Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun SİA-ya müsahibəsi
- Eldar müəllim, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı raket hücumundan vahid müdafiə sistemi yaradır. Sizcə, bu, regionda tarazlığın pozulmasına gətirib çıxara və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daha bir əngəl yarada bilərmi?
- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nəzərə almalıdır ki, Azərbaycanın torpaqları işğal altındadır. O təşkilat hər şeydən öncə bu gün üzvü olduğu Ermənistanı məcbur etməlidir ki, işğalçılıq siyasətindən əl çəksin. Bizim heç kimin torpağında gözümüz yoxdur. Mənə belə gəlir ki, KTMT qızışdırıcı mövqe tutmaqdandırsa, sülh yönümlü səylərini artırmalıdır. Gələcəkdə hər hansı ekstremal vəziyyətin qarşısını almaq üçün təşkilat ədalətli mövqedən çıxış etməlidir. Bu gün isə onun əksini görürük. Təşkilatın rəhbərliyi dəfələrlə açıq şəkildə Ermənistanı müdafiə edəcəklərini bəyan edib. Sual olunur, nəyə görə, işğalın ömrünü daha da uzatmaqdanmı ötrü? Azərbaycan xalqı, başda cənab prezidentimiz olmaqla, heç vaxt buna imkan verməyəcək. Münaqişənin sülh yolu ilə həlli edilməsi prosesi uzandıqca müharibə ehtimalı daha qabarıq şəkildə özünü büruzə verir. Torpaqlarımızı heç vaxt yağı tapdağı altında qoymaq fikrimiz yoxdur. Əgər bu məsələ ATƏT-in Minsk qrupu çərçivəsində dinc yolla həll olunmayacağı təqdirdə müharibə labüddür. Silahlı Qüvvələrimiz bu istiqamətdə öz hazırlıqlarını aparır. Azərbaycanı bu məsələdə günahlandırmaq istəyənlər böyük səhvə yol verirlər.
- Rusiya tərəfindən Ermənistanın silahlandırılması fonunda raket hücumundan müdafiə sisteminin işğalçı ölkə ərazisində qurulması Dağlıq Qarabağda separatizmin daha da genişlənməsinə rəvac vermir?
- Bu kimi məsələlər düşməni bir az da şirnikləndirir. Az öncə də qeyd etdim ki, belə işlərə yol vermək lazım deyil. Bəzi məqamlar üzərində dayanmaq istəməsəm də, deməliyəm ki, Ermənistanın haradan qidalandığı və əldə etdiyi silahların hansı istiqamətdən gəldiyi sirr deyil. Nə vaxta qədər bunu davam etdirmək mümkün olacaq? Yəqin bunun da sonu görünəcək.
- Ermənistanın hakim dairələrinin etiraf etdikləri məlumatlara görə, Azərbaycanın işğal olunmuş ərazilərində raket zenit qurğularının iştirakı ilə hərbi təlimlər keçirilir. Bu təlimlərdə Rusiyanın Gümrüdəki hərbi bazasının "S-300" raketləri də iştirak edib. Bunu Ermənistan ordusundakı ruh düşkünlüyünü aradan qaldırmaq üçün aparılan uğursuz təlimatlar adlandırmaq olar?
- Məndə bununla bağlı dəqiq məlumat yoxdur. Ona görə bu barədə fikir söyləsəm yanlışlığa yol verərəm. Ancaq bu da faktdır ki, 102-ci bazanın Ermənistan ərazisində yerləşməsi və vaxtilə Medvedevin prezidentliyi dönəmində bu ölkəyə səfəri zamanı açıqlamaları yaddan çıxmayıb. Bütün bunlara baxmayaraq, Azərbaycan yarana biləcək hər hansı çətin vəziyyətə tam hazırdır. Xüsusilə Silahlı Qüvvələrimiz bu məsələdə üzərinə düşən vəzifəni bacarıqla yerinə yetirməyə qadirdir. Düşmənin hərbi təlimləri bizi qorxutmur. Həftədə bir-iki dəfə işğal olunmuş ərazilərdə təlimlər keçirdiklərini bəyan edirlər. Ancaq təlimlərin təşkili o qədər asan məsələ deyil. Bunun arxasında böyük hazırlıq işləri ilə yanaşı, həm də güclü maliyyə dayanır. Ermənistanda isə bu güc yoxdur. İqtisadi resurslar tükənmiş vəziyyətdədir. Onların tez-tez bu cür "genişmiqyaslı" hərbi təlimlər keçirməsinin arxasında nəyin, hansı məqsədin dayandığını görmək heç də çətin deyil, bunlar ucuz mesajlardır. Biz düşmənin bu addımlarını çox gözəl başa düşür və izləyirik.
- Ermənistan Silahlı Qüvvələrində kütləvi fərariliyin artması Sarkisyan rejiminin orduya laqeyd münasibətinin nəticəsi hesab etmək olar?
- Bu məsələ indinin problemi deyil. Çoxdandır ki, nəinki orduda, eyni zamanda Ermənistan əhalisi arasında bu vəziyyət hökm sürür. Təkcə əsgərlər ordudan qaçmırlar, həmçinin insanlar da ölkədən qaçaraq, xaricə üz tuturlar. Bir neçə il öncə insan resursu çatışmadığından Ermənistanda 11 hərbi hissə ləğv edildi. Onlardan 3-ü işğal olunmuş ərazilərimizdə yerləşdirilən hərbi hissələr idi. Artıq bu ölkəni tərk edənlərin sayı bir milyondan da çoxdur. Bunlar hamısı onu göstərir ki, Ermənistanda vəziyyət olduqca ağırdır və ölkənin rəhbərliyi bu vəziyyətdən çıxmaq, xalqın fikrini yayındırmaq üçün müxtəlif variantlara əl atsa da, ortada heç bir nəticə yoxdur. Ona görə də bu gün Ermənistanın hazırkı rəhbərliyinə qarşı inamsızlıq və nifrət hissi baş qaldırıb. Eyni inamsızlıq orduya qarşı da yaranıb. Bunu onların KİV-ləri açıq yazırlar. Son illər Ermənistan ordusunda saysız-hesabsız ölüm hadisələri qeydə alınıb. Ölümlərin çox böyük hissəsi tibbi yardımın yarıtmaz vəziyyətdə olmasından, hətta dərman çatışmazlığından baş verib.
- Ermənistan himayə olunduğu dövlətlərə arxalanaraq, hətta son vaxtlar münaqişənin sülh yolu ilə həlli üçün masa arxasında oturmaqdan yayınır. Azərbaycanın Milli Ordusu öz vəzifəsini, yəni işğal altında olan torpaqlarımızı azad etmək missiyasına hazırdır?
- Bu gün ordumuz üzərinə düşən vəzifənin öhdəsindən gəlmək gücünə sahibdir. Məqam yetişdiyi zaman bu özünü göstərəcəkdir. Bu sözlər xoş gəlsin deyə söylənilmir. Silahlı Qüvvələrimizin inkişafı baxımından son illər böyük irəliləyişlər, yeniliklər, dəyişikliklər baş verib. Bu məsələdə dövlətimizin, hökumətimizin, xüsusilə də Ali Baş Komandan, prezident İlham Əliyevin müstəsna xidmətlərini, orduya böyük dəstəyini, köməyini qeyd etmək lazımdır. Azərbaycan Ordusu tam müasir silahlarla təchiz olunub, əsgərlərimizin döyüş qabiliyyəti də düşmənin döyüş qabiliyyətindən bir neçə dəfə artıqdır. Bütün bunlar imkan verir ki, düşmən torpaqlarımızı könüllü şəkildə tərk etmədiyi təqdirdə biz hərb yolu ilə ərazilərimizi işğaldan azad edək. Buna bizim tam imkanımız çatır. Sadəcə, yenidən müharibənin alovlanmasını, qanların tökülməsini, dağıntıların olmasını istəmirik. Ancaq uzun müddətə qədər də buna dözməyə səbrimiz çatmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB