Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı törədilmiş sui-qəsd səbəbindən ölkədə prezident seçkiləri təxirə salına bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Paruyr Ayrikyan avtomobilindən enərkən ona arxadan iki dəfə atəş açılıb. Güllələrdən biri onun sağ körpücük sümüyünə dəyib, ikinci gülləni isə polis hadisə yerində aşkar edib. Gilizlər hadisə yerində aşkar olunmayıb, bu da onu deməyə əsas verir ki, cinayətkar "Naqan" tipli tapançadan istifadə edib. Xəstəxanadan verilən məlumata görə, siyasətçinin vəziyyəti stabildir və onun həyatına təhlükə yoxdur. Ermənistan parlamentinin sədri Ovik Abramyan bunu təsdiqləyib və qeyd edib ki, o şəxsən Ayrikyanla xəstəxanada söhbət edib. Bundan başqa Ovik Abramyan Ayrikyana qarşı törədilən sui-qəsdi Ermənistan dövlətçiliyinə qarşı cinayət adlandırıb. Ermənistan parlamentinin sədrinin sözlərinə görə, Ayrikyan ona iki dəfə atəş açıldığını bildirib.
Fakt üzrə cinayət işi açılıb. İlkin araşdırmanı Milli Təhlükəsizlik Xidmətinin və Polisin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu aparır.
Qeyd edək ki, Ermənistan Konstitusiyasına əsasən, prezidentliyə namizədlərdən hər-hansı birinə aradan qaldırılması mümkün olmayan maneələr yarandıqda ölkədə prezident seçkiləri iki həftə müddətinə təxirə salınmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB