"Minsk qrupu ötən il də Ermənistanın imitasiyasına şərait yaratdı"

"Minsk qrupu ötən il də Ermənistanın imitasiyasına şərait yaratdı"

ATƏT-in Minsk qrupunun həmsədləri Dağlıq Qarabağ probleminin həlli ilə yox, işğalçı müharibənin niticələrini rəsmiləşdirməklə məşğuldurlar. SİA-nın verdiyi xəbərə görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu 2012-ci il dekabr ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əgər həmsədlər münaqişənin tənzimləməsinə çalışsaydılar, onda vəziyyət bu qədər gərgin hal almazdı: "ATƏT-in Minsk qrupu ötən il ərzində iki məqsədinin heç birinə nail olmadı. Münaqişə tənzimlənmədi, müharibə ehtimalı azalmadı. Pul dilənən Ermənistan da 2012-ci ildə silah cəbbəxanasını artırmaqla məşğul oldu. Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış duruma vasitəçilər həm fəaliyyətləri, həm də fəaliyyətsizlikləri ilə birbaşa məsuliyyət daşıyırlar. ATƏT-in Minsk qrupu il ərzində yalnız Ermənistanın imitasiya xarakterli addımlarına şərait yaratdı. Minsk qrupunun məqsədi budursa, hesab etmək olar ki, buna nail oldu. Vasitəçilər ötən il Dağlıq Qarabağda aparılan işlərə, o cümlədən Suriyadan köçən ermənilərin Kəlbəcərdə, Laçında, Zəngilanda və digər işğal olunmuş torpaqlarımızda məskunlaşmasına zərrə qədər də diqqət ayırmadılar. Status-kvonun yolverilməzliyini iddia edən vasitəçilər status-kvoya təsir edən belə addımlara görə də məsuliyyət daşıyırlar. Dağlıq Qarabağda keçirilən prezident seçkilərinə, eləcə də Dağlıq Qarabağa aviareyslərin təşkilinə dair vasitəçilərin ortalığa qoyduğu mövqe erməniləri ruhlandırmaq xarakteri daşıyırdı. Bütün 2012-ci il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in baş katibi, ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər naziri müharibənin nəticəsinin rəsmiləşdirməklə, ona beynəlxalq don geyindirməklə məşğul olmuşlar. Müharibə sanki çox müqəddəs bir şeydir və onun nəticələrini danmaq beynəlxalq hüququ pozmaq deməkdir. Snayperlərin geri çəkilməsi, qoşunların təmas xəttində insidentlərin tədqiqi mexanizmlərinə başqa ad vermək mümkün deyil. ATƏT təmsilçiləri qoşunları təmas xəttindəki insidentləri öyrənmə mexanizlərini elə hazırlayıblar ki, bununla qoşunların təmas xətti rəsmiləşir. Müharibənin nəticəsini ilahiləşdirən şəxslərdə vasitəçilik psixologiyası ola bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə