"Ştrasserin hesabatı tamamilə absurd idi"

Sahibə Qafarova: "Bu, Kristofer Ştrasserin timsalında Azərbaycana qarşı qərəzli mövqedə dayanan qüvvələrin məğlubiyyətidir"
"Ştrasserin hesabatı tamamilə absurd idi"

"Bu, Kristofer Ştrasserin timsalında Azərbaycana qarşı qərəzli mövqenin iflasa uğradığını göstərdi". SİA-nın verdiyi məlumata görə, bu fikri dünən Avropa Şurası Parlament Assambleyasında almaniyalı deputat Kristofer Ştrasserin Azərbaycanda "siyasi məhbuslarla" bağlı hesabatının müzakirələrin nəticələrini şərh edərkən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, AŞPA-nın Rasizm və ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova səsləndirib.

Onun sözlərinə görə, Ştrasserin hesabatı tamamilə absurd və qeyri-obyektiv məlumatlara söykənirdi: "Ona görə də bir çox avropalı parlamentarilər də bunu kəskin şəkildə tənqid etdi. Çünki həqiqət və ədalət bizim tərəfimizdə idi. Biz əvvəlcədən də bəyan etmişdik ki, ölkəmizə siyasi məhbuslarla bağlı ünvanlanan ittihamları isə həqiqətə uyğun hesab etmirik. Hazırda siyasi məhbuslar anlayışı ilə bağlı gətirilən nümunələr beynəlxalq və hüquqi kriteriyalar kimi qəbul oluna bilməz və nə regional nə də qlobal səviyyədə qəbul olunmayıb, çünki bu məsələ ilə bağlı hətta AŞ-ın özündə də dəqiq hüquqi hədlər müəyyənləşdirilməyib. Təbii ki, özlüyündən belə bir sual meydana çıxır, hər hansı bir ölkə siyasi məhbus və ya cinayətkarın müəyyənləşdirilməsi üçün hansı kriteriyalara görə ittiham olunur? Ona görə də, bu suallar cavabını tapmadıqca Azərbaycanı bu məsələdə ittiham etmək tamamilə yersizdir".

Alt komitənin sədri vurğulayıb ki, Azərbaycanın bu qələbəsi həm də bir çox qüvvələrə göstərdi ki, ölkəmizə qarşı hansısa qərəzli münasibət, konkret maraqlar çərçivəsində Azərbaycanı qaralamaq cəhdləri iflasa məhkumdur: "Kimin nəyi necə görməsindən və nə söyləməsindən asılı olmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik inkişaf yolunda inamla addımlayır, fəal inteqrasiya edir, gündən-günə daha da güclənir. Bu səsvermə göstərdi ki, ölkəmizin dostlarının, bizi dəstəkləyənlərin sayı da daim artmaqdadır".

Qeyd edək ki, Sahibə Qafarova müzakirələr zamanı da çıxış edərək ölkəmizdə həyata keçirilən demokratik islahatlar haqqında məlumat verib. Onun sözlərinə görə, Azərbaycan dövləti olaraq, biz ölkəmizi fərqli dinlərin, fərqli xalqların nümayəndələrinin mehriban, dostluq şəraitdə yaşadığı bir məkana çevirə bilmişik: "Bu gün Azərbaycanın xristian icması da, ölkəmizdə əsas çoxluq təşkil edən müsəlman cəmiyyəti ilə eyni hüquqlara, eyni haqqlara sahibdir. Bizim dövlətimizin vətəndaşlarına münasibəti heç bir dini, milli, irqi əsaslara söykənmir. Məhz buna görə də, Azərbaycanlı, rus, yəhudi, gürcü və s. olmasından asılı olmayaraq, bütün vətəndaşlarımız ortaq dəyərlərimizlə və ortaq maraqlarımız naminə yaşamağı özü üçün şərəf bilir. Heç də təsadüfi deyil ki, bu gün dünya liderləri, ölkəmizdə səfərdə olan müxtəlif xalqların nümayəndələri Azərbaycanı tolerantlıq, dini dözümlülük baxımından örnək ölkə hesab edir, ölkəmizdə tətbiq olunan modeli mütərəqqi qiymətləndirirlər".

Millət vəkili S.Qafarova deyib ki, Monitorinq Komitəsi adından həmməruzəçilər Jozef Debona Qrex və Pedro Aqramuntun hazırladığı Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə dair hesabatda qeyd olunduğu kimi, Azərbaycanın torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Artıq 22 ildir ki, Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistanın işğalçı qoşunlarının əsarəti altında saxlanılır. Baxmayaraq ki, təcavüz faktı bütün beynəlxalq təşkilatların sənədlərində göstərilib və təsdiqlənib, eləcə də, Avropa Şurasının qətnamələrində də öz əksini tapıb: "Lakin atəşkəsin elan olunmasından keçən 19 il müddətində heç bir inkişaf müşahidə edilməyib. Səbəb isə kifayət qədər aydındır. Dünyada sülhün və ədalətin yaradılması və təminatını öz öhdəsinə götürən təşkilatlar, sadəcə yumşaq desək, manipulyasiya ilə məşğul olurlar. Biz, AŞ PA-nın bu məsələdə mövqeyini dəstəkləyirik və ümid edirik ki, gələcəkdə daha qətiyyətli qərarlar qəbul edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə