İctimai Palata artıq tükənib

Müsavat Partiyasının başqanı İsa Qəmbərin vahid namizəd kimi özünü təsdiqləməsi və bununla bağlı müxtəlif Kütləvi İnformasiya Vasitələrində (KİV) materialların dərc edilməsi sadəcə olaraq siyasi bəyanat kimi qələmə verilməlidir. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədr müavini (BAXCP), "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçinin sözlərinə görə, istənilən şəxsin vahid namizədliyini hüquqi əsaslarla irəli sürməsi yalnız seçki kompaniyası dövründə mümkündür: "Yəni, bu prosedur seçki kompaniyasına aid olan məsələdir. İndiki halda isə sadəcə olaraq İctimai Palatada (İP) təmsil olunan qruplar arasında rəqabət mühiti davam edir. İ.Qəmbərin namizədliyinin irəli sürülməsi, radikal müxalifət daxilindəki rəqiblərinin qıcıqlandırılmasına hesablanır".

Seçki kompaniyasının başlanılmadığı bir dövrdə bu kimi pessimist fikirlərin ortaya çıxması bir neçə mənbədən qaynaqlanır. E.Mirzəbəyli hesab edir ki, birincisi, bu Müsavat daxilində olan ciddi problemlərlə bağlı ola bilər: "İkincisi, bu radikal müxalifət daxilində olan ziddiyyətlərlə əlaqələndirilə bilər. Bildiyiniz kimi artıq uzun müddətdir ki, AXCP sədri Əli Kərimli ilə İsa Qəmbər arasında ciddi fikir ayrılığı mövcuddur. Belə ki, hər iki tərəf bir-birlərini ağır ittihamlarla tənqid edirlər. Bundan sonar İP çox güman ki, bir qurum kimi fəaliyyətini sona çatdıracaq. Çünki bu partiya siyasi manevr və vahid namizəd məsələsində biraraya gəlmişdir".

Bütün xəbərlər Facebook səhifəmizdə