İslam ölkələri arasında əməkdaşlıq möhkəmləndirilir

SAM-ın direktoru İraqın dövlət nümayəndələrini qəbul edib
İslam ölkələri arasında əməkdaşlıq möhkəmləndirilir

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov İraq Respublikasının Regionlar üzrə Dövlət naziri Turxan Əl – Müftini, İraq Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Heydər Şiya Əl – Barakanı və İraq Strateji qrupunun rəhbəri Vateq Alhaşimini qəbul edib. SAM-dan SİA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyəti, İslam ölkələri arasında elm sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və SAM-ın 2012-ci ildə təşkil etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin 3-cü Forumunun keçirilməsi ilə bağlı təcrübə mübadiləsi imkanları barədə müzakirələr aparılıb.

F. Məmmədov öz çıxışında İraq və Azərbaycan arasında əməkdaşlığın perspektivləri məsələsinə toxunaraq bir çox sahələr üzrə əlaqələrin yaradılması zərurəti barədə danışıb.

Görüşdə həmçinin SAM-ın direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə