Politoloq: “Hadisələrə bu cür yanaşma müxalifətin nüfuzunu aşağı salır" MÖVQE

Politoloq: “Hadisələrə bu cür yanaşma müxalifətin nüfuzunu aşağı salır" MÖVQE

Son dövrlərdə ayrı-ayrı regionlarda bu və ya digər formada, əsas etibarilə isə məişət münaqişəsi kontekstində müxtəlif hadisələr baş verir. Hər bir normal demokratik cəmiyyətdə bu məsələlər təbii qarşılanır və hətta cəsarətlə deyə bilərik ki, söz və mətbuat azadlığının, insan hüquqlarının bərqərar olunduğu demokratik cəmiyyətlər üçün bu cür hadisələr xarakterikdir. Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu İsmayıllı hadisələri və digər bu kimi hadisələrdən bəzi dairələrin öz məqsədləri üçün istifadə etməsinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, insanların hansısa şəkildə öz mövqelərini ifadə etməsi, hansısa məsələyə öz etirazını bildirməsi, emosional və qeyri-emosional formada bunu ifadə etməsi normal bir haldır: "Çox təəssüf ki, bəzi hallarda müxtəlif marginal qruplara və radikal cərəyanlara mənsub olan siyasi təşkilatlanmalar demokratik cəmiyyətlər üçün xas olan bu cür hadisələri istismar etməyə, bundan siyasi dividend qazanmağa çalışırlar. Düşünürük ki, heç bir halda, bu üsul belə qrupların məqsədi üçün yaxşı mexanizm ola bilməz və uzunmüddətli perspektivdə bu cür hadisələrdən siyasi dividend qazanmaq istəyənlərin lehinə deyil, əleyhinə işləyən bir prosesə çevrilir. Azərbaycanda olan İsmayıllı hadisələrindən bu gün siyasi məqsədlər üçün istifadə etməyə çalışan bəzi radikal siyasi qrupların özləri 1990-cı illərin əvvəllərindən başlayan uzunmüddətli dağıdıcı siyasi fəaliyyətləri dövründə bu metoddan dəfələrlə istifadə etdilər və heç bir uğur qazana bilmədilər. İndi isə çox təəssüf ki, yenidən eyni köhnəlmiş və yararsız metoda qayıdaraq eyni səhvə yol verirlər. Ancaq bu cür yanaşma onların özünün ictimaiyyətdə olmayan nüfuzunu bir az da aşağı salır".

Bütün xəbərlər Facebook səhifəmizdə