Müsahibiz Sosial Demokrat Partiyasının sədri Araz Əlizadədir
- Araz müəllim, ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ardıcıl olaraq müxalifət partiyalarının sədrləri ilə görüşlər keçirir. Hətta, iki gün öncə bağlı qapılar arxasında yenə bir görüş keçirilib. Bir müddət əvvəl Rusiyanın Azərbaycandakı səfiri bölgələrə gedərək azsaylı xalqlarla görüşüb. Necə düşünürsünuz, bu hansı maraqdan irəli gəlir?
- Ümumiyyətlə, Azərbaycanda bir çox ölkələrin maraqları var, Azərbaycan həm iqtisadi potensialına görə, həm də geostrateji mövqeyinə görə bir çox dünya nəhənglərini maraqlandırır. Onların bu maraqları normal qarşılanmalıdır. İkinci tərəfdən isə hər bir səfirin əsas vəzifəsi öz ölkəsinin maraqlarını qorumaqdır. Əgər bu səfirlər hesab edirlər ki, Rusiya və ABŞ-ın maraqlarını Azərbaycanda özünü milli demokrat və ya radikal müxalifət adlandıran qüvvələrdir, onda görüşsünlər. Amma mən düşünmürəm ki, onlar öz ölkələrinin maraqlarını belə insanların vasitəsilə həyata keçirə bilərlər. Mənim bir söz xoşuma gəlmir ki, deyirlər "müxalifətlə görüş". Mən müxalifət olsam da, ancaq mənimlə onların görüşü olmayıb. Bu bizim zəifliyimizdən irəli gəlmir. ABŞ-da 11 sentyabr hadisəsi baş verəndə birinci mən səfirliyə başsağlığı vermişəm. Amerikanın o zamanki ikinci katibi Yelena Paulus da mənə zanglə bağlı təşəkkürünü bildirdi. Sonra məndən soruşdular ki, bunun səbəbi nədi? Mən dedim ki, Amerika xalqının yanındayam, ancaq Amerikanın bu işdə kiçik payı var - terror aktı. ABŞ özü bir çox dövlətlərdə terror siyasəti yeridir, eyni zamanda dünyada bir nömrəli terror dövləti olan İzraili dəstəkləyir və bu da raketləri, təyarələri olmayan insanları belə şəxsi terrora əl atmağa vadar edir. Güclü dövlət o zaman güclüdür ki, əxlaqlı siyasət yürüdür. Mənim bu sözlərim onların xoşuna gəlmədi. Baxın görün bu qüvvələr meydana çıxandan Amerika, Rusiya, hətta, Ermənistan belə bunlarla mütəmadi olaraq işləyirlər və hətta qısa bir müddətə onları hakimiyyətə də gətirmişdilər. Lakin onların hakimiyyəti az qala vətəndaş müharibəsinə gətirib çıxarmışdı. O zaman Ulu Öndər Heydər Əliyev bunların qarşısını aldı. İndi bizim müxalifət arzulayır ki, Liviyada, Misirdə olan hadisələr bizdə də olsun. Fərz edək ki, hakimiyyət dəyişildi, bu da böyük bir fantazyadır. Yenə həmin qüvvələr gələcəklər, hakimiyyəti onlar idarə edəcəklər, həmin dövrdəki hərc-mərclik olacaq. Çünki bu insanlar inkişaf etmirlər, inkşaf etsəydilər mitinqdən başqa da mübarizə üsulları da tapardılar. Bu insanlar əvvələr də naşı idilər, elə indi də naşı olaraq qalıblar. Heç bir fərq görmürəm.
- Xarici və daxili qüvvələrin fəallaşması növbəti il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqəsi varmı?
- Əlbəttə ki var. Amma mən düşünmürəm ki, həmin o anda dünya nəhəngləri bu qüvvələri himayə edib, onları hakimiyyətə gətirəcəklər. Bunlar hamısı bir növ qurd qoyun məsələsidir.
- Müxalifətin "vahid namizəd" məsələsinə toxunmaq istəyirəm. "İP" da təmsil olunan partiyalar daha çox İsa Qəmbər və Əli Kərimlinin üzərində dayanırlar. Buna sizin münasibətiniz?
- Əvvala, "İctimai Palata" yarananda mən demişdim ki, bu ölü doğulmuş uşaqdır. O, heç zaman ayaq açıb yeriyə bilməz və bu belə də oldu. İkincisi, bu İctimai Palata özləri özlərini adlandırır axı cəmiyyət səni adlandırmalıdır. "İctimai Palata"nın dünyada əhəmiyyəti ondan ibarətdir ki, onlar mütəmadi olaraq prezidentlə təmasda olur, öz fikirlərini birbaşa ona deyirlər. Bunlar isə seçkidə uğur qazanmayan insanlardır, özlərini "İctimai Palata" adlandırıb, guya Azərbaycanın taleyini həll etmək istəyirlər. Bunlarda "vahid namizəd" və ya bir neçə namizəd olsa fərq etməz. Çünki onlar artıq iflasa uğrayıblar. Ona görə ki, 1988-ci ildə meydanda xalqın başını daşa vurdular, 1990-cı ilin yanvarında hadisələr törətdilər, 1992-ci ildə dövlət çevrilişi etdilər, 1993-cü ildə vətəndaş müharibəsinə gətirib çıxardılar və 2003-cü ildə kütləvi ixtişaşlar törətdilər. Mən hər zaman da fikir verirəm, bu liderlərlər heç vaxt ortalıqda olmur. Yenə əzilən, döyülən yenə də xalq olur.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB