Fuad Muradov: "Biz müxalifəti qanunsuz işlərdən əl çəkməyə çağırırıq
Müxalifət çalışır ki, bu tədbirlərin belə günlərdə həyata keçirilməsi ilə ictimaiyyətin diqqətini bu məsələyə yönəltsin və bununla da beynəlxalq müstəvidə Azərbaycanın imicinə böyük zərbə vursun. Bunu SİA-ya millət vəkili Fuad Muradov radikal müxalifətin bu gün beynəlxalq İnsan haqları günü ilə bağlı keçirmək istədiyi aksiyaya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsində də radikal qüvvələr tərəfindən belə bir addım atılmışdı: "Əgər biz Azərbaycanın müstəqilliyini istəyiriksə, onun inkişafına çalışırıqsa necə ola bilər ki, böyük benəlxalq tədbirin Azərbaycanda keçirilməsinə maneçilik törədilsin? Mən çox təəssüf edirəm ki, bu qüvvələr hələ də ölkədə var və bu işlərini davam etdirirlər. Müxalifət daim çalışır ki, ictimaiyyətin fikrini başqa istiqamətə yönəltsin. Amma bütün bunlar əbəs yerədir. Dövlət başçısı tərəfindən həyata keçirilən siyasət ölkə əhalisi tərəfindən tam dəstəklənir. Azərbaycanda akredditə olunmuş beynəlxalq təşkilatlar, səfirliklər hər biri bunu təsdiqləyir. Ona görə də burada başlıca məqsəd ondan ibarətdir ki, Azərbaycanın ümumi imicinə, nüfuzuna xələl gətirilsin. Lakin bu heç bir halda nəticə verməyəcək. Biz müxalifəti həyata keçirmək istədikləri bu kimi işlərdən əl çəkməyə çağırırıq".
F.Muradov hesab edir ki, Azərbaycan bir sıra ciddi beynəlxalq təşkilatların üzvüdür. Bu təşkilatlar içərisində istər İnsan haqları, istər qanunun aliliyi, istərsə də demokratik dəyərlərin qorunması ilə bağlı Azərbaycanın özünəməxsus rolu vardır: "Bizim bütün beynəlxalq tədbirlərdə, böyük layihələrdə Azərbaycan xüsusi olaraq İnsan haqlarının qorunmasında, təbliğində önəmli rol oynayır. Bununla belə məlum məsələdir ki, Azərbaycan 155 ölkənin dəstəyini alaraq BMT-nin qeyri-daimi üzvülüyünə seçilib. Bu onu göstərir ki, Azərbaycanda gedən ictimai-siyasi proseslər dövlətlər birliyi, beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir və ölkəmizdə bu gün üçün İnsan haqlarının qorunması prioritet məsələlərdəndir. Azərbaycan prezidenti İlham Əliyevin İnsan haqlarının qorunması istiqamətində Milli fəaliyyət proqramının təsdiq olunması çox yüksək qiymətləndirilib. Dəfələrlə beynəlxalq təşkilatlar bu sənədin Azərbaycanda həyata keçirilməsini çox müsbət qarşılayıb və bunu digər ölkələrə tövsiyyə edib. Ona görə bu istiqamətdə ölkəmizin bu gün həyata keçirdiyi siyasət Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına, hüquq və azadlıqlarının qorunub saxlanılmasına, demokratik dəyərlərin gücləndirilməsinə xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB