"Türkiyə – Ermənistan sərhədlərin açılması təcavüzkara dəstək kimi dəyərləndiriləcək"
"Ermənistanın sosial-iqtisadi vəziyyəti çox ağırdır. Ona görə də, erməni lobbisi müxtəlif vasitələrlə Türkiyə – Ermənistan sərhədlərinin açılmasına çalışır. Bununla da, təcavüzkar Ermənistana ikinci nəfəs vermək istəyirlər. Ağ Evin veb səhifəsində sərhədlərin Suriya qaçqınları üçün açılması üçün keçirilən imzatoplama kampaniyası da bu məqsədlərin həyata keçirilməsi üçün bəhanədən başqa bir şey deyil". SİA-nın məlumatına görə, bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, bu məsələdə daha çox Suriya vətəndaşı olan ermənilərdən söhbət gedir. Onun sözlərinə görə, əgər Suriya ermənilərinin Ermənistana gətirilməsi məsələsi gündəmdə varsa, bunu Türkiyə üzərindən deyil, başqa yollarla da etmək mümkündür: "Ancaq bu təşəbbüslərin həqiqi mahiyyəti, sadəcə, Suriya ermənilərinin Ermənistana gətirilməsi adı altında Türkiyə ilə sərhədləri müvəqqəti açmağa nail olmaqdır. Bunun davamı olaraq isə sonra bütövlükdə Ermənistanı iqtisadi cəhətdən xilas etmək məqsədilə işğalçı dövlətlə sərhədləri birdəfəlik açması üçün Türkiyəyə təzyiqlərin ediləcəyi gözləniləndir. Bu mənada, Ağ Evin veb saytında keçirilən imzatoplama kampaniyasının arxasında ABŞ-dakı erməni dairələri, lobbisi və işğalçı dövləti himayə edən digər qüvvələr dayanır. Hesab edirəm ki, Ermənistanla Türkiyənin sərhədləri açılmamalıdır. Bu mövzu bir dəfə gündəmə gəlmişdi və o zaman Türkiyə cəmiyyəti sərhədlərin açılmasının əleyhinə olub. Eyni zamanda, Türkiyənin indiki hakimiyyəti də bu məsələ ilə bağlı mövqeyini dəfələrlə bəyan edib. Mövqe bundan ibarətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, bu ölkə ilə sərhədlər açılmayacaq. Həqiqətən də, Türkiyə tərəfinin tutarlı dəlilləri var ki, Ermənistanla sərhədləri açmasın".
M.Qurbanlı qeyd edib ki, Suriya erməniləri məsələsindən bəhanə kimi istifadə edilməsi göz önündədir. Bu ölkədən ermənilərin kütləvi surətdə çıxarılmasının gündəmdə durmadığını deyən M.Qurbanlının sözlərinə görə, ermənilərin heç də hamısı Suriyanı tərk etmək niyyətində deyil: "Digər tərəfdən, belə bir variant varsa, ABŞ-dakı erməni lobbisi Suriya ermənilərinin bu ölkədən çıxarılması üçün cəhdlər edirsə, bu prosesin Türkiyə üzərindən həyata keçirilməsi vacib deyil. Görünən odur ki, burada məqsəd başqadır. İndiki şəriatdə Türkiyə – Ermənistan sərhədlərin açılması təcavüzkara dəstək kimi dəyərləndiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB