Kinorejissor Eldəniz Quliyevin "Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi" adlı qurum yaratması bütün zümrələri, siyasi partiyaları, qeyri-hökumət təşkilatıarını hərəkətə keçirib. Səbəb heç də o deyil ki, kimsə yeni siyasi təşkilat və yaxud cərəyan yaradıb. Məsələ burasındadır ki, kinorejissor öz peşəsi ilə bağlı deyil, üstəlik siyasi təşkilatın etnik formulasını yaradıb, burada bir az fikirləşməyə dəyər.
Bizim düşündüklərimizlə siyasətçilər və bu sahənin ekspertləri də həmrəydirlər. Sosial Demokratlar Partiyasının sədri Araz Əlizadə bildirib ki, əgər Azərbaycanda belə birliklər yaranırsa ya şüursuzluqdan yaranır, ya da ki, kimsə bunu yaratdırır: "Mən düşünmürəm ki, Azərbaycanda cəmiyyət tolerant deyil, hansısa insanlara etnik baxımdan 2-ci dərəcəli insan kimi baxırlar. Xalqı parçalamaq lazım deyil. Hamısı boş şeylərdir. Onlar düşünürlər ki, guya böyük adamdırlar. Amma bu addımların heç bir əhəmiyyəti olmayacaq".
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa isə bu addımın ilk növbədə qanunvericiliyə uyğun olmadığını söyləyib: "Ümumiyyətlə buna ehtiyac yoxdur o baxımdan ki, ümumi vətəndaşlıq problemi var və vətəndaşların sosial, mədəni hüquqlarının müdafiəsindən söhbət getməlidir. Bu baxımdan da bu ancaq başqa məqsədlərlə, xoş olmayan niyyətlərlə yaradıla bilər. Bu ölkəmiz üçün təhlükəlidir, bizim birlik və bərabərliyimizi poza bilər. Ona görə də bu istiqamətdə məncə həmin xalqların öndə gələn ağsaqqalları, ağıllı insanları, ziyalıları bu məsələyə qarşı öz mövqelərini mütləq qoymalıdırlar".
Azərbaycan kimi müstəqiliyinin 21-ci ilində yaşayan gənc bir dövlətdə milli və etnik zəmində hansısa siyasi təşkilatın yaradılması çox təhlükəli haldır. Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə səsləndirib. Millət vəkili bildirib ki, siyasi təşkilat və ya partiyalar milli zəminə, etnik mənsubiyyətə görə deyil, siyasi əqidəyə görə yaradılır, formalaşdırılır: "Milli və etnik zəmində siyasi partiya yaratmanın ideya sahibləri yaxşı bilməlidirlər ki, onlar bununla hansı uğursuz və son dərəcə xoşagəlməyən bir tendensiyaya rəvac verirlər. Onlar bilməlidirlər ki, milli zəmində siyasi təşkilat yaratmanın mənfi fəsadları ola bilər və ümumiyyətlə, bu cür uğursuz cəhdlərin heç bir səmərəsi ola bilməz. Bu cür cəhdlər bəri başdan iflasa məhkumdur. YAP-la bağlı hansısa bir vətəndaşın bu və ya digər şəkildə ittiham irəli sürməsinə gəlincə, şəxsən bu yöndə polemikaya girməyi lüzumsuz hesab edirəm. Ona görə ki, hakim partiyanın üzvü olan hər hansı millət vəkili bu cür uğursuz polemikalara girməməlidirlər. Eyni zamanda, belə hesab edirəm ki, hər kəsin bu və ya digər məsələ ilə bağlı fikir bildirmək hüququ var. Bu, onun konstitusion hüququdur və biz də hakim partiyanın təmsilçiləri olaraq daim bu hüquqa hörmətlə yanaşırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB