Akademik Ramiz Mehdiyevin məqaləsinin müzakirəsi keçirildi FOTOLAR
Bu gün Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu günlərdə "Azərbaycan" qəzetində nəşr olunan "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı məqaləsinin müzakirəsi keçirilib. SDU-dan SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə universitetin rektoru professoru Nadir Qəhrəmanov açaraq "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsinin günümüz üçün əhəmiyyətini diqqətə çatdırıb.
Rektor qeyd edib ki, müəllif məqalədə Şah İsmayılın Azərbaycanı birləşdirmək qüdrətindən, onun böyük sərkərdə, şair və s. kimi səciyyəvi cəhətlərindən söz açaraq ətraflı araşdırmaları əsasında gerçək həqiqətlərin üzə çıxarılmasına nail olub. Səfəvilər dövləti dövründə Azərbaycanın geosiyasi vəziyyəti, bu dövrdə əldə edilmiş nailiyyətlərdən bəhs edən rektor məqalədə bütün bu məqamlara aydınlıq gətirildiyini bildirib.
Daha sonra çıxış edən Tarix fakültəsinin dekanı, professor Adil Baxşəliyev qeyd edib ki, Azərbaycan müstəqillik qazanana qədər tariximizin Səfəvilər dövrünə doğru yanaşılmayıb, Sovet ideologiyası bu dövrə, eləcə də Şah İsmayıl Xətai şəxsiyyətinə yanaşmada da özünü göstərib. Yalnız ölkəmiz müstəqillik qazandıqdan sonra Səfəvilər dövlətinin Azərbaycan tarixindəki yeri araşdırılaraq üzə çıxarılıb. Bu mənada akademik Ramiz Mehdiyevin araşdırması xüsusi olaraq qeyd edilməlidir.
Ümumi Tarix kafedrasının müdiri, professor Şirxan Səlimov isə bildirib ki, bu məqalə tariximizin böyük bir dövrünə yeni bir yanaşmanı özündə ehtiva edir. Məqalədə əsaslandırılır ki, Səfəvi dövləti həm milli atributları etibarilə, həm coğrafi, həm də idarəetmə baxımdan türk dövlətidir və bu məqalə Azərbaycana, onun tarixinə qarşı böhtan atanlara tutuarlı bir cavabdır.
Azərbaycan Tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev də vurğulayıb ki, sözügedən məqalə tariximizin mühüm bir səhifəsinə verilən qiymət, yeni təfəkkürlü yanaşmadır.
Universitetin prorektoru, professor Yadigar Hüseynov isə qeyd edib ki, akademikin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsi yeni Səfəviçilik ideyasının əsasını qoyub, beləliklə, yazıda qoyulan tezislər tarixçilərimizin qarşısında yeni vəzifələr müəyyənləşdirib.
Fəlsəfə kafedrasının müdiri, professor Həsən Sadıqov isə deyib ki, məqalə tədqiqatçılar üçün yeni istiqamətlər müəyyənləşdirib və bundan sonra uzun bir dövr ərzində tarixçilərimiz məqalədə qoyulmuş problemlərin araşdırılması və təhlili ilə məşğul olmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB