Bu gün 2 fevral Gənclər Günü münasibətilə Odlar Yurdu univeristetində gənclərlə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, Odlar Yurdu universitetinin prorektoru Samir Vəliyev, aktyor Elməddin Cəfərov və digər qonaqlar iştirak edib. Gənclərlə görüşdə ilk olaraq adıçəkilən universitetin fəaliyyəti və qazandığı nailiyyətlər haqqında söhbət açılıb. Bildirilib ki, bu ali təhsil ocağı öz qarşısına başlıca məqsəd kimi Azərbaycan cəmiyyətində və dünya mühitində rəqabət apara bilən yüksək bilikli və bacarıqlı professional mütəxəsis və liderlərin hazırlanmasını qoyub. Diqqətə çatdırılıb ki, Odlar Yurdu Universiteti 2009 -cu ildə Avropa Komissiyasının IV layihəsi olan TEMPUS (Trans European Mobility Plan for University Studies) proqramına qoşulub. 2009-2011 -ci illərdə Avropa Komissiyasının Cənubi Qafqaz üçün nəzərdə tutuduğu "NIROA -Network of International relations offices in Azerbaijan" NİROA-Azərbaycanda Beynəlxalq Əlaqələr Offisləri Şəbəkəsinin təşkili layihəsində iştirak edib.
Daha sonra Odlar Yurdu universitetinin prorektoru Samir Vəliyev dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söhbət açıb. Qeyd olunub ki, hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil hazırlamaqdır: "Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalıdır, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Prezident İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu şərait yaradılmışdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər. Prezident İlham Əliyevin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", habelə gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər də bu qayğının parlaq ifadəsidir".
YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə deyib ki, Sovet quruluşuna xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin: "Belə bir quruluşda gəncliyin dinamikliyindən, cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Lakin 1995-ci ilin martında ümummilli lider Heydər Əliyev ölkə gəncləri ilə görüşərkən bu stereotipi qırdı və gənclərə sağlam ruhda tərbiyə alması, əsl vətəndaş kimi yetişməsi naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Elə gəncliyin inkişafına dəstəyin təməli də məhz o vaxt qoyuldu, onlara ümid verildi. Hər zaman verdiyi sözün üstündə möhkəm dayanan və onun ciddiliyinə önəm verən Ulu öndər 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si tarixini Gənclər Günü kimi təsbit etdi. Bununla da müasir Azərbaycan gəncliyinin inkişafının yeni mərhələsi başlandı. Bu siyasət çox geniş bir spektri - gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakını əhatə edirdi. 1997-ci ildə dövlət gənclər siyasəti ilə bağlı ilk qanun da qəbul edildi. Hazırda ölkəmizdə 200-dək gənclər təşkilatı fəaliyyət göstərir".
Tədbirin sonunda digər çıxış edənlər də gənclərin ölkə və dünya miqyasında qazandığı nailiyyətlərdən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB