"Səs" qəzeti redaksiyasında 2 Fevral - Gənclər Gününə həsr edilmiş dəyirmi masa keçirildi. SİA-nın verdiyi məlumata görə, hər zaman ölkənin ictimai-siyasi və mədəni həyatında baş verən önəmli hadisələrlə bağlı ənənəvi olaraq keçirilən dəyirmi masaya Yeni Azərbaycan Partiyasının fəal gəncləri dəvət olunub. Tədbirdə YAP Gənclr Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynov, YAP Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva, YAP Gənclər Birliyinin koordinatoru Vüsalə Niftəliyeva, YAP Xətai rayon gənclər birliyinin idarə heyətinin üzvü Tərlan Səfərov, YAP Yasamal rayon gənclər birliyinin üzvü Nərminə Yunusova iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı qeyd edib ki, 1996-cı il tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən Gənclər Gününün qeyd edilməsi ilə bağlı imzalanan Sərəncama əsasən, artıq neçə illərdir ki, 2 Fevral Gənclər Günü kimi qeyd olunur. Bu, Heydər Əliyevin Azərbaycan gənciliyinə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Ulu Öndərin qeyd olunuan Sərəncamı təsadüfi bir qərar deyildi. Bu, Ulu Öndərin digər gələcəyə hesablanmış siyasətinin məntiqidir.
Aygün Əliyeva:
- İlk olaraq, siyasi əqidəsindən asılı olmayaraq, bütün Azərbaycan gəncliyini 2 Fevral Gənclər Günü münasibətilə təbrik edirəm. 2012-ci il Yeni Azərbaycan Partiyası Gənclər Birliyi üçün xüsusi il olaraq yadda qaldı. Belə ki, əgər əvvəlki illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisi olmadan fəaliyyət göstərirdisə, artıq yola saldığımız ildən xüsusi ofisdə sistemli olaraq, mərkəzləşdirilmiş şəkildə tədbirlər keçirməyə başladıq. Gənclər Birliyinin həyatında xüsusi aktivlik müşahidə edildi. Gənclər tərəfindən təşkil edilən siyasi tədbirlər, aksyialar, flaşmoqlar və s. yola saldığımız ilə uğurlar əlavə etdi. İl ərzində hər zaman olduğu kimi, vətənpərvərlik mövzusunda tədbirlərə daha çox üstünlük verdik. Xocalı soyqırımı, Şuşanın işğal günü və s. önəmli hadisələrlə bağlı möhtəşəm tədbirlərə imza atdıq. Bütün bunlarla yanaşı, universal gənclik layihəsinin əsasını qoyduq. Layihə 2013-cü ildə başqa bir formatda davam edəcək. Bütün bunları nəzərə alaraq, 2012-ci il YAP Gənclər Birliyinin həyatında xüsusi bir mərhələ kimi yadda qaldı.
Vüsalə Niftəliyeva:
- Mən də ilk olaraq, bütün Azərbaycan gənclərini 2 Fevral Gənclər Günü münasibəti ilə təbrik edirəm. Gənclik Azərbaycanın gələcəyidir. Azərbaycan müstəqilliyini əldə etdiyi qısa zamandan sonra, respublikamızda 2 Fevral Gənclər Günü elan olundu. Bu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi böyük etimadı idi ki, məlum Sərəncamdan sonra Azərbaycan gəncliyinin özünüdərk prosesi başlandı. Azərbaycan gənclərində böyük inam hissi yarandı, hər bir gənc özünü xüsusi qüvvə kimi hiss etməyə başladı. Bir məqama diqqəti yönəltmək istərdim. Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinə çox zaman istinadlar edilir. Gəlin görək, həmin dövlətlərdə, xüsusilə, çox vurğuladığımız Amerikada, Azərbaycan dövlətində olduğu kimi, gənclərə diqqət göstərilirmi? Xarici dövlətlərdə bir gənc uğura imza atmaq, nailiyyət əldə etmək üçün dəfələrlə uğurlar qazanmalıdır ki, dövlət ona dəstək olsun. Azərbaycanda isə, bu proses tamamilə fərqlidir. Bildiyimiz kimi, Azərbaycan idmanının siması Azərbaycan gəncliyidir. Bir gəncin dünya arenasında Azərbaycan bayrağını bir dəfə dalğalandırması kifayət edər ki, dövlət tərəfindən ona böyük dəstək - maddi və mənəvi dəstək olunsun. Hər bir gəncdən yalnız bir addım gözlənilir - Azərbaycan naminə, dövlətçiliyimiz naminə. Harda inkişaf, tərəqqi var, gənclərimiz də o istiqamətə doğru irəliləyirlər. Fərəhləndirici haldır ki, bu gün Azərbaycan gəncliyi milli dəyərlərimizə sahib çıxır. Dünya arenasında öz sözü ilə özünü, tarixini təsdiqləyir.
Sərraf Hüseynov:
- İctimai rezonans doğurmaq məqsədi daşıyan istənilən aksiyanın müxtəlif formaları vardır. Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən kifayət qədər aksiyalar təşkil olunur. Bu aksiyalar xarakteri və məqsədi baxımından müxalif təbəqədə duran tərəflərə cavab məqsədi daşımır. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi müxtəlif məzmunda aksiyalara imza atır. Ötən il təşkil etdiyimiz aksiyalara minlərlə sağlam düşüncəli, vətənini sevən Azərbaycan gəncləri qoşulmuşdur. 26 Fevral Xocalı Soyqırımı ilə bağlı fevral ayının 1-dən başlayaraq 29-na qədər internetdə virtual aksiya keçirdik. Biz yüz minlərlə məktubu Fransada Türkiyə soyqırımı müzakirə olunan ərəfədə Fransanın dövlət rəsmilərinə və digər nümayəndələrə göndəririk. Biz YAP Gənclər Birliyi olaraq, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əlimizdə dövlət bayrağı Şəhidlər Xiyabanına üz tutduq. Bizim azadlığımız və müstəqilliyimiz uğrunda şəhid olmuş vətən oğulları qarşısında hər zaman borcluyuq, məsuliyyətliyik. Həmin tarixi gündə onları yad etmək mənəvi borcumuzdur. Təbii ki, bu aksiya məqsədi baxımından cəmiyyətdə müsbət mesaj xarakteri daşıyır.
YAP Gənclər Birliyinin bu səpkidə aksiyaları kifayət qədərdir. 20 Yanvar faciəsi günündə 600-dən artıq gənci ətrafımıza toplayaraq, Azərbaycanın Milli Bayrağı əlimizdə Şəhidlər Xiyabanında aksiya keçirdik. Gənclər birliyi tərəfindən reallaşan aksiyaların heç biri mahiyyət və məqsəd etibarı ilə sakitliyi pozmaq məqsədi daşımamış, əksinə, bu ətrafa və gənclərimizə yüksək, ali dəyərləri, vətənpərvərlik hissini aşılamaq məqsədindən yaranmışdır. Biz gənclər müxalifətə qarşı heç bir aksiya keçirmək niyyətində deyilik. Yalnız dövlətçiliyimiz baxımından gənclərimiz təşkilatçısı olduğumuz aksiyalara qoşulur və eləcə də, seçki kampaniyaları zamanı öz missiyamızı həyata keçiririk. Gənclər məhz dövlətçilik baxımından mahiyyət daşıyan aksiyaların iştirakçısı olmağa səfərbər olunmalıdırlar.
Aygün Əliyeva:
- Təəssüflə vurğulayım ki, mətbuat vasitələrində, eləcə də, canlı olaraq gənclərlə ünsiyyətdə olduğumuz zaman iğtişaş törətmək, sakitliyi pozmağa cəhd etmək niyyətində olan şəxslərin məqsədlərini öyrənməyə çalışırıq. Kifayət qədər buna cəhdlər edilsə də, hələ lazımi səviyyədə nəticəni əldə edə bilməmişik. Bizim yaşadığımız cəmiyyətdə belə gənclər say baxımından az faizi təşkil edirlər. Təbii ki, bu fakt Azərbaycan dövlətçiliyini, müstəqilliyini dəstəkləyən gənclərlə müqayisədə götürülür. İnanıram ki, yaxın gələcəkdə həmin gənclərin sayı tamamilə azalacaqdır. Hər hansı bir gənc siyasi ambisiyasına, məqsədinə görə, müxalifətdə dura bilər, amma dövlətə, millətə, vətənə qarşı müxalifətdə durmaq qeyri-mümkündür. Bu məqsədlə, dövlətə xəyanət məqsədilə atılan addım gəncləri fəlakətə sürükləyə bilər. Bu gün Azərbaycan gəncliyi üçün ölkə ərazisində, bütövlükdə, lazımi şərait mövcuddur. Azərbaycan gəncliyi bu gün maddi tələbatlara cavab verən bir gənclikdir. Belə ki, gənclərimiz bir neçə xarici dil bilir, İTK-nı mənimsəyib, Azərbaycan məkanında azad internet şəbəkəsinə malikdir və dünyaya sərbəst şəkildə çıxa bilir. Belə imkanlara malik olan gənclər yaxşı olardı ki, dövlətçiliyimizə xidmət etsinlər. Azərbaycan həqiqətlərinin dünya məkanında yayımlanmasına səfərbər olsunlar. Təəssüflə vurğulayaq ki, aramızdı müxalif düşüncəli gənclərə də rast gəlinir.
Nərminə Yunusova:
- Mən, gənc olaraq, üzümü müasirlərimizə tutaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətindən hər bir Azərbaycan gəncinin yararlanmasını tövsiyyə edərdim. Bu gün Azərbaycan gənci üçün əlçatmaz bir zirvə yoxdur desək, fikrimizdə yanılmarıq. Sadəcə olaraq, gəncin məqsədli bir addımı gərəkdir ki, dövlət tərəfindən ona maddi və mənəvi dayaq olsun. Ölkənin demək olar ki, bütün sahələrində idman, təhsil, səhiyyə və digər sahələrdə gənclərin inkişafı və seçimində lazımi şərait mövcuddur. Etiraf edək ki, bu gün Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Yola saldığımız ötən ildə ölkəmizdə keçirilən beynəlxlaq tədbirlər buna əyani sübutdur. Bu və ya digər tədbirlərin təşkilində və eləcə də, proseslərdə gənclərin iştirakını vurğulamaq lazımdır ki, bu zəmin də dövlət tərəfindən yaradılmışdır. Belə bir şəraitdə yaşayan və qayğı ilə əhatə olunan Azərbaycan gənclərinə tövsiyə edərdim ki, müxtəlif məqsədlər daşıyan qanunsuz aksiyalarda iştirakdan kənar olsunlar. Müstəqil dövlətin bizə verdiyi imkanlardan yararlanaraq, məhz inkişaf və gələcək üçün öz həyat yollarını düzgün müəyyənləşdirsinlər.
Digər tədbir iştirakçıları da Gənclər günü və onun əhəmiyyətindən danışıblar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB