Bakı Forumu öz işinə başlayıb YENİLƏNİB

Bakı Forumu öz işinə başlayıb YENİLƏNİB

Bu gün Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə "Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumu keçirilib. SİA-nın məlumatına görə, forum iştirakçıları öncə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət ediblər.

"Azərbaycan - mənəvi ənənələr və tolerantlıq" adlı qısametrajlı filmin nümayişindən sonra Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov ölkə prezidenti İlham Əliyevin tədbir iştirakçılarına təbrik müraciətini oxuyub. Açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Komitənin sədri Elşad İsgəndərov tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, ölkəmizdə ilk dəfə keçirilən tədbirə 10-dan artıq ölkədən 30-dan çox xarici qonaqların qatılıb. "Müasir dünyada gedən proseslərin forunda bu cür qarşılıqlı anlaşma və tolerantlıq mühitinin formalaşdırılmasının xüsusi rolu var. Hazırda Azərbaycanda dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Bu, ölkə prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək deyib ki, Bakıda xristianlar, hətta sayı az olan katolik icması üçün də kilsə tikilib: "Tolerantlığın daha bir nümunəsi isə erməni katolikosunun Bakıya gəlməsidir. Bir çox ölkə Azərbaycandakı dini dözümlülükdən nümunə götürməlidir. SSRİ dağılanda Azərbaycanda 18 məscid vardısa, hazırda müsəlmanlar üçün ibadət yerlərinin sayı 2 minə çatıb".

Türkiyənin Diyanət işləri başqanı Mehmet Görməz isə deyib ki, dünyada yeni münasibətlər sisteminə ehtiyac var: "Tarix boyu din-dövlət münasibətləri müxtəlif xarakterli olub. Zaman-zaman dindən dövlət hakimiyyətinin gücləndirilməsi üçün də istifadə edilib. Din cəmiyyətin rifahının və sabitliyinin yeganə qarantı olub. İslam dini - müsəlman coğrafiyasında hər sahədə təməl kimi əsas götürülən normativ dəyərlərin qaynağıdır. Dəyərlər dünyasında islam hər bir müsəlmanın stabil həyat sürməsinə yardımçı olub. Qərbdə isə dünyəvilik din və dövlət arasında münasibətlərdə tənzimləyici rol funksiyasını yerinə yetirib. Dinin dövlətin təsirində tutan yanaşması isə düzgün deyil".

Daha sonra İran prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad, Küveyt vəqflər və islam işləri nazirinin müavini Adel Abdulla Əl-Fəlah, o cümlədən Misir, Dağıstan və digər ölkələrin rəsmi nümayəndələri forumun əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sonda Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Nazirlər Kabineti yanında Dini İşlər İdarəsi (Diyanet İşleri Başkanlığı) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov və Türkiyə Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz imza atıb. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə BMT arasında da əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi Elşad İskəndərov və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Broek imzalayıb.

Qeyd edək ki, iki gün davam edəcək beynəlxalq forumda "Tolerantlıq: konsepsiya və ictimai baxış", "Dövlət-din münasibətlərində müasir meyllər", "Milli və dini kimliyin vəhdəti: dövlət-din münasibətlərinin Azərbaycan modeli", "Tolerantlıq və ifadə azadlığı", "Universal Dialoq axtarışında" adlı 5 plenar iclas keçiriləcək. Forumun sonunda "Bakı Platforması" qəbul ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə