Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktor müavini, siyasi elmlər doktoru Elman Nəsirlinin "SƏS TV"-yə müsahibəsi:
- Elman müəllim, 2012-ci ildə Azərbaycanın xarici və daxili siyasətdə əldə etdiyi uğurlar başlıca olaraq nədən ibarət olub?
- 2012-ci il Azərbaycan üçün uğurlu il kimi tarixə daxil olub. Bu il Azərbaycan beynəlxalq sferada bir sıra ciddi nailliyyətlərə imza atıb. Xüsusilə qeyd etmək istəyirəm ki, bu ilin may ayında keçirilən "Avroviziya" mahnı müsabiqəsini ki, bu müsabiqə ilk baxışdan mədəni hadisə kimi diqqəti cəlb etsə də, əslində çox böyük beynəlxalq əhəmiyyəti var idi. Müsabiqə vasitəsilə dünya bir daha Azərbaycan həqiqətləri, mədəniyyəti, musiqisi və xalqımızın özü ilə yaxından tanış oldu. Bura gələnlər öz gözləri ilə Azərbaycanın dinamik inkişafı ilə tanış oldu. Bunlar Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndirdi. Həmçinin Ermənistanın anti-Azərbaycan təbliğat maşınına ciddi zərbə endirdi. Bundan əlavə mühüm nailiyyətlərdən biri Azərbaycan 2011-ci il oktyabr ayının 24-də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsidir. Ancaq bu il ilk dəfə Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. İlk dəfə olaraq ölkə prezidenti İlham Əliyev məhz BMT Təhlükəsizlik Şurasında terrorizmə qarşı mübarizə ilə bağlı müzakirə apardı. Bu Azərbaycan üçün əhəmiyyətli idi. Çünki beynəlxalq terorizmlə bağlı iclasa məhz prezident İlham Əliyev sədrlik edirdi. Bundan da istifadə edərək Ermənistanın dövlət terrorizmi və onun acı nəticələri ilə bağlı geniş məruzə ilə çıxış etdi. Bunlarla yanaşı Azərbaycanın beynəlxalq aləmdə mövqeyi o baxımdan möhkəmlənib ki, Azərbaycan həqiqətləri dünyada daha çox tanınmağa başlayıb. Dostlarımızın və bizi müdafiə edən dövlətlərin sayı artıb. Xüsusilə də ikitərəfli format bu il xüsusi əhəmiyyət kəsb edib. Prezident İlham Əliyev çıxışlarında bildirdi ki, xarici siyasətimizin qarşısında dayanan ən vacib məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Həmçinin qeyd etdi ki, xarici siyasətimizin əsas prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Qeyd etdi ki, keçən il 155 dövlət Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədr seçilən zaman səs verərkən onların bir qismi Azərbaycanla heç ikitərəfli əlaqələrə malik deyildi. Amma bu bizim üçün bir avans idi. Biz 2012-ci ildə də avansın qaytarılması və eyni zamanda ikitərəfli əlaqələrin genişlənməsinə xüsusi əhəmiyyət verməliyik. Həmçinin bu il GUAM çərçivəsində münasibətlərin inkişafı davam etdirilib. Təbii ki, 2012-ci il ərzində təkcə xarici siyasət deyil, daxili siyasət uğurla davam etdirilmişdir. Xarici siyasət o zaman uğurlu olur ki, daxili siyasət güclü olsun. Bu il iqtisadi baxımdan da Azərbaycan üçün uğurlu olub. İqtisadi baxımdan reytinqini xeyli möhkəmləndirib. Azərbaycan 2012-ci ilin nəticələrinə görə, rəqabət qabiliyyətli iqtisadiyyat baxımından dünyada 46-cı, MDB məkanında isə birinci yerdə dayanır. Bu da bizim 2012-ci ildə ən böyük uğurlarımızdan biridir. Azərbaycanın Neft Fondundakı valyuta ehtiyyatlarımız xeyli artıb. Artıq republikamızın valyuta ehtiyyatları 44 milyard dolları ötüb. Eyni zamanda bölgələrimiz yüksək sürətlə inkişaf etdirilir. Bütün bu inkişaf prosesləri konkret proqram əsasında həyata keçirilib. Bu gün ölkəmizdə 50-dən çox proqram var ki, onlara əsasən ölkənin inkişafı həyata keçirilir. İdman sahəsində böyük bir uğur əldə olunub. Bu il London Yay Olimpiya oyunlarında idmançılarımız 10 medal əldə edib. Hesab edirəm ki, 2012-ci ilin sonun ən mühüm hadisələrindən biri də o oldu ki, dekabr 8-də Avropa Olimpiya Komitəsi ilk Avropa Yay Olimpiya oyunlarının Bakıda keçirilməsi bağlı qərar qəbul etdi. Düşünürəm ki, Azərbaycan hər zaman fəxr edəcək ki, I Avropa Yay Olimpiya oyunları Bakıda keçiriləcək. Bu böyük nailiyyətdir. Hətta bunu prezident İlham Əliyev də dəfələrlə qeyd edib. Dövlətimizin qarşısında dayanan bütün məsələlərin öhdəsindən gəlir. İstənilən problem həllini tezliklə tapır. Yeganə həllini tapmayan problem isə Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüzün nəticələri ilə bağlı məsələdir. Bu problemin də həllini tapması birbaşa bizdən asılı deyil. Ermənistan ənənəvi, qeyri konstruktiv siyasətini davam etdirməsi, apardığı siyasətə himayədarlıq edən dövlətlərin olması, vasitəçilik missiyasını həyata keçirən tərəflərin lazımı adekvat addımlar atmaması bu problemin həll olunmasının qarşısında duran əsas maneələrdir. Bütün bunların nəticəsi olaraq cəzasızlıq mühiti formalaşır. Təəssüflər olsun ki, Ermənistan da bundan maksimum yararlanır. Amma iqtisadi inkişaf, beynəlxalq mövqelərin möhkəmlənməsi, ölkəmizi etibarlı tərəfkeş hesab edən ölkələrin artması 2012-cü ilin kifayət qədər uğurlu olduğuna sübutdur.
- Prezident İlham Əliyevin sərhədyanı rayonlara səfəri zamanı söylədiyi nitqin arxasında hansı məqamlar dayanır? Bu nitqdən irəli gələrək demək olarmı ki, tezliklə müharibə başlayacaq?
- Dövlətimizin və ölkəmizin prezidentinin münaqişənin həlli ilə bağlı mövqeyi məlumdur. Bundan əlavə tarixi həqiqət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Biz münaqişəni tarixi həqiqət və beynəlxalq hüquq prinsiplərinə söykənərək dinc yolla həll etmək istəyirik. Bizim münaqişənin həlli bağlı Ermənistana ən böyük güzəştimiz o olub ki, ərazimizin böyük hissəsinin işğalda olmasına baxmayaraq biz hələ də müharibəyə başlamırıq. Artıq bundan böyük güzəşt olmaz. Bütün bunlarla bərabər ölkə başçısının başqa bir qətiyyətli mövqeyi də var və bu da ondan ibarətdir ki, hər bir şeyin sonu, limiti olduğu kimi danışıqların da sonu var. Bu danışıqlar daimi olaraq belə gedə bilməz, danışıqlar naminə danışıqlara getmək olmaz. Taktiki baxımdan belə uzunmüddətli danışıqlarla strateji məqsədi həyata keçirmək olmaz. Lakin Azərbaycan yenə də beynəlxalq hüquq prinsiplərinə hörmət edən dövlət olaraq beynəlxalq hüququn prinsiplərinə söykənərək, daha konkret desək BMT nizamnaməsinin 51-ci maddəsinə istinad edərək (o maddə ki, ərazisi təcavüzə qalmış dövlətə fərdi və kollektiv müdafiə hüququ verir) torpaqlarımızı güc yolu ilə də geri ala bilərik. BMT nizamnaməsinin 25-ci maddəsində qeyd edilir ki, BMT-nin qərarlarını yerinə yetirilməsi məcburidir. Hesab edirəm ki, ölkə prezidenti hərbi zavodların və hərbi istehsalatla bağlı müəssisələrin açılışında iştirak etməsi və bununla bağlı fikirlər söyləməsi Ermənistana ismarıcdır. Azərbaycan nə qədər sülhpərvər dövlət olsa belə eyni zamanda torpalarının davamlı şəkildə işğal altında qalması ilə heç vaxt barışmayacaq və bunu həlli ilə bağlı istənilən hərbi addımı atmaq hüququnu özündə saxlayır və bu təbii ki, ismarıcdır. Eyni zamanda hesab edirəm ki, bu ismarıclardan Ermənistan dövləti nəticə çıxarmalıdır, əks təqdirdə bu proseslər davamlı və daimi şəkildə gedə bilməz. Əgər bu belə davam edərsə həmsədrlər heç istəmədiyi hadisə - müharibə vəziyyəti reallaşa bilər. Hesab edirəm ki, Ermənistan tərəfi bu prosesi özü də bilmədən süni şəkildə uzadır.
- Rusiya artıq regionda güc dövləti olaraq özünü isbatlamağa çalışır. GUAM isə əksinə öz fəaliyyətini itirmək üzrədir. Bununla bağlı nə deyə bilərsiniz?
- 1997-cı ildə GUAM yaradıldı. Bu hadisədən sonra dərhal öz fəaliyyətinə başladı və bəzi təkmilləşmələr oldu. Daha sonra isə Kiyevdə onun mənzil qərargahı yaradıldı və bu prosesdə dinamizmə yol açdı. Hesab edirəm ki, bu layihənin əsas ideya müəllifi qimində daha çox Amerika Birləşmiş Ştatlar (ABŞ) çıxış edirdi. İstənilən halda hesab edirəm ki, bu təşkilatın olması bizim üçün də xüsusi əhəmiyyət kəsb edir. Ən azı o baxımdan ki, beynəlxalq təşkilatlarda GUAM ölkələri vahid mövqedən çıxış edirlər. Biz GUAM təşkilatının regionda xüsusi söz sahibi olduğu, münaqişələrin və ya problemlərin həllinə xüsusi, fövqalədə imkanlara malik olduğunu da iddia edə bilmərik. Bu təşkilatın fəaliyyətində müəyyən qabarmalar və müəyyən geri çəkilmələr də özünü göstərir. Amma istənilən halda bu təşkilatın varlığı və mövcudluğu prinsip etibarilə təşkilata üzv olan dövlətlər üçün əhəmiyyətlidir, səmərəlidir. Azərbaycan da bunu dərk edərək GUAM-ın mövqelərinin möhkəmlənməsində maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB