Lənkəranda 20-30 müsavatçı ilə görüşmək üçün özü ilə 150 nəfər aparan İsa Qəmbərin məqsədi bölgədə şou yaratmaqdır. SİA-nın verdiyi məlumata görə, bunu az.apa.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, İsa Qəmbərin Lənkaran səfərləri hakimiyyət tərəfindən anlaşılmazdır: "Təsəvvür edin, 35 avtomobil, özü də karvan şəkilində Bakıdan Cəlilabada qədər yol hərəkəti qaydalarını poza-poza bütün yol boyu şou göstəriblər. Yolboyu ətrafda yaşayan sakinlərin rahatlıqlarını və yaşayış hüquqlarını pozublar. Rayon insanlarıdır, biri bazara gedir, biri harasa xəstə aparır. Onlar üçün İsa Qəmbərin hara getməsi maraqlı deyil. Məqsədi sakit və səmimi görüş olan adama bu həngamə nə üçün lazımdır? Heç Barak Obama seçkiqabağı İsa Qəmbər kimi etməyib. Obama öz kampaniyalarına ən uzağı 6-8 adamla gedir. Daha İsa Qəmbər kimi başına 150-160 nəfərlik dəstə yığıb bölgələrə hücum çəkmir. İsa Qəmbərin məqsədi Lənkəranda sosial bazası olmadığına görə, Bakıdan özləri ilə çoxlu adam yığıb aparıblar. QHT-lərdən, İctimai Palatadan, oradan-burdan qarşılarına kim çıxıbsa, maşınlara yığıb Lənkərana üz tutublar. Başına yığdıqları bu adamlarla gedib Lənkəranda görüş keçirməyin nə mənası var? Elə o görüşü Bakıda da keçirmək olar. İsa Qəmbərə ölkənin istənilən yerində görüş keçirmək üçün hər cür şərait yaradılıb. Eyni zamanda Lənkəranda da yaradılıb. Lakin görünür, onun məqsədi görüş yox, hay-küy yaratmaq olub və bunun qarşısının alındığını gördükdə Cəlilabaddan geri qayıdıb. Çünki onun məqsədi Lənkəranda görüş keçirmək deyildi, buradan yığıb apardığı adamlardan ibarət bölgədə şou göstərmək idi.
S.Novruzov İsa Qəmbər və tərəfdarlarının yol boyu kafe və çayxanalarda üzləşdikləri insidentə də münasibət bildirib. Onun sözlərinə görə, həmin kafelər özəl müəssisədirlər və İsa Qəmbəri qəbul edib-etməmək onların öz işidir: "Əgər İsa Qəmbər onlar üçün arzu olunan müştəri deyilsə, buna hakimiyyət nə etsin?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB