BDU-nun tələbəsinə Yeni Azərbaycan Partiyasının vəsiqəsi təqdim edilib
YAP-ın 600 mininci üzvü FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) 600 mininci üzvünə partiyanın üzvülük vəsiqəsi təqdim olunub. SİA-nın məlumatına görə, bu münasibətlə YAP-ın mərkəzi qərargahında tədbir keçirilib.

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib ki, 1992-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış partiya bu illər ərzində şərəfli yol keçib, həm ölkə daxilində, həm də respublikamızın hüdudlarından kənarda böyük nüfuz qazanıb. Ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevə xalqımızın dərin inamı partiya üzvlərinin sayının günbəgün çoxalmasına səbəb olub. Bizim üzv olduğumuz bu intellektual güc artıq böyük siyasi qüvvəyə çevrilib. Partiya üzvlərinin sayı artıq 600 minə çatıb və sevindirici haldır ki, üzvlərimizin 40 faizini gənclər təşkil edirlər. Bu da cəmiyyətimizin əsas aparıcı qüvvəsi olan gənclərin partiyamıza, onun sədri Prezident İlham Əliyevə inamının artmasından irəli gəlir.

Ə.Əhmədov cari ildə ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xüsusi rol oynayan hadisələrdən də danışıb. Bildirilib ki, Azərbaycan bu il həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara imza atıb. Bu uğurlarda partiyanın da xüsusi rolu olub. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbul edilməsi, bu təşkilata sədrliyi, "Eurovizion-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməsi, XXX London Yay Olimpiya Oyunlarında qazanılmış qızıl, gümüş və bürünc medallar, ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinə dair məlum qərar və bir sıra digər hadisələr buna parlaq misaldır.

Qarşıdan gələn 2013-cü ildəki fəaliyyətə toxunan Ə.Əhmədov deyib: "Gələn il ölkəmizdə prezident seçkiləri keçiriləcəkdir. Düşünürük ki, xalqımız bu dəfə də düzgün seçim edəcəkdir. 2003-cü ildən başlayaraq Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində yoxsulluğun səviyyəsinin 50 faizdən 7 faizə enməsi, bir milyondan çox yeni iş yerinin yaradılması, regionların sosial iqtisadi inkişafı belə deməyə əsas verir. Ona görə də inanırıq ki, xalq bu dəfə də dövlətimizin başçısı İlham Əliyevə səs verməklə öz düzgün seçimini edəcəkdir".

Sonra YAP-ın 600 mininci üzvünə - Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Rövşən Mehman oğlu İsmayılova partiyanın üzvlük vəsiqəsi təqdim olunub.

R.İsmayılov çıxış edərək YAP-ın rəhbərliyinə minnətdarlığını bildirib, ona göstərilən etimadı doğruldacağına, partiyanın ən fəal gənclərindən biri olacağına söz verib.

Bütün xəbərlər Facebook səhifəmizdə