Politoloq: "İran bu “tələyə” düşmədi"

Politoloq: "İran bu “tələyə” düşmədi"

"İsrailin Qəzza sektorunda aktiv hərbi əməliyyatlar keçirməsi gözlənilən idi. Çünki İsrail uzun müddət İranın nüvə obyektlərini vuracağı və ya İrana qarşı müharibəyə başlayacağı ilə bağlı bəyanatlar verirdi". SİA-nın məlumatına görə, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) sədri , politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Fələstin ərazilərindən İsrailə raketlərin atılması həqiqət ola bilər, lakin çətin şəraitdə yaşayan Fələstinin daxilindən qarşı tərəfə raket atışının icraçılarının kim olduğunu müəyyənləşdirmək çox çətindir: "ABŞ və NATO başda olmaqla Qərb ictimaiyyəti İsrailə tərəfdar çıxıb onun özünümüdafiə hüququnu dəstəkləsələr də İsraili hərbi əməliyyatları dayandırmağa vadar etdilər. İsrailin hərbi əməliyyatları dayandırması BMT BA-da Fələstin dövlətinin statusunun qaldırılmasının müzakirəsi ilə də əlaqəsi ola bilər. İsrailin qəflətən əməliyyatı dayandırması bu ölkənin daxilində siyasi gərginlik yaratmaqla yanaşı, HƏMAS-a özünü qalib hiss etməyə imkan verdi".

İsrailin son bütün əməliyyatlarının arxasında İranı hərbi əməliyyatlara cəlb etmək məqsədi aydın görünsə də İran bu "tələyə" düşmədi deyən politoloq vurğulayıb ki, İranın gücü yetərli deyil: "Kifayət qədər gücə malik olsaydı, İran İsrailin hərbi avantürasına qarşı cavab verərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə