Elin Süleymanov: "Azərbaycanın nüfuzu getdikcə güclənir" FOTO

Azərbaycan səfiri ABŞ-da Beynəlxalq Klubun üzvləri qarşısında ikitərəfli münasibətlərdən danışıb
Elin Süleymanov: "Azərbaycanın nüfuzu getdikcə güclənir" FOTO

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Merilənd ştatının paytaxtı olan Annapolis şəhərinin Beynəlxalq Klubunun (International Club of Annapolis) dəvəti ilə sözügedən klubun üzvləri qarşısında Azərbaycan-ABŞ ikitərəfli münasibətləri barəsində çıxış edib. Bu barədə SİA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir.

Diplomat çıxışında Azərbaycanın dövlətçilik ənənələrindən bəhs edərək, Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyətindən, Şərqdə ilk parlamentin, qadınlara seçki hüququnun verilməsindən danışıb. Müstəqilliyindən keçən 22 il ərzində Azərbaycanın beynəlxalq arenada nüfuzunun getdikcə daha da gücləndiyini bildirən səfir dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinin buna bariz nümunə olduğunu qeyd edib.

Azərbaycanın enerji diplomatiyası barəsində məlumat verən E.Süleymanov ölkəmizin etibarlı müttəfiq kimi xarakterizə edilməsində ölkə rəhbərliyinin götürdüyü öhdəliklərə sadiqliyinin əsas rol oynadığını vurğulayıb və hazırda gündəmdə olan enerji layihələri, xüsusilə TANAP layihəsi barəsində danışıb.

Azərbaycanın coğrafi reallıqlarının ölkənin xarici siyasət istiqamətlərinin formalaşmasında həlledici faktor olduğunu deyən səfir bu xüsusda Azərbaycanın Rusiya və İranla həmsərhəd olan yeganə dövlət olması faktının nəzərə alınmasının zəruriliyini qeyd edib. E.Süleymanov əsası Heydər Əliyev tərəfindən qoyulmuş praqmatik xarici siyasət kursunun hazırda ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Azərbaycanın öz qonşuları, xüsusilə Türkiyə və Gürcüstanla münasibətlərinin nümunəvi olduğunu bildirən səfir regional inteqrasiya üçün əsas maneənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdırmış və münaqişənin fəsadları, eləcə də bu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin gördüyü tədbirlər barəsində məlumat verib.

Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq üçün əlverişli platforma olduğunu bildirən səfir ölkəmizdə tarixən formalaşmış milli və etnik azlıqlar arasında dost münasibətlərdən və tolerantlığın xalqımızın fəxrediləsi cəhətlərindən olduğunu vurğulayıb.

Qeyd edək ki, 24 yanvar 1962-ci ildə əsası qoyulmuş Klub hər ay ABŞ-a akkreditə olunmuş səfirlərin çıxışları təşkil etməklə, üzvlərini müvafiq dövlət haqqında və ABŞ-la münasibətlərin tarixi və cari durumu barəsində məlumatlandırır. Hazırda Klubun 450 nəfər üzvü vardır ki, onlar da əsasən keçmiş hökumət, hərbi və iş adamlarıdır.

Məlumat üçün bildirək ki, 1783-1784-cü illərdə ABŞ-ın paytaxtı olmuş Annapolis şəhəri xüsusilə 1845-ci ildə əsası qoyulmuş ABŞ Hərbi Dəniz Donanması Akademiyası ilə tanınır.

Bütün xəbərlər Facebook səhifəmizdə