“GUAM PA qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıdır"

“GUAM PA qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıdır"

Bu gün Milli Məclisdə GUAM Parlament Assembleyasının V geniş tərkibli iclasının yekun tədbiri keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən GUAM PA-dakı Mili Məclis nümayəndə heyətinin rəhbəri Elton Məmmədov bildirib ki, apardığımız müzakirələr, qaldırılan məsələlər və qəbul edilən qərarlar GUAM PA-nın gələcək fəaliyyətinin genişləndirilməsinə xidmət edəcək.

O bildirib ki, həm milli nümayəndə heyətləri, həm də digər beynəlxalq təşkilatları təmsil edən qonaqlar Assambleyanın işində, xüsusi ilə də ümumi müzakirələrdə kifayət qədər fəal oldular: "GUAM PA qarşılıqlı faydalı əməkdaşlığın üzərində qurulan əlaqələrin genişləndirilməsində maraqlıdır və bu istiqamətdə öz səylərini bundan sonra da davam etdirmək niyyətindədir. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ali qanunvericilik orqanlarının xüsusi rolunu nəzərə alsaq, parlamentin bu sahədə fəaliyyət gücünü artırmalıyıq".

"Proqrama uyğun olaraq GUAM PA-nın Kommünikesini qəbul etməliyik. Kommünikesi Assambleyanın iclası zamanı aparılan ümumi müzakirələr, qəbul edilən qərarlar barədə məlumatları əks etdirir. Sənəddə tərəflər qeyd edir ki, PA demokratiyanın möhkəmləndirilməsi, qanunun aliliyinə, insan haqları və azadlıqlarına əməl edilməsi, dövlətlərin iqtisadi inkişafı və regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində vacib rol oynayır",- deyə E. Məmmədov çıxışına əlavə edib.

Nümayəndə heyətinin rəhbəri onu da vurğulayıb ki, sənəddə həmçinin GUAM regionunda həlli uzanan münaqişələrin çözülməsinə dair irəliləyişin olmaması ilə bağlı PA-nın narahatlığı ifadə olunur və münaqişələrin nəinki üzv dövlətlər, eləcə də bütün Avropa üçün təhlükə yaratdığı qeyd edilir: "Bununla yanaşı, sənəddə həm də PA-nın Prosedur Qaydalarına əlavənin edilməsi və son olaraq Assambleyanın növbəti iclasının gələn il Gürcüstanda keçiriləcəyi bildirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə