin bu hadisə iqtisadi, sosial və beynəlxalq sferada müsbət istiqamətlərin inkişafında özünü biruzə verəcək". Bunu SİA-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, Azərbaycan peykinin orbitə çıxması ölkənin telekommunikasiya sektorunun güclənməsinə, bölgələrdə telekommunikasiya sisteminin qurulmasına yardım edəcək: "Bu da Azərbaycanda müəyyən innovativ layihələrin canlanmasına, yeni innovasiyaların ölkə daxilində inkişaf etməsinə və yeni investisiyaların qoyuluşuna təsir göstərəcək".

Forumun prezidenti qeyd edib ki, layihədə xüsusi diqqət tələb edən məqamlar var: "Hər bir peykdə olduğu kimi bu peykin də fəaliyyət müddəti 15 ildir. Bu isə layihənin qısa müddətli olduğunu göstərir. Deməli layihəyə qoyulan 230 milyon vəsait 15 ilə əldə olunmalıdır. Peykin 20 % resursu ilə Azərbaycan öz təlabatını ödəyəcək. Qalan 80 % resurs isə müqavilə əsasında icarəyə verilməlidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərkosmos resursların sərfəli qiymətlərlə icarəyə verilməsi üçün axtarışlar aparmalı, ciddi tədbirlər görməlidir". O.Gündüzün sözlərinə görə, hazırda peykin 40% resursunun Malaziyaya icarəyə verilməsi üçün danışıqlar aparılır. Müqvilənin baş tutması isə təkliflərdən asılıdır: "Peyk telekommunikasiya siqnalları Şərqi Avropaya, Şimali Afrikaya, Mərkəzi və Orta Asiyaya, MDB ölkələrinə, Cənub-Şərqi Asiyaya icarəyə verilə bilər. Təbii ki, hazırda təkliflər dəyərləndirilir".

Rəsmi bildirib ki, peykin internet tutumu böyük olmadığından internet televiziyalarının peyk vasitəsilə yayımlanması baş tutmayacaq: "Peyk yalnız telekomminikasiya xidmətlərinin ötürülməsinə xidmət edəcək. Lakin hansısa bir fövqəladə hal baş verərsə və Azərbaycanda internet kəsilərsə onda peykin internetindən az da olsa müəyyən xüsusi obyektlərin fəaliyyəti üçün istifadə etmək olar. Lakin peyk vasitəsilə bütövlükdə ölkənin internetlə təmin olunması mümkün deyil. Çünki, peykin verdiyi internet hazırda Azərbaycanın istifadə etdiyi internetin həcmindən dəfələrlə azdır".

Bütün xəbərlər Facebook səhifəmizdə