Azərbaycan Respublikasının Belçika Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Fuad İsgəndərov etimadnaməsini Belçika Kralı II Albertə təqdim edib. SİA-ya XİN-in mətbuat xidmətindən verilən məlumata görə, təqdimetmə mərasimindən sonra Səfir Fuad İsgəndərovla Kral II Albertin səmimi söhbəti zamanı Səfir Kral II Albertə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.
Öz növbəsində Kral II Albert onun səmimi salamlarının və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına çatdırılmasını xahiş edib.
Səfir Fuad İsgəndərov Kral II Albertə Azərbaycan Respublikasının Belçika Krallığı ilə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və Cənubi Qafqaz regionunda cərəyan edən proseslər, ölkəmizin əldə etdiyi siyasi və iqtisadi nailiyyətlər, ölkəmizin enerji siyasəti və Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlığı barədə ətraflı məlumat verib.
Kral II Albert Azərbaycanın regionda mühüm ölkə olduğuna diqqət çəkərək, Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini yüksək qiymətləndirmiş və dünya miqyaslı məsələlərin həllində ölkəmizə uğurlar arzulayıb.
Sonda Kral II Albert Səfir Fuad İsgəndərovu yeni təyinatı ilə bağlı təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulamış və Belçika Hökumətinin müvafiq əməkdaşlıq üçün hər zaman zəruri dəstək göstərəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB