“Türkiyəli ekspertin fikirləri reallığı əks etdirmir”

“Türkiyəli ekspertin fikirləri reallığı əks etdirmir”

Son günlər türkiyəli ekspert Barçin Yinançın açıqlamalından sonra müxalifət mətbuatında guya "ərəb baharı"nın Qafqaz ölkələrində də baş verəcəyi haqda əsassız iddialar, mülahizələr irəli sürülür. B.Yinanç hesab edir ki, hazırda bir sıra ölkələrdə baş verən təlatümlər Qafqaza və Mərkəzi Asiyaya yol aça bilər.

Mövzu ilə bağlı SİA-ya açıqlama verən Siyasi elmlər doktoru Elman Nəsirli bildirib ki, bu subyektiv yanaşmadır.

"İlk növbədə inqilabi şərait yoxdursa heç bu haqqda danışmağa dəyməz. İnqilab nədir? Bu suala cavab olaraq belə bir yanaşma da var ki, inqilab baş tutmuş dövlət çevrilişidir. Bəs dövlət çevrilişi nədir? Baş tutmayan inqilabdır. İnqilabın baş tutması üçün şərtlər mövcuddur. Əgər söhbət Cənubi Qafqazdan gedirsə və bununla Azərbaycanı da nəzərdə tuturlarsa bilməlidirlər ki, Azərbaycan regionda iqtisadi baxımdan liderdir. Regionun bütün iqtisadiyyatının 85 faizi məhz Azərbaycana məxsusdur. Azərbaycan dinamik inkişaf tempinə malikdir, siyasi sabitliyə malikdir və ölkəmizdə mədəniyyətlərarası dialoqun gözəl nümunəsi formalaşıb, tolerantlıq hökm sürür. Bu baxımdan hesab edirəm ki, ölkəmizdə nəinki inqilabi şərait yoxdur, əksinə Azərbaycanın təcrübəsini böhran vəziyyətində olan bir çox ölkələr tətbiq etsələr onlar inqilabi şəraitin elementlərini belə yox etmiş olarlar. Həmin dövlətlər bununla inqilabdan yayına bilərlər".

Siyasi elmlər doktoru Elman Nəsirlinin sözlərinə görə, Qərb ekspertləri qeyd edirlər ki, "ərəb baharı"nın ardınca "fars baharı" gələ bilər: "Bu həssas məsələlərdir. Əslində İran ətrafındakı problemlərin də həlli yolları mümkündür. Problemləri həll etmək üçün inqilab, təlatümlər heç də düzgün yol deyil. Mərkəzi Asiyaya gəldikdə isə Qazaxıstan, Türkmənstan dövlətləri də dinamik inkişaf tempinə mailkdir. Özbəkistanda da inkişaf tendensiyası çox güclüdür. Hesab edirəm ki, Qırğızıstan da öz demokratik yolunu seçib. Azərbaycan bir dəfə, 1993-cü ildə təlatümlü dövrü keçib. Artıq kimin üçünsə yeni olan inqilabi şəraitin məsələri bizim üçün yeni deyil. Biz artıq bu etapı keçmişik. Türkiyəli təhlilçinin fikirləri isə reallığa söykənmir və subyektiv yanaşmadan başqa bir şey deyil."

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə