Əli Kərimlini tərk edənlər İsa Qəmbərə sığınır
AXCP-dən növbəti istefa

AXCP-nin yaşlı üzvlərindən olan Tahir Xanəliyevlə Əli Kərimli arasında ciddi qarşıdurma yaranıb. SİA-nın əldə etdiyi məlumata görə, T.Xanəliyev İsa Qəmbərin fikrinə daha çox üstünlük verərək vahid namizəd məsələsində AXCP sədrinə etirazını bildirib. Ona görə də narazılıq sonda partiyadan istefa həddinə gətirib çıxarıb.

Məlumatda deyilir: "T.Xanəliyev gününün çoxunu müsavatçılarla keçirir, əsasən Müsavatın tədbirlərində iştirak edir. O, daha çox İ.Qəmbərin adamı kimi tanınır və AXCP-də də bunu pis qarşılayırlar. O artıq istefa ərizəsini yazsa da bunu partiyada ört-basdır ediblər".

AXCP-də olan mənbəmiz məlumat verir ki, T.Xanəliyevin istefa ərizəsini yaxın münasibətdə olduğu 5-10 nəfər cəbhəçi cırıb atıb: "Çünki onlar hələki AXCP-dən getməyi düşünmürlər. Lakin T.Xanəliyev artıq AXCP-nin heç bir iclasına qatılmır. Çünki həqiqətən elə bilir ki, ərizəsi qəbul olunaraq partiyadan xaric olunub".

Əldə etdiyimiz başqa bir məlumata görə, T.Xanəliyev ixtisasca hüquqşünasdır və 2010-cu il Parlament seçkilərində AXCP-Müsavat blokunun 11 Saylı Qaradağ Seçki Dairəsindən deputatlığa namizədi olub.

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə