Əli Kərimli Beynəlxalq İnsan Hüquqları Gününü qarşıdurma ilə qeyd edəcək

Əli Kərimli Beynəlxalq İnsan Hüquqları Gününü qarşıdurma ilə qeyd edəcək

Dekabrın 7-də Müsavat qərargahında AXCP sədri Əli Kərimli partiyanın Rəyasət Heyətinin üzvləri və rayon təşkilatları sədrləri ilə birgə müşavirə keçirib. Müxalifət dairələrindən "Olaylar"a daxil olan məlumata görə, müşavirədə İctimai Palatanın dekabrın 10-da Milli Məclisin qarşısında keçirməyi planlaşdırdığı aksiyaya AXCP-nin hazırlıq vəziyyəti müzakirə edilib.

Mənbənin məlumatına görə, Əli Kərimli çıxış edərək bildirib ki, dekabrın 10-na planlaşdırılan piket bu il müxalifətin sonuncu aksiyası olduğundan ona ciddi hazırlaşmaq lazımdır. AXCP sədri son aksiyalar zamanı Müsavatın daha fəal olduğuna diqqəti çəkərək partiya funksionerlərindən xüsusi əzmkarlıq nümayiş etdirməyi tələb edib. Partiya sədri onu da bildirib ki, aksiyanı keçiriləcəyi gün təsadüfi seçilməyib. Belə ki, dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunduğuna görə, piketin polis tərəfindən dağıdılması xaricdə daha böyük rezonansa səbəb olacaq. Buna görə də aksiya iştirakçıları polis əməkdaşları ilə daha çox qarşıdurmaya getməli, polisin qəddar rəftarı ilə bağlı xarici və yerli medianı zəruri faktlarla təmin etməlidirlər. Ə.Kərimli aksiya iştirakçılarının fəallığının müxtəlif xarici güc mərkəzləri ilə əməkdaşlıq və partiyanın maliyyə məsələlərinin həlli baxımından da mühüm əhəmiyyətə malik olduğunu deyib.

Mənbəmizin sözlərinə görə, AXCP Milli Məclisin qarşısında keçiriləcək piketə paralel olaraq eyni saatda Fəvvarələr meydanında da etiraz aksiyası təşkil etməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə