“Freedom House” Quantanamodan niyə hesabat hazırlamır?

Cümşüd Nuriyev: ““Freedom House” Azərbaycan haqqında mənfi fikir deyirsə deməli ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasət güclü və ağıllı siyasətdir”
“Freedom House” Quantanamodan niyə hesabat hazırlamır?

"Freedom House" ABŞ kəşfiyyat orqanlarının yaratdığı qeyri hökumət təşkilatıdır. Bunu SİA-ya açıqlamsında politoloq Cümşüd Nuriyev "Freedom House" təşkilatının növbəti dəfə Azərbaycanla bağlı yaydığı qərəzli hesabata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu təşkilat indiyədək ABŞ-ın maraqlarına zidd olan hansısa bir hesabat təqdim etməyib: "Təşkilatın yaradıcıları mərkəzi kəşfiyyat orqanlarının işçiləridir. Belə hesabatların yayılması ABŞ-ın iqtisadi maraqlarına əsaslanır. Bu maraqlara uyğun olaraq ABŞ həmin dövlətləri şantaj edir. Son yüz ildə ABŞ bu siyasəti davam etdirir. İndi bu ölkənin xarici borcları ÜDM-i qədərdir. Dollar isə son yüz ildə 30 dəfədən çox qiymətdən düşüb. Belə bir şəraitdə bu ölkə çalışır ki, yeni maliyyə mənbələri tapsın və ayıbını ört basdır etmək üçün əməllərinə demokratiya donu geyindirir. "Freedom House" belə "ədalətli" mövqe sərgiləyərək insan hüquqlarını qoruyursa "Quantanamo" insanlar hətta tikanlı hasarlarda belə zəncirli gəzirlər. Həm də ki, ordakıların hamısı müsəlmanlardan ibarətdir. Bu təşkilat necə ədalətli təşkilatdır ki, Əfqanıstanda ABŞ əsgərləri dinc əhalini öldürür, azyaşlı qız uşaqlarını zorlayır, qanunsuz olaraq evlərdən oğurluq edirlər. ABŞ-ın Əfqanıstanı işğal etməsindən bu yana narkotik ticarəti 5 dəfə artıb. Nə üçün "Freedom House" bunları öz hesabatlarında bildirmir? İraqın işğalından sonra 100 mindən çox insan qətlə yetirən ABŞ ordusu haqqında nə üçün hesabat yaymır? Bundan əlavə "Old streeti işğal edək" şüarı ilə küçələrə çıxan vətəndaşların 700-ə qədəri həbs olundu. Nə üçün onların hüquqlarının pozulmasından danışılmır? Demokratiyadan danışan bir dövlət terrorizmi və separatizmi dəstəkləməklə bir daha ABŞ-ın ikiüzlü yox çoxüzlü siyasət yürütdüyünü gündəmə gətirir. Dağlıq Qarabağ sırf separatizm ocağıdır və tanınmış terror təşkilatlarından bir çoxu fəaliyyət göstərir. Əgər "Freedom House" Azərbaycan haqqında mənfi fikir deyirsə, deməli ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasət güclü və ağıllı siyasətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə