“Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik”

“Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik”

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında "Biz Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" siyasi məktəbinin növbəti seminarı keçirilib. SİA-nın məlumatına görə, seminarı YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov keçirmişdir.

Seminarda qeyd olunmuşdur ki, Azərbaycan gəncləri yüksək inkişaf səviyyəsinə çatıb. Ona görə də müstəqil fikir ətrafında öz həyatlarını qurması çox önəmlidir. Seminarda sovet və avropa təhsili arasındakı fərqlərə diqqət yetirilmişdir. Həmçinin gənclərimizin təhsil zamanı qarşılaşdıqları problemlər, onlardan xilas olmaq yolları haqqında müzakirə aparılmışdır. Seminar zamanı Z.Qaralov gənclərə bildirmişdir ki, bu gün təhsilimizdə müəyyən qədər problemlər var. "Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına və gənclərin intellektual səviyyəsinin yüksəlməsinə böyük qayğı göstərib. Məhz onun təşəbbüsü ilə ötən əsrin 70-ci illərində minlərlə azərbaycanlı gənc Sovet İttifaqının qabaqcıl ali təhsil ocaqlarına göndərilmiş və mükəmməl kadr kimi yetişərək ölkəyə qayıtmışlar. Azərbaycan xalqının intellektual potensialının inkişafı üçün misilsiz işlər görülmüşdür. Müstəqillik illərində də Heydər Əliyev gənclərin xarici dövlətlərdə təhsil almaları üçün geniş imkanlar yaratmışdır. Bu gün də bu istiqamətdə xeyli işlər görülür. Ancaq ölkədə olan təhsil ocaqlarında çoxlu problemlər var. İndi demək olarki orta məktəb təhsili ilə universitetə daxil olmaq mümkün deyil. Valideyinlərin repetitorlar vasitəsilə övladlarını ali təhsil ocaqlarına daxil olmaq üçün hazırlaşdırmalarının əleyhinə deyiləm. Ancaq bu problem öz həllini tapmalıdır. Başqa bir problem tələbələrimiz ali təhsil ocaqlarında bir çox çətinliklərlə qarşılaşırlar. Bu müəssisələrdə elm deyil, digər məsələlər əsas götürülür. Sözdə universitetlərimiz Boloniya sisteminə keçib. Realda isə bu sistemin tələblərinə əməl olunmur. Bu səbəblərdə dolayı bir çox ali təhsilli gənclərimiz öz ixtisaslarına uyğun iş yeri tapa bilmirlər".

Daha sonra seminar gündəmdə olan siyasi məslələrin müzakirəsi ilə davam etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə