İqtisadçı: "Azərbaycanın kifayət qədər gücü, qüdrəti, imkanları var" AÇIQLAMA
2012-ci il Azərbaycan üçün çox uğurlu bir il olub. Azərbaycanın beynəlxalq müstəvidəki fəaliyyətində bir sıra yaddaqalan hadisələrlə müasir tariximizə daxil olub. Bunu yap.org.az saytına müsahibəsində Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov deyib.
İqtisadçı bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı, ümumiyyətlə, ölkəmizin son illərdəki yüksəlişinin əsasını təşkil edir: "Həqiqətən də, respublikamız beynəlxalq icma, eləcə də, çox nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən dinamik inkişaf edən ölkə kimi etiraf olunur. Azərbaycanın son illərdə iqtisadi inkişafının kökündə dayanan ən mühüm və həlledici faktor neft amilidir. Lakin son illərdə, xüsusən də, 2012-ci ildə müşahidə etdiyimiz dəyişikliklərdə inkişafın daxili strukturunda yeni meylin ortaya çıxdığı görünür. Bu da ölkənin iqtisadi potensialında qeyri-neft sektorunun rolunun artması ilə əlaqədardır. Əgər inkişaf templəri nöqteyi-nəzərindən müqayisə aparsaq, qeyri-neft sektorunun yüksəliş tempi neft sahəsində müşahidə olunan inkişaf tempindən əhəmiyyətli dərəcədə yüksəkdir. Azərbaycanda ümumi daxili məhsulun formalaşmasında neft sektoru ilə yanaşı, qeyri-neft sektoru və bu sahədə əldə olunan gəlirlər daha çox rol oynamağa başlayacaq. Neft hasilatının yaratdığı imkanlardan iqtisadiyyatın digər sferalarının inkişaf etdirilməsi üçün faydalı şəkildə istifadə edilməsi sayəsində Azərbaycanın iqtisadi inkişafının daxili strukturunda çox ciddi müsbət dəyişikliklərin əsası qoyulub. Hesab edirəm ki, bu meyillərin genişlənməsi gələcəkdə Azərbaycanın iqtisadi inkişafının daha çox dərəcədə qeyri-neft sahələrinə, yəni tükənməyən sərvətlərə söykənəcəyinə inanmağa imkan verir. Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəmizin, bütövlükdə, iqtisadi modelinin bir çox əhəmiyyətli parametrlərini müəyyənləşdirir. Bu parametrlər içərisində Azərbaycan iqtisadiyyatının dayanıqlılığı, rəqabət qabiliyyətinin yüksəlməsi və bu kriteriyaya görə Azərbaycanın dünyada əhəmiyyətli yer tutması ilə səciyyələndirilə bilər. Qeyri-neft sektorunun inkişafında informasiya-kommunikasiya texnologiyalarının rolu danılmazdır".
A.Hüseynob bildirib ki, 2003-cü ildən başlayaraq, Azərbaycan yeni bir keyfiyyətdə bütün prosesləri inkişaf etdirib: "Bütün bunların hamısı, ümumilikdə götürdükdə Azərbaycan xalqının həyatında, daxili və xarici siyasətdə, keçdiyi yolda, həyata keçirdiyi layihələrdə özünün təsdiqini tapdı. Bu nöqteyi – nəzərdən 2012-ci il demək olar ki, bu inkişaf xəttinin zirvəsidir. Bu illər ərzində Azərbaycan həm daxili siyasətində, həm də xarici siyasətində, təkcə regionüçün deyil, o cümlədən beynəlxalq aləm üçün daim güclənən, reytinqini gücləndirən, nüfuzunu artıran bir dövlət olubdur. Azərbaycanın inkişafı beynəlxalq reytinq agentliklərinin verdikləri qiymətləri nəzərə alsaq, birinci olubdur. 2012-ci il də əvvəlki illər kimi bu hadisələrlə dolu oldu. Bu gün Cənubi Qafqaz regionunda elə bir layihə, elə bir hadisə yoxdur ki, Azərbaycan orada iştirak etməsin. Azərbaycanın razılığı, təşəbbüsü olmadan regionda heç bir layihə reallaşdırıla bilməz. 2012-ci ildə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal rol oynayır. Bu da təbiidir. Çünki Azərbaycanın kifayət qədər gücü, qüdrəti, imkanları var, digər tərəfdən dünya dövlətləri də Azərbaycana böyük etimad göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB