Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Stefan Füle dünən Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşüb. Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin, eləcə də Xocalı aeroportuna dair məsələnin nizamlanmasını müzakirə ediblər. SİA-ya bu haqda məlumat verən politoloq Ərəstun Baxşəliyev deyir ki, Füle Azərbaycanı və Ermənistanı bu aeroportla bağlı məsələnin diplomatik həlli yollarını axtarmağa, regionda gərginliyin güclənməsinə kömək edə biləcək istənilən hərəkətdən qaçmağa çağırıb.
Onun sözlərinə görə, Aİ ATƏT-in Minsk qrupunun Dağlıq Qarabaq münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş səylərini dəstəkləməkdə davam edir. Bundan əvvəl Ermənistan KİV-i Xocalı aeroportunun yaxın vaxtlarda istismara veriləcəyi barədə məlumat yayıb: "Stefan Füle bu bəyanatını birbaşa rəsmi İrəvana ünvanlamalıdır. Çünki, belə bir bəyanatın Azərbaycana heç bir dəxli yoxdur. Görünən odur ki, bütün beynəlxalq qrumların çıxarmış olduğu qərar və qanunlara qarşı hər zaman çıxış edən tərəf rəsmi İrəvan olubdur. Bu gün də Ermənistanın belə bir addımı bütün dünyanın gözü qarşısında baş verir. Hansı bir dövlət, öz ərazisinin 20 il müddətinə işğal altında qalması ilə razı ola bilərdi və ya öz ərazisinə qeyri-qanuni bir uçuşu sakit yolla qarşılaya bilərdi? Təbii ki heç cənab Fülenin özü də öz ölkəsinə qarşı belə bir hərəkətin baş verməsi ilə razılaşa bilməzdi. Odur ki, belə bir müraciti yaxşı olardı ki, cənab Füle məhz birbaşa Ermənistana ünvanlaya və onun rəhbərlərindən tələb edərdi. Əgər bu Ermənistandan tələb edilə bilinmirsə, onda Azərbaycandan da hər hansı bir mülayim cavabın alınmasını heç gözləməyə də dəyməz".
Politoloq deyib ki, sözü gedən aeroportun açılması Çikaqo Konvensiyasının müvafiq bəndlərinə ziddir və Azərbaycanının hava məkanının pozulması deməkdir: "Xocalı hava limanının açılması və limandan hansısa uçuşların həyata keçirilməsi məntiqi olaraq Ermənistanın işğalının və təcavüzünün davamı anlamını kəsb etməkdədir. Aydındır ki, Ermənistan, daha doğrusu Ermənistanı himayə edən qüvvə, bu hava limanından daha çox hərbi məqsədlərinə nail olmaq üçün istifadə etməyə çalışacaq. Ermənistanın özündə əhalinin sürətlə azaldığı bir anda, Qarabağ torpaqlarında yaşayan ermənilərin isə məcburən bu torpaqlarda tutulduğu təqdirdə, heç kimə və heç nəyə lazım olmayan və lüzumsuz sayılan belə bir addımın atılması fikrimcə provakasiyadan başqa bir anlam kəsb etməməkdədir. Xatırladım ki, hal-hazırda Ermənistanda fəaliyyət göstərən hava limanlarının fəaliyyətləri belə Ermənistan iqtisadiyyatının sürətlə köçüşü səbəbindən, bu gün üçün xarici qrantlar hesabına ayaqda durmaqdadır. Belə olan təqdirdə belə bir addımın atılması sözün həqiqi mənasında Azərbaycanı üçüncü qüvvənin istəyi ilə müharibəyə çəkməyə hesablanmış bir addımdır".
Ə.Baxşəliyev deyir ki, Xocalı hava limanın fəaliyyətə başlaması və buraya hər hansı bir hava gəmisinin enişə cəhd göstərməsi Azərbaycanın hava məkanın pozulması ilə yanaşı, bölgədəki müharibənin yenidən tətiklənməsi anlamını da aktual olaraq gündəmdə saxlamaqdadır: "Bunu Avropa İttifaqının rəsmiləri ilə yanaşı ATƏT Minsk qrupunun həmsədr ölkələri də yaxşı bildikləri halda, nədənsə Ermənistana təzyiqlər etmək əvəzinə, onlar hər zaman rəsmi Bakıya müraciət ünvanlamağa daha çox üstünlük verirlər. Çox maraqlıdır ki, Ermənistan tərəfi ilə əməkdaşlıq edərək, Azərbaycanın işğal olunmuş ərazisindəki Xocalı hava limanında öz avadanlıqlarını quraşdırılması ilə məşğul oluan şirkətlərin əksəriyyəti də məhz Avropa dövlətlərinin öz şirkətləridir. Bunu əsas tutaraq cənab Füleyə çatdırmaq istərdim ki, bu gün üçün Cənubi Qafqazda hər an müharibənin alovlanması səbəbindən buradakı enerji maraqlarına zərbənin dəyəcəyini düşünən Füle və onun Avropa İttifaqı, yaxşı olardı ki, belə bir müraciətin birini Fransa ilə Almaniyanın birgə şirkəti kimi fəaliyyət göstərən "Tales" şirkətinə də ünvanlayardı. O zaman bəlkə bu müharibənin qarşısı qismən də olsa alınmış olardı. Çox təssüf ki, bu bu gün üçün bu gecikmiş addımdır. Azərbaycan tərəfi 20 ilə yaxındır ki, bu münaqişəni dinc yolla həllinə çalışmışdır ki, bu da onun sözün həqiqi mənasında xoş məramından xəbər verir. Təssüflər olsun ki, nə beynəlxalq qrumlar, nə də ki ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bu addımları yetərincə dəyərləndirə bilməyiblər və bilməməkdə hələ də davam edirlər. Belə olan təqdirdə isə rəsmi Bakıdan hər hansı bir diplomatik addım gözlənilməsi məncə yersiz addım olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB