"Müxalifət İlham Əliyevin liderliyindən qorxuya düşüb"

"Müxalifət İlham Əliyevin liderliyindən qorxuya düşüb"

Mübariz Qurbanlı prezident seçiklərində YAP-ın sədri İlham Əliyevin namizədliyindən danışıb

Hakim Yeni Azərbaycan Partiyası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dövlət başçısı İlham Əliyevi prezidentliyə namizəd irəli sürməsinə münasibət bildirib. YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı açıqlamasında deyib ki, konfederasiya ictimai qurum olaraq prezidentliyə namizəd irəli sürə bilər: "Bu, qurumun haqqıdır. YAP olaraq bu seçimi alqışlayırıq. Biz də ittifaqın üzvüyük, hər birimizin istəyi burada öz əksini tapıb. Ötən seçkidə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cənab İlham Əliyevin namizədliyini müdafiə etmişdi. Bu, normal haldır. Hər şey qanun çərçivəsində həyata keçirilib. Bəzi mətbuat orqanları yazır ki, həmkarlar ittifaqı Yeni Azərbaycan Partiyasını qabaqladı. Görünür, bunu yazanların Seçki Məcəlləsi, seçki prosedurası, qaydaları haqqında məlumatları yoxdur. Azərbaycanda prezidentliyə namizəd irəli sürən təşkilatın sənədləri rəsmi qaydada Mərkəzi Seçki Komissiyasına təqdim edilir. 2008-ci ildə də bəzi ictimai-siyasi qurumlar İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürmüşdü. Amma YAP-ın qurultayında İlham Əliyevin iştirakı ilə namizədliyi partiya tərəfindən rəsmən irəli sürüldü. Mərkəzi Seçki Komissiyasına rəsmi şəkildə Yeni Azərbaycan Partiyası adından sənədlər təqdim edildi. İlham Əliyevin namizədliyini bir sıra ictimai-siyasi təşkilatlar irəli sürsə də o, Yeni Azərbaycan Partiyasının rəsmi namizədi kimi qeydiyyata alındı, səlahiyyətli nümayəndələri də Yeni Azərbaycan Partiyasından təyin edildi".

YAP-ın dövlət başçısı İlham Əliyevin namizədliyini nə vaxt rəsmiləşdirəcəyinə gəlincə, Mübariz Qurbanlı bildirib ki, bunun üçün seçki kampaniyası başlamalıdır: "Yeni Azərbaycan Partiyası dəfələrlə bildirib ki, partiyanın namizədi cənab İlham Əliyevdir. Amma müxalifətdə olan dairələr ya özlərinə təsəlli vermək istəyirlər, ya da İlham Əliyevin şəxsiyyətindən, liderliyindən qorxuya düşüblər, özlərini inandırmaq istəyirlər ki, bəlkə İlham Əliyev seçkidə iştirak etmədi. Çünki cənab İlham Əliyevin namizəd olduğu seçkidə başqa heç kimin heç bir şansı yoxdur. Dövlət başçısı İlham Əliyevin yenidən prezidentliyə namizəd olacağı aksiomdur. Müxtəlif uydurmalar əsasında analitik yazılar yazılır. Bəzən belə bəsit düşüncə sahiblərinə, bu cür təhlil aparanlara yazığım gəlir. Namizədlərin irəli sürülməsi və qeydiyyata alınması müddəti var. Bu müddət çatanda qurultay keçirib namizədimizi rəsmən irəli sürəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə