Aydın Mirzəzadədən yeni təşəbbüs...

Aydın Mirzəzadədən yeni təşəbbüs...

Hakim Yeni Azərbaycan Partiyasından deputat, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə seçildiyi Mingəçevir şəhərindən hərbi xidmətə aparılan əsgərlərin üzləşdiyi problemlərlə şəxsən məşğul olacaq.

O, bildirib ki, yanvarın 11-də Mingəçevirdə çağırışçıların hərbi xidmətə yola salınması prosesində iştirak edib: "Mobil telefonumu bütün valideynlərə verdim. Onlardan xahiş etdim ki, övladları hərbi xidmətdə olduğu zaman hər hansı problemlə üzləşsələr, dərhal mənə məlumat versinlər".

Deputat bildirib ki, belə şikayətlər alan kimi dərhal araşdırmalara başlayacaq: "Problem sosial xarakterlidirsə, deputat kimi onun həlli ilə məşğul olacağam. Şikayət hərbi xidmətlə bağlı olsa, dərhal Müdafiə Nazirliyi vasitəsilə problemi araşdıracağam, kökünü öyrənəcəyəm. Problemin qulluğa aid olduğu təsdiqlənsə, Müdafiə Nazirliyinin məsul şəxsləri ilə əlaqə qurub, məsələni diqqətdə saxlamağı xahiş edəcəyəm".

Aydın Mirzəzadə 47 saylı Mingəçevir seçki dairəsindən deputat seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə