YAP Xətai rayon təşkilatında Heydər Əliyev anılıb

YAP Xətai rayon təşkilatında Heydər Əliyev anılıb

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında YAP Gənclər birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyev anım günü keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov, hakim partiyanın icra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP GB-nin sədri Seymur Orucov və digər qonaqlar iştirak edib. SİA-nın məlumatına görə, öncə Seymur Orucov gənclərə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, dahi şəxsiyyətin zəngin irsinin dərindən öyrənilməsi hər bir gəncin gələcəyi üçün çox faydalı və əhəmiyyətlidir: "Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. Bu gün, YAP-ın 600 min üzvündən 220 minini gənclər təşkil edir. Bizim əsas məqsədimiz gənclərin birliyi ilə bağlı fəaliyyətimizi daha da inkişaf etdirməkdir. Yeni Azərbaycan Partiyası gəncləri hər zaman öndə tutub və həmişə onların ölkə həyatında geniş fəaliyyətinə imkan yaradıb".

YAP GB-nin sədri qeyd edib ki, partiyamızın ideya və prinsipləri müstəqil, demokratik və güclü dövlət, insanların yüksək rifahının təmin edilməsindən ibarətdir: "Partiyanın sədri, ölkə prezidenti İlham Əliyev bu istiqamətdə məqsədyönlü, uğurlu siyasət həyata keçirir".

YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov gənclərin öz siyasi talelərini Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiya ilə bağlamalarının əhəmiyyətini vurğulayıb: "Gənclər bu qənaətdədirlər ki, özlərini ifadə etmək üçün ən əlverişli mühit YAP-dadır və bu partiyanın üzvü olmaqla Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmək imkanları əldə etmiş olurlar. YAP gənclərə ən düzgün yol göstərən əzəmətli siyasi təşkilat, Azərbaycanın yaxın keçmişini, bu gününü və gələcəyini özündə ifadə edən güclü bir partiyadır. YAP-ın gücü, əzəməti və gələcəklə bağlı olan perspektivləri, ilk növbədə, partiyanın istinad etdiyi ideya və prinsiplərə söykənir. YAP-ın yaradıcısı Heydər Əliyev bu partiyanın formalaşmasının elə əzəmətli və əbədiyaşar prinsiplərini müəyyənləşdirib ki, bu prinsiplərə istinad edən partiya mövcudluğu dövründə həm üzvləri, həm də Azərbaycan xalqının bəslədiyi bütün ümidləri doğrulda bilib. Sevindirici haldır ki, gənclərin partiyamıza axını böyük vüsət alıb".

Əli Əhmədovun sözlərinə görə, Azərbaycan hökumətinin fəaliyyətində gənclərlə bağlı siyasət əsas yerlərdən birini tutur: "Gənclərin yaxşı təhsil alması, müasir dünyagörüşünə yiyələnməsi, malik olduğu potensialı ifadə etməsi və bu potensialı Azərbaycanın inkişafı istiqamətinə yönəltməsi bu gün hökumətimizin həyata keçirdiyi siyasətin əsas qayəsini, ideya bazasını təşkil edir".

Daha sonra YAP GB-nın sədr müavini Samirə Quliyeva və digərləri Azərbaycan gəncliyinin qarşısında duran vəzifələrdən danışıblar. Bildirilib ki, XXI əsr sürət, dinamika əsridir. Bu əsr yüksək ixtisaslı, bacarıqlı gənclərin əsridir. Azərbaycan gəncliyi də bu tələblərə cavab verməlidir.

Qeyd olunub ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri iqtisadi kapitalın insan kapitalına çevrilməsidir. Bu da ölkədə gənclərə olan diqqət və qayğının əhəmiyyətini ortaya qoyur.

Bütün xəbərlər Facebook səhifəmizdə