Avrasiya Mətbuat Fondunun 20 illik yubileyi qeyd edilib YENİLƏNİB

Avrasiya Mətbuat Fondunun 20 illik yubileyi qeyd edilib YENİLƏNİB

Bu gün Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasının 20 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, bir çox xarici ölkədən gəlmiş qonaqlarla yanaşı beynəlxalq təşkilatların, BMT Azərbaycandakı agentliklərinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə BAMF-nin sədri Umud Rəhimoğlu açaraq qeyd edib ki, BAMF 1992-ci ildə xalqımızın üzləşdiyi mürəkkəb və ağır vəziyyətdən ölkəmizin xilasına mümkün qədər yardım göstərmək amalı ilə öz dövlətini sevən, təbliğ edən bir qrup jur­nalist və ziyalılar tərəfindən yaradılmış beynəlxalq müstəqil təşkilatdır. Bildirilib ki, fond 4 sentyabr 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınıb: "Ötən 20 ildə çox böyük uğurlara imza atan BAMF BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ABŞ Dövlət Departamenti, ABŞ Tədqiqat Əməliyyat Mərkəzi, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar, Beynəlxalq Söz Azadlığı Mübadiləsi, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA), habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BAMF-ın 4 əsas fəaliyyət istiqaməti var: Media və vətəndaş cəmiyyətinin inkişafı, Qaçqınlar və məcburi köçkünlərin problemləri, Böhranın idarə olunması, sülhməramlı aksiyalar və konfliktologiya, İcmanın inkişafı".

O, BAMF-ın gördüyü işlərdən danışarkən bildirib ki, təşkilat fəaliyyətinin ilk illərindən indiyədək əcnəbi jurnalistlərin Azərbaycana səfərlərini təşkil etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğal faktı ilə əlaqədar məlumatların dünya informasiya şəbəkələrində yayılması üçün çoxsaylı layihələr həyata keçirib".

Salamlama nitqindən sonra BAMF-nin 20 illik yubileyi münasibətilə hazırlanmış "Bəşəriyyət üçün xidmətlərə görə təsvir və səs vasitəsilə hekayə" filmi nümayiş etdirilib.

Daha sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədr müavini Gəray Fərhadov deyib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ-ın "Lutheran World Relief" təşkilatı tərəfindən Azərbaycandakı qaçqınlar və məcburi köçkünlər üçün ayrılmış qeyri-ərzaq yardımının paylanmasını həyata keçirib. BAMF aralarında bağlanmış müqaviləyə əsasən "Caunterpart" beynəlxalq humanitar təşkilatının ayırdığı yardımları da məcburi köçkünlərə və qaçqınlara paylamağa başlayıb.

Milli Məclisin vitse-spikeri Bahar Muradova isə deyib ki, Azərbayanın tanınmış təşkilatı olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) fəaliyyətin yüksək qiymətləniriilməlidir: ""BAMF təşkilatı nəinki Azərbaycanda, o cümlədən dünyada yüksək mövqelərdən birini tutur. Bu təşkilatın Azərbaycanla bərabər necə addımladığının şəxsən şahidi olmuşam. Bu təşkilat təkcə Azərbaycana yox, ümumilikdə bəşəriyyətə xidmət edən təşkilatdır. Hesab edirəm ki, bu gün müharibənin gətirdiyi bəlalar, onun nəticələrini aradan qaldırmaqda bilavasitə iştirak edən bir təşkilat bu gün yubileyini qeyd etməkdə haqlıdır. Azərbaycan regional deyil, beynəlxalq miqyasda fəaliyyət göstərdiyi üçün BAMF da beynəlxalq miqyasda fəaliyyət göstərir. Hesab edirəm ki, BAMF-ın artıq beynəlxalq təşkilat statusu almaq vaxtı çatıb. Biz çalışacağıq ki, bu təşkilat beynəlxalq təşkilat statusu alsın".

PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev qeyd edib ki, BAMF-də bu gün ictimai sektor yüksək sürətlə inkişaf edir: "Qurum yarandığı gündən əzmkarlıq və vətənpərvərliyə qarşıya qoyduğu məqsədə çatmaq üçün çalışıb. Mətbuat fondu kimi fəaliyyətə başlayan təşkilat öz fəaliyyətini bununla məhdudlaşdırmayaraq, Azərbaycanın taleyüklü məsələlərinin dünyaya çatdırılmasında mühüm rol oynayıb. BAMF müharibədən əziyyət çəkənlərin problemlərin həlli üçün fəaliyyət göstərir. İndi bu təşkilat beynəlxalq aləmə çıxmağa çalışır. Beynəlxalq mətbuat instutunun üzvüdür. Avropa Şurasi ilə NATO iyüksək səviyyədə əməkdaşlıq edir".

Digər çıxış edənlər də Prezident yanında QHT-lərə Dövlət dəstəyi şurasının sədri Azay Quliyev, BMT-nin İqtisadi –sosial şurasının ECOSOC-un QHT bölməsinin rəhbəri Andrey Abramov fondun qazandığı uğurlar haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, BAMF 1992 -ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə