Azərbaycan Respublikasının İrandakı səfiri Cavanşir Axundov bu ölkədəki "Fars" xəbər agentliyinə müsahibə verib. Agentliyin saytında yerləşdirilmiş müsahibədə Azərbaycan Respublikasının iqtisadi inkişaf istiqamətləri, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlarımızın azad edilməsi üçün dövlətin həyata keçirdiyi siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində sülh danışıqlarının vəziyyəti, Azərbaycanda dini etiqad azadlığının, insan hüquqlarının qorunması sahələrində görülən işlər və s. məsələlər barədə geniş məlumat verilib.
Səfir Azərbaycanda ümumi daxili məhsulun və qeyri-neft sektorunda istehsalın həcminin yüksək templərlə artdığını, iqtisadiyyata milyardlarla dollar sərmayə qoyulduğunu bildirib.
Müsahibədə qeyd olunur ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanlardan istifadə edir və o cümlədən hərbi qüdrətini artırır. Beynəlxalq təşkilatların qərar və qətnamələrində işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi tələb olunsa da, təcavüzkar tərəf indiyədək buna məhəl qoymur. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrinə baxmayaraq, ölkədə geniş sosial-iqtisadi quruculuq işləri aparılır. Beynəlxalq dəyərlərin, insan hüquqlarının qorunmasına bariz nümunə kimi, hazırda ölkə ərazisində 35 min nəfər erməni yaşayır ki, dövlət onların təhlükəsizliyinə tam zəmanət verib. Halbuki, işğalçı Ermənistan ərazisində yaşayan bütün azərbaycanlılar öz dədə-baba yurdlarından zorla qovulublar.
Müsahibədə xüsusi olaraq qeyd edilib ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan Respublikası humanizm prinsiplərinə, beynəlxalq dəyərlərin qorunmasına, o cümlədən mehriban qonşuluq və səmimi dostluq münasibətlərinə böyük diqqət göstərir. Azərbaycan Respublikası, həmçinin qonşu İran İslam Respublikası ilə münasibətlərin inkişafına həssaslıqla yanaşır və hərtərəfli əlaqələrin daha sürətlə genişlənməsinə ciddi səylər göstərir.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB