Əzizə Vahabova: "İsmayıllıda baş verən hadisələrin arxasında destruktiv və dağıdıcı qüvvələr dayanır"

Əzizə Vahabova: "İsmayıllıda baş verən hadisələrin arxasında destruktiv və dağıdıcı qüvvələr dayanır"

"Yanvarın 23-də İsmayıllı rayonunda bir qrup başıpozuq dəstənin rayon mərkəzində yerləşən "Çıraq" otelinin ətrafında yaranan kütləvi münaqişə arxasında dayananlar destruktiv və dağıdıcı qüvvələr dayanır". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova rayon mərkəzində baş vermiş məlum olaylara münasibət bildirərkən deyib. Qeyd edək ki, hadisələr nəticəsində 4 ədəd müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Buna səbəb isə oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektrik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda, sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə yaxınlıqdakı VAZ-2107 markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirmələri olub.

Ə.Vahabova açıqlamasında qeyd edib ki, hadisə yaranan zaman vəziyyəti qızışdıranlar arasında "İctimai Palata"nın, "cəbhəçilərin" və müsavatçıların, həmçinin, "Azadlıq" qəzetinin əməkdaşı da olub: "Əhalinin sıx olduğu yerdə baş vermiş hadisədən siyasi məqsədləri üçün sui-istifadə edən destruktiv qüvvələr insanlar arasında ajiotaj yaratmağa cəhd ediblər. Nəticədə insidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar".

Ə.Vahabova eyni zamanda vurğulayıb ki, dağıdıcı müxalifət liderləri öz adamları vasitəsilə bu kimi hadisələrdən öz siyasi məqsədləri üçün istifadə edərək, bəhrələnməyə çlışırlar: "Hadisə zamanı onlar ətrafda dayanan insanları münaqişlələrə cəlb etmək məqsədilə ictimaiyyət arasında təbliğat aparmağa səy göstərirdilər."

Qeyd edək ki, sözügedən hadisələr zamanı kütləvi münaqişənin baş verməsinin səbəbkarları Emil Şəmsəddinov və Elməddin Məmmədov tutulublar. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyəti isə hadisə yerinə gedərək vəziyyəti yerindəcə öyrənməkdədirlər.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işinin başlanıldığı və istintaqın aparıldığı bildirilməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə