Kubadan Azərbaycana çağırış

"Azərbaycanla Kuba arasında iqtisadi əlaqələr çox zəifdir". Bunu Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina Kuinteron "Azərbaycan və Kuba arasındakı ikitərəfli münasibətlərin 2013-cü ildə inkişaf perspektivləri və Kubanın milli bayramı sayılan 1 yanvar inqilabı"na həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsini əks etdirən rəqəmlər çox kiçikdir. Biz Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindəyik. Ölkələrimiz arasında turizm, səhiyyə, təhsil və neft sənayesi sahəsində əməkdaşlıq üçün imkanlar var. Bundan maksimum istifadə etmək lazımdır".

Səfir bildirdi ki, onlar Azərbaycanı Kubanın neft sənayesinin elmi-texniki sektoruna sərmayə qoymağa çağırırlar. "Kuba Azərbaycana digər ölkələrlə birlikdə Meksika körfəzində neft hasilatında iştirak etməyə şərait yaradır. Azərbaycan Kubada neft sahəsində çox inkişaf etmiş ölkə kimi tanınır. Azərbaycan neft gəlirlərindən səmərəli istifa edir. Bir çox ölkələr var ki, nefti var, lakin ondan əldə olunan gəlirdən düzgün istifadə olunmur. Azərbaycanda isə vəziyyət fərqlidir".

Mətbuat konfransında səfir bildirdi ki, SSRİ dağıldıqdan sonara Kuba neftsiz qalıb: "Vaxtilə Azərbaycan SSRİ-nin tərkibində olanda Azərbaycan Dövlət Neft Akademiyasında 225 nəfər kubalı təhsil alırdı. Bu, Kuba kimi kiçik ölkə üçün böyük rəqəm və kömək demək idi. Məhz onların hesabına Kubanın neft senayesi inkişaf etməyə başlamışdı. İndi Kuba ildə 3 milyon ton neft hasil edir. Bu mənada Azərbaycan neft sahəsində əməkdaşlıq edə biləcəyimiz qabaqcıl ölkələrdəndir".

Bütün xəbərlər Facebook səhifəmizdə