"Azərbaycan bu qədər təzyiqi qəbul etməyəcək və təzyiq, təzyiqə bərabərdır"
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyində Azərbaycanın bu qurum qarşısında öhdəliklərinin yerinə yetirilməsinə həsr olunmuş hesabatla yanaşı, almaniyalı deputat Christoph Strasserin "Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar" adlı məruzəsi də yer alır.
Azərbaycan parlamentinin nümayəndə heyətinin sədri Səməd Seyidov Azadlıq Radiosuna müsahibəsində AŞPA-da müzakirələrin heç vaxt asan keçmədiyini və ciddi müzakirələr gözlədiklərini bildirib.
Onun sözlərinə görə, Azərbaycan Avropa Şürası ilə əməkdaşlıq etməyə həmişə hazırdı və əməkdaşlıq da gedir: "Monitorinq komitəsinin məruzəsi çox tənqididir. Burada Azərbaycanın daxilində gedən prosesləri əhatə edən məsələlər, suallar, tənqidi məqamlar var. Ancaq biz tənqiddən heç vaxt qaçmamışıq, əksinə konstruktiv tənqidi nəzərə alırıq. Hər hansı məsələ Azərbaycana qarşı reallığı əks etmirsə, onu da konkret olaraq ortaya qoyuruq".
Səməd Seyidov vurğulayıb ki, siyasi məhbuslarla bağlı olan ikinci məruzə tamamilə başqa məqsəd daşıyır və bu Azərbaycana qarşı yönəlmiş bir cəhddir: "Bu nöqteyi nəzərdən, mövqeyimiz dəfələrlə açıq şəkildə deyilib. Təbii ki, müzakirələr zamanı bununla bağlı öz münasibətimizi bildirəcəyik ki, insan haqlarını alət kimi istifadə edib ölkəyə qarşı yönəltmək əsla düzgün deyil".
Müxbirinin "Siz hesab edirsiz ki, Azərbaycanda siyasi məhbus problemi ümumiyyətlə yoxdur?" sualına isə S.Seyidov belə cavab verib: "Ölkədə insan haqları problemləri mövcuddur və onların həlli istiqamətində xeyli işlər görülməlidir. Lakin insan haqları problemlərini siyasiləşdirmək, bundan istifadə edib ölkəyə təsir göstərmək qəti düzgün bir məsələ deyil. Hansı ölkə desə ki, onun insan haqları ilə bağlı problemi yoxdur, bu yalan, qeyri- obyektiv mövqe olar. Əlbəttə insan haqları ilə bağlı problemlər var. Fransa, İngiltərə, ABŞ və ya Azərbaycan, Ermənistan və Gürcüstanda bu problem yoxdu? Var, ancaq yenə də deyirəm, qarşı çıxdığımız məsələ - insan haqlarını siyasiləşdirmək və bundan istifadə edərək ölkəyə qarşı təzyiq göstərməkdir".
- Bu baxımdan demək olarmı ki, AŞPA-nın qış sessiyasında dinləniləcək birinci məruzəsi ilə bağlı probleminiz yoxdur və ümumən səs verə bilərsiz?
- İnanmıram. Bizdə nümayəndə heyətində iqtidar, müxalifət və bitərəflər də var. Sessiyanın iclasında onlar da öz mövqelərini bildirəcək. İqtidar nümayəndəsi kimi bir sıra məsələlərlə heç çür razılaşmıram. Ancaq məsələ mənim razılaşıb-razılaşmamağımda deyil. Söhbət ondan gedir ki, dialoq qurulmalıdır, konstrutiv fakir mübadiləsi aparılmalıdır. Əgər bir tərəf hər şeylə razılaşsa və ya imtina etsə, onda bu dialoq olmaz. Mən neçə ildir Avropa Şurasındayam, eyni mövzuya heç vaxt iki məruzə həsr olunmayıb. Absurd bir məsələdir.
Almaniyalı deputat Christoph Strässerin Azərbaycana gəlmək üçün hələ də viza ala bilməməsinə gəlincə isə Səməv Seyidov problemin vizada olmadığını deyir. Onun sözlərinə görə, AŞPA-nın prosedur qaydalarına görə, məruzə hazırlayan və ya məruzəçi öncədən ölkə haqqında fikir söyləməməlidir və bunu edən şəxs ən azı hansısa başqa məqsədlər güdür: "Düzdür, indi bunu əllərində bayraq edirlər ki, viza verilmədi, belə elə. Lakin Azərbaycan hər kəs üçün açıqdır, o cümlədən də cənab Strässer üçün də. O əvvəllər müxtəlif missiyaların tərkibində Azərbaycanda dəfələrlə olub, heç bir problem olmayıb. Ancaq məruzəçi kimi "a priori" ölkə haqda ölkəni gedib öyrənmədən, məsələləri təsdiq etmədən, müxtəlif qeyri-dövlət təşkilatlarından sənədləri yığıb məruzəni təqdim edə bilməzsən. O, əvvəlcədən mənfi fikir bildirməməli idi, bu prosedur qaydadır".
S.Seyidov artıq neçə ildir ki, Azərbaycanın Avropa Şurasının üzvü olmasına rəğmən, hələ də bu qurumda Azərbaycanın öhdəlikləri, siyasi məhbus məsələsinin gündəlikdə olmasının qəribə görünməsinə dair suala cavabı belə olub: "Mənə Avropa Şurasında yalnız bir şey qəribə gəlir, 2005-ci ildə qəbul edilən Dağlıq Qarabağ haqda qətnamənin bir bəndini belə həyata keçirtməməsi, bir milyona yaxın qaçqın və köçkünün hüquqları haqda hansısa bir addım atmaması çox qəribə olan haldır".
Sonda bugünkü müzakirələrdə hansısa qətnamənin qəbul edilib-edilməyəcəyinə münasibət bildirən Səməd Seyidov deyib ki, bir nəfərin hazırladığı məruzə əsasında Azərbaycan bu qədər təzyiqi qəbul etməyəcək və təzyiq, təzyiqə bərabərdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB