Radikal müxalifətə "yuxarıdan" tapşırıq gəldi

ABŞ səfiri İsa Qəmbər və Əli Kərimliyə: "Seçkilərə hazırlaşın"
Radikal müxalifətə "yuxarıdan" tapşırıq gəldi

Dekabrın 18-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bəzi müxalifət partiyalarının rəhbərləri ilə sayca dördüncü görüşünü keçirib. Görüşdə Müsavat Partiyasının sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, VHP Məclisinin sədri Rafiq Manafov, ReAL hərəkatının həmtəsisçisi Erkin Qədirli və Mehriban Vəzir iştirak ediblər.İştirakçılar müzakirə olunan məsələlərlə bağlı heç bir açıqlama verməyiblər.

Mətbuatda yayılan məlumatda bildirilir ki, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı vəziyyət, müxalifətin seçkiyə hazırlığı, demokratik seçki mühiti və digər məsələlər müzakirə olunub. "Olaylar"ın əldə etdiyi məlumata görə, dünən görüş başa çatdıqdan sonra R.Morninqstar AXCP və Müsavat sədrlərini saxlayaraq İctimai Palatada mövcud durumla maraqlanıb və seçkilərlə bağlı onların mövqelərini aydınlaşdırmağa çalışıb.

Morninqstar bildirib ki, hazırkı fikir ayrılığı və ziddiyyətlər faktiki olaraq İP-ni dağılma təhlükəsi ilə qarşı-qarşıya qoyub. Buna görə də vahid namizəd məsələsinin müzakirəsi dayandırılmalı və hər iki şəxs prezident seçkilərində iştiraka hazırlaşmalıdırlar. İsa Qəmbərlə Əli Kərimlinin ayrı-ayrılıqda seçkinin birinci mərhələsinə qatılmalarının zəruriliyini vurğulayan səfir, vahid namizəd məsələsinin müzakirəsini seçkilərin sonrakı mərhələsinə saxlamağı vacib hesab edib.

Bütün xəbərlər Facebook səhifəmizdə