Asəf Hacıyev: "İkili standartlara son qoyulmalıdır" AÇIQLAMA

“Bunlar başqalarının sifarişlərini həyata keçirirlər və onların maraqlarına xidmət edirlər”
Asəf Hacıyev: "İkili standartlara son qoyulmalıdır" AÇIQLAMA

Amerikanın (ABŞ) "Freedom House" kimi nüfuzlu beynəlxalq təşkilatının növbəti dəfə hazırladığı hesbatda qərəzlilik yenə də özünü açıq-aydın şəkildə göstərir. Hətta bununla belə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin söylədiyi bütün bəyanatlar Azərbaycan həqiqətlərinin üzərinə kölgə salmaqdan başqa bir şey deyil. Bunu SİA-ya açıqlamasında YAP-ın beynəlxalq şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev bildirib.

Onun sözlərinə görə, K.Ştrasser özünə məxsus olan fikirləri Avropa Şurası adından səsləndirməməlidir: "Beynəlxalq təşkilatlar, Dünya bankları bu yaxınlarda ölkəmiz haqqında açıqlamalar verib. Həmin açıqlamada bir daha qeyd olunur ki, Azərbaycanda inkişaf yüksək sürətlə davam edir. Bu artıq beynəlxalq təşkilatın rəsmi məlumatdır. Hesab edirəm ki, ikili standartlara son qoyulmalıdır. Axı, nə vaxta kimi Azərbaycana qarşı ayrı-seçkilik həyata keçirilməlidir? Mən cənab K.Ştrasserə və onun arxasında olanlara demək istəyirəm ki, dünyada müxtəlif dəyərlər vardır. Amma ən üstün dəyər insana verilən dəyərdir. Buradan həmin şəxsə sual verirəm: necə olur ki, Azərbaycanın 20 faiz torpaqları işğal olunur və 1 milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvalarından didərgin düşür, amma ölkəmizə qaşı yenə də ittihamlar səsləndirilir? Sadəcə utanın, ayıbdır sizin kimilərə. Mən hələ də başa düşə bilmirəm ki, bu kimi siyasətçilər hələ də yalan danışmaqla məşğuldurlar. Həmin insanlar açıq şəkildə etiraf etməlidirlər ki, Ermənistan işğalçı dövlətdir. Məlumdur ki, bu insanlar kiminsə sifarişlərini həyata keçirirlər və onların maraqlarına xidmət edirlər".

A.Hacıyev deyib ki, beynəlxalq təşkilatların, Avropa institutlarının rəhbərləri Azərbaycanla Ermənistanı müqayisə etməlidirlər: "Baxsınlar görsünlər ki, düşmən dövlətlə müqayisədə, ölkəmizdə adambaşına düşən gəlir nə qədərdir. Azərbaycan artıq ilk peykini fevral ayında orbitə çıxaracaq. İkinci peyki isə 2015-2016-cı illərdə reallaşdırılacaq. Bütün bunlar inkişaf deyil, bəs nədir? Bu tək vəsait hesabına reallaşmır, eyni zamanda düşünülmüş elmi əsaslar üzərində qurulub. MDB-də elə bir dövlət varmı ki, onun əhalisinin 70-80 faizi internet istifadəçisi olsun? Təbii ki, yoxdur. Azərbaycan yenə də bu istiqamətdə öncül yerlərdən birini tutur. Mən onlara deyirəm, sadəcə gözünüzü açın, ağa ağ, qaraya qara deyin. Beləcə, müxtəlif qurumların sifarişlərini həyata keçirməyin".

Bütün xəbərlər Facebook səhifəmizdə