Əkrəm Əylislinin kitabları yığışdırılır? AÇIQLAMA

Əkrəm Əylislinin kitabları yığışdırılır? AÇIQLAMA

Sumqayıt şəhərində fəaliyyət göstərən orta məktəblərin kitabxanalarından xalq yazıçısı Əkrəm Əylislinin müəllifi olduğu bütün kitablar yığışdırılır. Bu barədə SİA-ya "xeberle.com" portalının baş redaktoru Ramil Zeynallı məlumat verib. Onun sözlərinə görə, göstərişin Sumqayıt şəhər Təhsil şöbəsindən verildiyi deyilir. Belə ki, məktəblərdə çalışan kitabxanaçılara Sumqayıt şəhər təhsil şöbəsinin inspektorlarından biri zəng vurub və onların iştirakı ilə Sumqayıt şəhər 16 saylı orta məktəbin akt zalında fevralın 2-də bununla bağlı iclas keçirilib. İclasda Əkrəm Əylislinin bütün kitablarının kitabxanalardan yığışdırılması tapşırılıb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Təhsil Şöbəsi ilə əlaqə saxlanılıb. Təhsil şöbəsinin müdiri Mahal Əliyev Əkrəm Əylislinin əsərlərinin məktəb kitabxanlarında yığışdırlması ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirdi: "İctimaiyyətdə, Milli Məclisdə bununla bağlı müzakirələr gedir. Hərə öz mövqeyini bildirir. Amma bizə bununla bağlı hər hansı bir əmr və ya tapşırıq verilməyib. Hansı qərar qəbul edilsə, həyata keçirəcəyik".

Təhsil şöbəsinin müdiri onu da qeyd edib ki, şagirdləri hansısa bir ədəbiyyatdan məhrum etmək olmaz: "Elə şagirdlər var ki, Əkrəm Əylislinin kitablarını oxuyurlar. Biz onları bu hüquqdan məhrum edə bilmərik".

Xatırladaq ki, xalq yazıçısı Əkrəm Əylislinin "Daş yuxular" romanında erməni xalqının yüksəldildiyi, Azərbaycan xalqının isə aşağılandığı deyilir. Hətta bəziləri daha da irəli gedərək söyləyirlər ki, o, Azərbaycan və Türkiyəni ermənilərə qarşı soyqırımı törətməkdə ittiham edib, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə