Elmar Məmmədyarov kimlərlə görüşdü?

Elmar Məmmədyarov kimlərlə görüşdü?

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkədə səfərdə olan İsveçin xarici işlər naziri Karl Bildt, Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov və Polşa prezident administrasiyasının rəhbəri Yazek Mixaylovski ilə görüşüb. SİA-nın xəbərinə görə, E.Məmmədyarov jurnalistlərə açıqlamasında bu formatda səfərin ilk dəfə gerçəkləşdiyini söyləyib.

Nazir qeyd edib ki, görüşdə Avropa Birliyi ilə Cənubi Qafqaz ölkələrinin münasibətləri barədə müzakirə aparılıb. Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və regional məsələlər barədə qonaqları məlumatlandırıb.

K.Bildt isə "Şərq Tərəfdaşlığı"nın Vilnüsdə keçiriləcək sammiti ərəfəsində bölgə ölkələri ilə müzakirə aparmaq və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək istədiklərini deyib. O, Azərbaycanla dialoqun davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

N.Mladenovun sözlərinə görə, münasibətlər təkcə enerji əməkdaşlığı üzərində qurulmamalıdır: "Enerji sahəsi əlbəttə ki, vacibdir, lakin biz başqa sahələrdə də əməkdaşlığı da inkişaf etdirmək istəyirik". Y.Mixaylovski isə bildirib ki, Azərbaycan və AB arasında pozitiv əlaqələr var və tərəflər bu əlaqələri inkişaf etdirmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə