Hörmətli redaksiya
Əkrəm Əylislinin "Daş yuxuları"nı elektron variantda oxudum. Roman Zori Balayandan tutmuş müasir erməni müəlliflərinin Azərbaycan xalqını qarşı uydurduqları yalan və böhtanların, təhqirlərin davamıdır. Mən Əkrəm Əylisliyə niyə bunu yazıbsan, demək fikrindən uzağam. Çünki hər bir yazı müəllifin duyğularının, hisslərinin, təxəyyülünün, məhəbbətinin və kininin, arzu və istəklərinin təsviri ilə ortaya çıxır. Əkrəm Əylisli təfəkkürü formalaşandan bəri daxilində topladığı hisslərini və xislətini bu yazısı ilə ortaya qoymuşdur. Odur ki, "Daş yuxular" adlı ədəbi avantüraya qarşı yalnız faktlar əsasında yazdığım kiçik bir yazını təqdim etmək niyyətindəyəm. Bu yazıdakı faktlar artıq çap imzalanmış "Azərbaycan: təqvimdə dörd qara gün" elmi əsərimdə toplanmış İranda, Türkiyədə və Azərbaycanda ermənilərin məzlum azərbaycanlılara qarşı törətdikləri ən dəhşətli bəşəri cinayətləri əks etdirən dəhşətli faktlar əsasında yazılmışdır.
"Azərbaycanın öz müstəqilliyini qorumağa nail olması üçün Nuru paşa və qardaşı Ənvər paşa Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və onun milli ordusunun möhkəmlənməsinə daha böyük diqqət yetirirdilər... Anası Ayişə xanım gənc Ənvərə bağışladığı və altında "Oğlum Ənvər, başladığın işi bitirməmiş dönərsən, südümü halal etmərəm", sözləri yazılmışdı".*
(* Süleymanov M. Nuru paşa, Bakı:Qafqaz Universiteti, 2008, s. 17 və 126.)
(Əsərdən parça)
Azərbaycan Xalq Cümhuriyyəti qardaş Osmanlı dövlətindən hərbi yardım istəyəndə türk ordusunun gənc əsgəri Əhməd Vətənoğlu hərbi təlimləri təzəcə başa vurmuşdu. O, böyük bir həvəslə təlimlərdə iştirak etmişdi. Səbirsizliklə nə vaxt cəbhəyə yollanacağını gözləyirdi. Hərbçilər danışırdılar ki, onların taboru yaxın günlərdə Qafqaza yola düşəcəkdi. Hərbi xidmətdə olmasından qürur duyan sıravi Əhməd Azərbaycanın Osmanlıdan hərbi yardım istəməsi xəbərini böyük bir sevinclə qarşıladı. Bu xəbəri eşidən gündən hər dəfə namaza oturanda Allaha dua edirdi ki, onu da Bakıya göndərsinlər. Bakının kafir tapdağından azad olunmasında iştirak etmək onun üçün hər şeydən müqəddəs idi.
..."Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad etmək üçün döyüşlərə hazırlaşır" xəbəri Əhmədi uşaq kimi sevindirdi. Səbirsizliklə yola düşəcəyi günü gözləyirdi. Gündüzlər başı müxtəlif işlərə qarışdığından vaxtın necə keçdiyini hiss etmirdi. Amma gecələr il qədər uzun gəlirdi ona. Yuxusu ərşə çəkilmişdi elə bil. Çarpayısında uzanıb saatlarla tavandakı çapıqları sayırdı ki, bəlkə gözünə yuxu gedə.
Əhmədin atası bir neçə il Bakının Bibiheybət neft mədənində fəhlə işləmişdi. Hələ uşaq vaxtlarından atasının Bakı haqqında söhbətlərini həvəslə dinləyirdi. Azərbaycanın rəngarəng təbiəti, insanların qonaqpərvərliyi, mavi Xəzərin gözəlliyi və digər eşitdikləri onun daxilində Azərbaycana və burada yaşayan soydaşlarına qarşı tükənməz sevgi yaratmışdı. Elə o vaxtdan da Bakını görmək onun üçün hər şeydən əziz və şirin idi. Bir vaxtlar əmin idi ki, o da böyüyəndə atası kimi Bakıya gedəcək, neft mədənlərində işləyəcək, özünə etibarlı dostlar qazanacaq. Lakin indi vəziyyət dəyişmişdi. Azərbaycana getmək, oranı rahat gəzib-dolaşmaq üçün əvvəlcə Bakını yağılardan xilas etmək lazım idi.
***
Dünya nehrə kimi çalxalanırdı. Bu nəhəng varlığı çalxalayan yer üzünün mütləq hakimi olmaq istəyən dövlətlər, çalxalananlar isə istiqlaliyyətə qovuşmaq arzusunda olan xalqlar idi. Hər yerdən qanlı xəbərlər eşidilirdi. Birinci dünya müharibəsi başa çatsa da, qan tökülməsi hələ də davam edirdi. Bakı da daxil olmaqla Azərbaycanın hər yerində ah-nalə səsləri şahə qalxırdı. Bolşeviklərlə birləşib Bakıda, Gəncədə, Şamaxıda, Naxçıvanda dinc müsəlman-türkləri kütləvi şəkildə qətlə yetirən erməni millətçiləri Arazın o tayında assuriləri də özlərinə qoşaraq şəhər və kəndləri viran qoyurdular. Camaat danışırdı ki, ermənilərin məqsədi assuri və malakanlarla birlikdə Arazın hər iki sahilini müsəlmanlardan təmizləyib bu ərazilərdə özlərinə dövlət yaratmaqdır. Təbriz, Səlmas, Xoy, Urmiya və Makudan hər gün ağır xəbərlər gəlirdi.
Dünyanın siyasi nehrəsində çalxalanan xalqlar arasında ən çox əziyyət çəkən Azərbaycan xalqı idi. Lakin bu millətin digər əzilənlərdən fərqi o idi ki, onu öz övladlarının qanına boyayıb çalxalayırdılar, hara baxırdınsa qan ləkəsi görürdün. 1918-ci ilin martında Azərbaycan xalqının başının üstünü alan qara buludlar daha da tündləşmişdi. May ayında yaranmış Azərbaycan Xalq Cümhuriyyəti ölkədə səfərbərlik elan etmişdi. Gündüz səma boğulur, gecələr isə sayrışan ulduzlar sürətlərini artırırdılar. Sanki Azərbaycan xalqı kimi səmanı da boğurdular. Elə bil ki, ulduzlar da yağı düşməndən yaxa qurtarmaq üçün sürətlə yüyürürdülər. Paytaxtdakı vəziyyət gündən-günə daha da ağırlaşırdı. Vəhşiləşmiş daşnak-bolşevik hərbi birləşmələri Azərbaycanın müsəlman əhalisinə qarşı görünməmiş qəddarlıq göstərirdilər. Daşnaklar azərbaycanlıları kütləvi şəkildə qətlə yetirir, qarət və soyğunçuluğa məruz qoyurdular. Əliyalın azərbaycanlılar öz torpaqlarında dinc yaşamaq üçün yeganə ümidlərini Tanrıya bağlamışdılar. İnanırdılar ki, belə vəziyyətdə yalnız Tanrı onların imdadına çata bilər. Bəli, belə də oldu. Tanrı ona yaxın olan türk ordusunu imdad diləyənlərə köməyə göndərdi. Artıq ordunun xoş sədaları eşidilirdi. Böyük imperiyalar türk əsgərinin çəkmələrindən qopan səsdən vahimələnirdilər. Osmanlı dövlətinin xilaskarlıq missiyası məzlum xalqların pənah yerinə çevrilmişdi.
Siyasilər böyük imperiyaların maraqlarını toqquşduran Azərbaycanın geosiyasi mövqeyinin, Bakı neftinin müqəddəratını gündəmdən çıxarmırdılar. Dünyanın xeyli hissəsini zəbt edən ingilis ordusu Bakını əldə saxlamaq üçün hər şeyə, hətta zəbt etdiyi torpaqların bir qismindən əl çəkməyə, tökdüyü nahaq qanların məsuliyyətindən boyun qaçırmağa və bundan da çox şeyə razı idi. Bir sözlə, Bakını əldən vermək dünyanı vahimədə saxlayan diziaçıq ingilis generalların ağlına da gəlmirdi. Onlar yerli əhalini tamamilə qırmaq bahasına olsa belə, Bakıdan əl çəkmək fikrində deyildilər. Lakin Andranik və Şaumyanın rəhbərlik etdiyi quldur dəstələri o qədər ağır cinayətlər törətmişdilər ki, bu qanlı hadisələr qan tökməkdən usanmayan ingilis generallarını da dəhşətə gətirmişdi. Vəziyyət o həddə çatmışdı ki, general Tomson Andranikə məktub yazaraq tələb etdi ki, təcili olaraq Zəngəzurda qan tökməyi dayandırsın. Andranik isə Zəngəzur əhalisini qılıncdan, süngüdən keçirib Gorusu özünə paytaxt seçmişdi.
Qara qızıl iştahası ilə yaşayan imperiyalar sanki xalqın qanını tökmək yarışında idilər. Bolşevik Rusiyası Bakını itirməyi özü üçün siyasi faciə hesab edirdi. Lenin Bakını tutmaq haqqında xüsusi dekret imzalamışdı. Bolşevik inqilabından dərhal sonra sovet Rusiyası çar imperiyasının uzun illər müstəmləkədə saxladığı əraziləri yenidən bərpa etmək qərarına gəlmişdi. Lenin yazırdı ki, bolşevik inqilabı sadəcə olaraq ağı qırmızı ilə rəngləməklə öz ideologiyasını dünyada yaymaq niyyətindədir. İmperialistlər sanki Azərbaycan xalqını qızıl qana boyamaqla məğlu-biyyətlərinin qisasını almağa çalışırdılar. Bütün bunlar azmış kimi, Qafqazda yaranmış hərbi-siyasi vəziyyət, hərc-mərclik və özbaşınalıq uzun illər qədim Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmaq arzusu ilə yaşayan erməni daşnakları üçün böyük imkanlar yaratmışdı. Onlar azərbaycanlılara qarşı soyqırımı siyasətini gücləndirmək məqsədilə Rusiya bolşeviklərindən istədikləri köməyi alırdılar. Əldən veriləcəyi halda Bakını yandırmaq barədə Leninin göstərişi daşnakları əməllicə həvəsləndirmişdi.
Daşnak-bolşevik hərbi birləşmələri azərbaycanlılara qarşı vəhşiliklər törədir, uşaqları diri-diri basdırır, hamilə qadınları çarmıxa çəkərək, qarınlarını yarıb bətnlərindəki körpələri doğrayır, qulağı, burnu və digər əzaları kəsilən qocalara olmazın işgəncələr verirdilər. Qız-gəlini doğmalarının gözləri qarşısında zorlayırdılar. Bütün bu cinayətləri törədən daşnaklar bilərəkdən onların vəhşiliklərinə şahid olanlardan bir qismini sağ buraxırdılar. Bununla da Azərbaycanda və qonşu dövlətlərdə yaşayan müsəlman-türk əhali arasında erməni xofu, daşnak vahiməsi yaratmaq istəyirdilər. Nə qədər təəssüfləndirici və acınacaqlı olsa da, ermənilər bu yolla istədiklərinə nail ola bilirdilər. Artıq Azərbaycanın müsəlman əhalisi erməni kabusundan can qurtarmaq üçün öz Vətənində didərginə çevrilmişdi.
...Neft iyinə gələnlərin birinci işi günahsız müsəlmanların qanını tökmək olurdu. Kim bilir, bəlkə də azərbaycanlıların axıdılan qanı yataqlardan talan olunan neftdən də çox idi.
***
Əsgər yoldaşları son vaxtlar tez-tez Əhmədi öz-özünə danışan görürdülər. Amma heç kim anlamırdı ki, o, artıq fikrində düşmənlə döyüşə başlayıb. Əhməd çox arzulayırdı ki, türk qanına qənim kəsilən erməni daşnaklarından birini əsir götürə bilsin. O, əsla erməniyə işgəncə vermək, yaxud da onu alçaltmaq fikrində deyildi. Sadəcə olaraq, haramzada düşmənə deməyə sözü var idi. İstəyirdi yaxasından yapışıb soruşsun: "Süfrəsinin artığını yediyin türkdən nə istəyirsən?", "Nədir səni bu qədər müsəlman-türk qanı axıtmağa məcbur edən?", "Nə tez unutdun keçmişini, sənə olunan yaxşılıqları?", "Niyə sənin xəbis xislətin dinc yaşayışımızı pozdu belə?"...
...Nəhayət, türk komandanlığının əmri elan olundu. Qafqaz İslam Ordusu Bakıya doğru irəliləməliydi. Əhmədin sevinci yerə-göyə sığmırdı. Yürüşə hazırlaşdıqları gün sevincini bölüşmək məqsədilə anasına namə yazdı. Namənin sonu belə qurtarırdı: "...Anacığım, sen dünyanın en mutlu kadınısın. Çünki sen asker anasısın. Biz askerler Vatan için savaşır, bu yolda ya şehit, ya da qazi oluruz. Şimdi biz türk milletinin şerefini korumak uğrunda savaş yapmaya hazırlanıyoruz. Azerbaycanda Bakünü işgal etmiş, orada müselmanları katle yetirmiş ermenilerden hesap soracağız. Azerbaycanlı kardeşlerimizi yalnız bırakmayacağız. Anacığım sana söz veriyorum. Bakünü düşmandan kurtaracağız. Bu güzel şehri tekrar azeri kan kardeşlerimizə geri vereceğiz. Sana söz veriyorum. Bakünün kurtarıldığı gün Senin yerine bu toprağı öpeceğim..."
Naməni göndərən günü anasını yuxuda gördü. Çox qəmgin idi. Görünür, gözünün ağı-qarası bircə oğlunun taleyindən nigarandı. Ana-bala xeyli dərdləşdilər yuxuda. Gördü ki, anası onu cəbhəyə yola salır. Ayrılanda anası Əhmədə dedi:
- Oğlum, Baküde öpecegin topraktan bir avuçda bana getir. Onu Anadoludakı şehitlerimizin mezarına sepeceğim. Rahat uyumaları için... Ben biliyorum oğlum, Bakünün ermenilerin eline gecmesi tüm şehitlerimizin ruhlarını rahatsız ediyor.
***
Daşnaklar Bakını qan çəlləyinə döndərmişdilər. Vəhşiləşmiş ermənilər hər yerdə olduğu kimi, şəhərin Qaraşəhər adlanan köhnə yaşayış yerində də camaatı süngüdən keçirirdilər. On-on beş il əvvəl burada məskunlaşmış ermənilər bu cinayətdə xüsusilə canfəşanlıq edirdilər. Sentyabrın 7-də erməni silahlıları Qaraşəhər-də yüzlərlə vəhşiliklər törədib çoxlu ev yandırdılar. Lakin gözlənilmədən hücumların arası kəsildi. Silahlı basqınçıların bir neçə gün gözə dəyməməsi azərbaycanlıları arxayınlaşdırırdı. Lakin bu sakitlik uzun sürmədi. Sentyabrın 14-ü axşamdan az keçmiş erməni quldurları yenidən qətl və qarətlərə başladılar. Bu dəfə qarətə daha çox üstünlük verirdilər. İnsanların əl-qolunu bağlayıb damlara doldurur, sonra isə sahibsiz qalan evləri qarət edirdilər. Soyğunçuluqları azmış kimi, evlərdə əllərinə keçəni dağıdırdılar.
Qaraşəhərin gənc sakinlərindən olan Əhməd də bir həftə əvvəl ermənilərin törətdikləri vəhşiliklərin şahidi olmuş və ermənilərin əlinə keçməsin deyə azyaşlı bacısı Fatmanı çardaqda gizlətmişdi. Onun ata və anasını, qoca nənəsini tövləyə salıb yandırmışdılar. Sentyabrın 14-də yenidən atəş səsləri eşidiləndə təhlükənin daha ciddi olduğunu hiss edən Əhməd bacısını başqa yerdə gizlətmək barədə düşündü. Gecəynən qonşu oğlan Mikayılla birlikdə Fatmanı da özləri ilə götürüb dalanlarda gizlənə-gizlənə zeytunluğa getdilər. Onlar məhəllədən çıxanda silahlı ermənilər müsəlmanları köhnə mazut anbarının qarşısına yığırdılar.
...Səhərə yaxın bağın yuxarı tərəfində hənirti hiss etdilər. Mikayıl "siz gözləyin" - deyib onlardan aralandı. Heç beş dəqiqə keçməmişdi ki, geri qayıtdı. Sən demə, onlardan başqa da zeytunluqda gizlənənlər var imiş. Əsasən körpə qız uşaqlarını gizlətmək istəyən bu adamlar gecəynən dərin olmayan bir neçə quyu qazıb qızları orada gizlətmişdilər. Quyuların ağzını çır-çırpı ilə örtmüşdülər. Əhmədgil birlikdə bağın yuxarısına qayıtdılar. Quyulardan birinin ağzını açıb Fatmanı da oraya salladılar. Doğrudan da, dəhşətli bir mənzərə idi.
Qədim insanlar belə quyular qazıb, ağzını çır-çırpı ilə bağlayaraq mamont ovlayırdılar. Təbiətin ən iri və vahiməli heyvanı olan mamont həmin quyuya düşəndə onun çığırtısından torpaq titrəyərdi. İndi isə bu dəhşətli tələnin içərisində günahsız azərbaycanlı qızlar gizlənirdilər və bu qorxunc yerdə susurdular. Çünki onlar üçün erməni süngüsünə, daşnak vəhşiliyinə rast gəlməkdən qorxulu başqa heç nə yox idi. Ən dəhşətlisi isə daşnak işgəncəsinə, daşnak əxlaqsızlığına, daşnak namussuzluğuna tuş gəlmək idi.
Əhmədgil Fatmanı təzəcə quyuya sallamışdılar ki, güllə, top-mərmi səsi daha da şiddətləndi. Biçarə Fatma valideynlərinin məşəqqətli ölümündən xəbərsiz idi. O, quyunun dibindən qardaşını səslədi:
- Qurban olum, anamı gətir. Qoyma onu ermənilər öldürsünlər.
Əhmədin əlində balta var idi. Mikayıl isə əldədüzəlmə bıçaq götürmüşdü. Onlar bir-birilərinə baxıb şəhər tərəfə üz tutdular.
Erməni Dodo Dadilyan Əhmədgilin qapıbir qonşusu idi. On-on beş il əvvəl Əhmədin babası öz həyətində ona sığınacaq vermiş, neft mədənlərindən birində işə düzəltmişdi. Dodo yaşadıqları alçaq tavanlı çiy kərpicdən bir-birinə yapışıq tikilmiş daxmaları təmizləyir, fəhlələrin süfrəsinin artığı ilə keçinirdi. İki-üç ildən sonra Dodo bu işi bəyənməyib dülgərliyi öyrənmişdi.
Hər dəfə ermənilər qarətə başlayanda Dodo onlara yaxınlaşıb qonşular barədə məlumatlar verirdi. Sentyabrın 14-də də belə oldu. Bu azmış kimi əl-qolu bağlı azərbaycanlıların saxlanıldıqları mazut anbarına yaxınlaşıb qonşusuna səsləndi:
- Ərə, Qasımcan, səsinizi çıxarmayın. Bu eşşək uşağı gedən kimi qapınızı açacağam.
Zavallı müsəlmanlar bu dəfə də hiyləgər erməninin yalanlarına inandılar. Amma bilmədilər ki, Dodo gecəynən anbarın hər tərəfinə neft səpdi. Onsuz da anbarın mazutdan qaralmış taxtaları bir qığılcıma bənd idi.
***
Uşaqlar məhəlləyə çatanda ətrafda silahlı əsgərləri gördülər. Əhmədin ürəyinə damdı ki, xoş xəbər eşidəcək. Addımlarını yeyinlədib Mikayıla dedi:
- Deyəsən, türk qardaşlarımız bizə köməyə gəliblər. Tez gedək.
- Haradan bilirsən, onlardır?
- Görmürsən, papağından tanıyıram.
Əhmədgilin evlərindən aşağıdakı tində üç əsgər dayanmışdı. Onlar düşməndən müdafiə olunmaq məqsədilə daş-kəsəkdən daldalanacaq düzəltmişdilər. Əhmədgil onlara yaxınlaşanda əsgərlərdən biri qışqırdı:
- Ey delikanlı, hayatınızı kayb etmekmi istiyorsunuz?
Əsgər onların dayanmadığını görüb səsini ucaltdı:
- Neden saklanmıyorsunuz?
Əhməd sevincək "gördün, sənə dedim axı, gələn türklərdir" - deyib irəli şığıdı. Elə bu vaxt atəş səsləri eşidildi. Güllə yağış kimi səpələnirdi. Bayaqkı əsgər yenə bağırdı:
- Koçum, size yere yatın demedimmi?
Uşaqlar yerə uzandılar. Bir az sonra onların hər ikisi kürəklərində isti hiss etdilər. Bu türk əsgəri Əhmədin əlləri idi. O, uşaqları xilas etməkdən ötrü bir xeyli sürünmüşdü. Əsgər Əhməd bir-bir çətinliklə onları yaxınlıqdakı tinə çəkib dalda bir yerə qoydu. "Bak, buradan bir yere gitmeyin, tamammı?" - deyib yoldaşlarının yanına qayıtmaq istəyirdi ki, balaca Əhməd dilləndi:
- Əsgər, gedək bizə kömək elə. Orada adamları anbara doldurublar.
Əsgər titrək bir səslə dilləndi:
- Kendinmi gördün?
- Bəli. İkimiz də gördük. Biz axşam çöldə qalmışıq. Bacımı aparıb gizlətdik ki, ermənilərin əlinə keçməsin.
Əsgər bu sözləri eşidəndə əsəblə dişlərini qıcadı:
- Hadi gedəlim. Senin adın ne?
- Əhməd.
- Gerçekdenmi? Benim de ismim Ahmet. Demek, biz adaşız.
Əhməd vəziyyəti əsgər yoldaşlarına danışıb qayıtdı. Bir neçə dəqiqədən sonra onlar anbarın yaxınlığında idilər. Anbardan səs-səmir gəlmirdi. Kiçik Əhməd anbarın qapısına tərəf işarə elədi:
- Əsgər, qapı oradadır. Amma qapıya kilid vurublar. Heç bilmirəm, necə sındıra bilərik?
Əsgər astadan dilləndi:
- Sus, sesini çıkarma! Bizi izləyən ola biler! Belki de ermenilerden kapıya nezaret eden de vardır.
***
Əhməd silahının süngüsü ilə anbarın arxa tərəfində torpağı qazmağa başladı. Yarım saat ərzində anbara lağım atıb içəri girdi. Anbar qaranlıq olduğundan bir müddət nə baş verdiyini anlaya bilmədi. Gözü qaranlığa alışanda əl-ayağı sarıqlı yerə uzadılan adamları görüb "Allah kahr etsin", - deyə qışqırdı. Elə bu vaxt adamlardan biri dilləndi:
- Dodo adam göndərib bizi buraxırlar.
Sözün əsl mənasında anbarda ət-ət üstünə qalanmışdı. Daşnaklar xırda bir yerə 70-dən çox adam doldurmuşdular. Kəndir, məftil parçaları ilə bir-birinə bağlanan biçarə insanlar vahimə içərisində çırpınırdılar. Əhməd kömək göstərmək məqsədilə aşağı əyilib qurdalanmağa başladı. Bu düyünləri açmaq sümük kimi bərk torpağı qazımaqdan da çətin oldu. Nəhayət, birinci adamı xilas edə bildi. Sonra ikinci, üçüncü adamlar xilas olundular. Tərs kimi anbarın lağım atılan hissəsindəki adamlar qoca və qadınlar idi. Onlar çox böyük çətinliklə lağımdan çölə çıxırdılar.
Əhməd anbardakı əsirləri azad edib çölə çıxdı. Onun adaşı Mikayılla birlikdə ona yaxşıca kömək etmişdi. Onlar təzəcə anbardan aralanmışdılar ki, ətrafı alov bürüdü. Kimsə anbara od vurmuşdu. Gecə döyüşlərində iştirak edən əsgər Əhməd əmin idi ki, yaxınlıqda nə erməni, nə də ingilis əsgərləri yoxdu. O, anbarın alışdığını görən kimi təcrübəli bir kəşfiyyatçı sayıqlığı ilə adaşından soruşdu:
- Konşularınızın arasında ermeni varmı?
Əhməd dərhal dilləndi:
- Hə, var. Adı Dododur. Babam danışırdı ki, o, Bakıya İrandan gəlib. Yazıq adama oxşayır. Amma çoxbilmişin biridir, gedək göstərim.
Əhməd irəli düşüb Dodogilə tərəf getdi. Onların alçaq taxta darvazalarına yaxınlaşanda "bax buradır", - dedi. Əsgər asta səslə "Siz burada bekleyin. Ermenilerden her kötülük beklenilir", - deyib silahını çiyninə ataraq divara yaxınlaşdı və bir göz qırpımında həyətə düşdü. Geri baxanda adaşını da yanında gördü. O, hasarın altından sivişib həyətə keçmişdi.
Həyətdə ins-cins görünmürdü. Əhmədlər bir tərəfə çəkilib qulaq kəsildi. Ev alçaq olsa da, çardaqlı idi. Əhməd yavaşca eyvana çıxıb, oradan çardağa dırmaşdı. Sonra adaşını da yuxarı qaldırdı. Çardağın tən ortasında üç nəfər baş-başa verib pıçıldaşırdılar. Onlardan birinin səsi aydın eşirdilirdi:
- Hayıf ki, bir az yubandıq. Gərək elə gecədən anbara od vuraydıq. Mənə elə gəlir ki, anbarda heç kim qalmayıb.
Bayaqdan ona qulaq asanlardan biri dedi:
- Nə olub olub. Qənimətləri aradan çıxarmaq lazımdır.
Çardaqdakılar bu sözə bənd imişlər kimi hərəkətə gəldilər. Yalquzaq cəmdək sökən kimi ortadakı əşyaları dartışdırmağa başladılar. Elə bu vaxt Əhməd var gücü ilə qışqırdı:
- Çabuk ellerinizi yukarı kaldırın! Yoksa hepinizi gebertirim!
Qətllər törədən, qarətçilik, soyğunçuluq edən ermənilər gözlənilməz hücumdan çaşdılar. Amma Dodo özünü itirmədi. Yazıq bir görkəm alıb ilan kimi dil çalmağa başladı. O, dil-ağıza qoymadan yalvararaq türk əsgərindən imdad diləyirdi. İnandırmağa çalışırdı ki, guya burada təhlükədən daldalanırlar. Əhməd isə gümrah bir görkəmdə dayanıb düşmənə meydan oxuyurdu. Kiçik Əhməd əsgərin göstərişi ilə onların silahlarını götürüb həyətə tulladı. Birdən necə oldusa ermənilərdən biri kiçik Əhmədi yaxalayıb, onu boğmağa başladı. Əlbəyaxa döyüş başlandı. Adaşını xilas etmək istəyən əsgər Əhməd kürəyindən aldığı zərbədən müvazinətini itirdi. Lakin yıxılmadı. Birtəhər kürəyini çardağa söykəyib barmağını tətiyə çəkdi.
***
...Qəhrəman türk əsgəri, sıravi Əhmədin hər tərəfi al qana boyanmışdı. Onun son nəfəsi idi. Kiçik Əhməd başını onun sinəsinə söykəyib qışqırırdı:
- Ölmə! Axı, mən sizə dedim ki, Dodo çoxbilmiş və hiyləgər adamdır. Niyə belə oldu? Kaş ki, mən öləydim.
Dodo və onun həyətindəki digər quldurlar qarət zamanı ələ keçirdiklərinin bir hissəsini götürüb yola atıldılar. Lakin aradan çıxmaq onlara qismət olmadı. Onlar yola atılanda türk əsgərlərinin mühasirəsinə düşdülər. Əsgərləri bura Mikayıl çağırmışdı. Dodo yenə hiyləgərliyə əl atdı. İrəli yeriyib əlini ermənilərdən birinə uzatdı:
- Əsgəri bu öldürüb.
Həmin erməni dəli kimi bağırdı:
- Yalan danışma, onu sən bıçaqla kürəyindən vurdun.
Bu dəfə Dodo bağırdı:
- Mənə böhtan atır, soruşun ki, İrandan bura nəyə gəlib?!
...Ertəsi gün Əhmədi Bakının yüksəkliyində yerləşən Şəhidlər xiyabanında dəfn etdilər. Qafqaz İslam Ordusunun yüksək rütbəli zabitlərindən tutmuş Azərbaycanın tanınmış siyasilərinə kimi Əhmədin dəfnində iştirak edirdilər. Kədər içərisində olan bu adamların gözlərinin dərinliyində qürur işartıları da sezilirdi. Qəhrəman türk əsgəri böyük şücaət göstərərək, soydaşlarını vəhşi qətliamlardan xilas etmiş və yağı ilə əlbəyaxa döyüşərkən kürəyindən bıçaq yarası alaraq şəhid olmuşdu.
...Əhmədin şəhidliyindən üç gün əvvəl basılmaz sərkərdə Kazım Qarabəkir paşanın Naxçıvanda – Şərur düzündə erməni silahlısı tərəfindən xaincəsinə həlak olması xəbəri Qafqaz İslam Ordusunu sarsıtmışdı. Alnına qara yaylıq, qoluna qara dəsmal bağlayan hərbçilər sanki özlərini günahkar sayırmışlar kimi bir-birinin qarşısından keçəndə başlarını aşağı əyib "keçmiş olsun, Vətən sağ olsun", pıçıldayırdılar.
Xain gülləsi ilə kürəyindən vurulan Qara Bəkir Paşa kibrit çöpünün başı böyüklükdə qəlpəni ürək pərdəsinin aşağı nahiyəsindən içəri buraxmamışdı. Sanki daxili bir qüvvə ona bu güllənin dərinə keçməməsi üçün güc vermişdi. Əhmədin dəfn günü "Kazım Qarabəkir Paşa ölümə qalib gəldi" xəbəri yayıldı. Onu Şərurun Şahtaxtı kəndindən Hüsnü* adlı loğman xanım əməliyyat edib ürək pərdəsinin aşağı nahiyyəsindən qəlpəni çıxarmışdı. Yenilməz komandan heç bir keyitmə olmadan yalnız yerli tut arağının təsiri altında açıq cərrahiyyəyə mətanətlə dözmüşdü. İki saatdan da arıq sürən cərrahiyyədə çoxlu qan itirən Paşa iki gün huşsuz yaşamışdı. Ona qan vermək istəyənlər isə yalnız hərbçilər deyil, Naxçıvan və Vedi mahalında uzaq yol qət edib gələn minlərlə insanlar idi.
***
...Şəhidlik zirvəsinə yüksələn Əhmədi islam qanunlarına uyğun dəfn etdilər. Əsgərlərdən biri onun mundirinin cibindən tapılan bir xışma torpağı götürüb məzara yaxınlaşdı. Əhmədin komandiri məzarın başında dayanmışdı. Əsgər torpaqdan ovcunun içərisinə töküb, göz yaşları içərisində Əhmədin cənazəsinin üstünə atdı. Bu zaman zabitə elə gəldi ki, Əhmədin cismi tərpəndi. Onun səsi zabitin qulağına dəydi. Zabit "Dur!" - deyib əsgəri yanına çağırdı. Lakin sözünü deyə bilmədi...
Elə bu vaxt Şəhidlər xiyabanının girişində böyük bir izdiham göründü. Bu Əhmədin dəfnində iştirak etməyə gələn Qaraşəhər camaatı idi. İzdihamın önündəki qadınlar "Balam vay!" deyib nalə çəkirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB