Qüdrət Həsənquliyev: “Əsgərin ölümü ciddi şəkildə araşdırılmalıdır"

"Ola bilsin ki, müəyyən qüvvələr baş vermiş hadisədən yararlanaraq Azərbaycanın perspektivli kadrlarından birini ləkələmək istəyirlər”
Qüdrət Həsənquliyev: “Əsgərin ölümü ciddi şəkildə araşdırılmalıdır"

"Əgər korpus komandiri cəzalandırılırsa, indiyədək baş vermiş çoxsaylı hadisələrə görə, müdafiə naziri və baş qərargah rəisi nə üçün cəzalandırılmır?".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev əsgər Ceyhun Qubadovun ölümü ətrafında baş verən hadisələrlə bağlı münasibətini açıqlayıb. SİA-nın xəbərinə görə, BAXCP sədri baş verən hadisədən kədərləndiyini, Ceyhun Qubadovun ailə üzvlərinə və doğmalarına dərin hüznlə başsağlığı verdiyini bildirib.

BAXCP sədrinin sözlərinə görə o, bəlkə də yeganə millət vəkilidir ki, Azərbaycan ordusundakı çıtışmazlıqlarla bağlı hər zaman parlament tribunasından öz narahatlığını açıq şəkildə ifadə edib: "Bunu ölkə ictimaiyyəti yaxşı bilir. Hər zaman söyləmişəm ki, orduda islahatların tərkib hissəsi olaraq peşəkar ordu quruculuğuna keçid təmin olunmalı və tez bir zamanda həyata keçirilməli, müdafiə naziri mülki şəxslər sırasından təyin olunmalı, orduya ictimai və mülki nəzarət gücləndirilməlidir. Sonuncu dəfə Şəmkir korpusunda hadisə baş verəndə parlamentdə çıxış edərək bununla bağlı ciddi qərarların qəbul edilməsini, bu hadisənin baş verməsində təqsiri olanların ciddi cəzalandırılmasını tələb etmişdim. Amma o zaman hadisədən xeyli vaxt keçməsinə baxmayaraq Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ciddi tədbirlər görülmədi. Azərbaycan Prezidenti hadisənin baş verdiyi Şəmkir korpusunun komandirini tutduğu vəzifədən azad etdi və rütbəsini aşağı saldı. Amma bu dəfə əsgər Ceyhun Qubadovun ölümündən sonra həmişəkindən daha ciddi və daha sürətli ictimai ajiotajın yarandığının şahidi olduq. Bu dəfə hətta iqtidaryönlü kütləvi informasiya vasitələri də baş verən hadisə ilə bağlı xüsusi canfəşanlıq nümayiş etdirdilər. Və hadisənin baş verdiyi korpusun komandiri general Rövşən Əkbərov dərhal cəzalandırıldı".

Partiya sədri qeyd edib ki, iqtidaryönlü kütləvi informasiya vasitələrinin də bu kampaniyaya qoşulması, Rövşən Əkbərovun dərhal cəzalandırılması bizi daha ciddi düşünməyə və nəticələr çıxarmağa sövq edir: "Ola bilsin ki, müəyyən qüvvələr baş vermiş hadisədən yararlanaraq Azərbaycanın perspektivli kadrlarından birini ləkələmək istəyirlər. Yaxud hadisə məhz bu məqsədlə təşkil olunub. Bu baxımdan, hesab edirəm ki, hər iki ehtimal ciddi şəkildə araşdırılmalıdır. Düşünürəm ki, Azərbaycan ictimaiyyəti və siyasi partiyalar ilk növbədə tələb eləməlidirlər ki, bu cinayətdə əli olan şəxslər ciddi şəkildə cəzalandırılsın, gələcəkdə bu tipli hadisələrin baş verməməsi üçün müvaviq tədbirlər görülsün və bu tədbirlər barədə ictimaiyyət məlumatlandırılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə