Aqil Abbas: "Torpaqlarımızı azad etsək erməniləri də xilas etmiş olarıq"

Aqil Abbas: "Torpaqlarımızı azad etsək erməniləri də xilas etmiş olarıq"

Dağlıq Qarabağ münaqişəsi hərb yolu ilə həll olunacaq. Sülhlə münaqişənin həlli mümkün deyil. Bunu SİA-ya açıqlamasında millət vəkili Aqil Abbas deyib.

Azərbaycanın siyasi gücü günbəgün artır. "Bütün dünya da bilir ki, kim kimdir. Tiqran Sarqsyan da digər erməni siyasətçiləri kimi sərsəm bəyanatlar verir. Bu fikirlər sadəcə, dünya ictimaiyyətinin fikrini çaşdırmaq, təxribat yaratmaq məqsədi daşıyır. "Arxalı köpək qurd basar", ancaq bir gün qurd elə ayağa qalxacaq ki, hər şeyi yerlə yeksan edəcək. Ancaq Azərbaycan siyasətdə udmalıdır. Dünyanı inandırmağı bacarmaılıdır ki, torpaqlarımız işğal olunub".

Millət vəkili deyib ki, Azərbaycanın Ermənistanla heç vaxt müharibə etmək niyyəti olmayıb: "Dağlıq Qarabağ münaqişəsində müharibə sözünün özü doğru yanaşma deyil. Çünki Azərbaycan öz ərazisini separatçılardan təmizləyirsə, buna müharibə demək olmaz. Bu terrora qarşı mübarizədir. Hətta bu məsələnin həlli Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Dağlıq Qarabağda Azərbaycan vətəndaşı olan 60 mindən çox erməni var. Onların da bütün Azərbaycan vətəndaşı kimi hüquqları bərabərdir. Hətta onlar millət vəkili belə seçilə bilərlər. Necə ki, əvvələr ermənilər mühüm postlarda vəzifə tutmuşdular. Onların da ölkəmizdə yaşayan kiçik etnik qruplar kimi sərvətlərimizdən istifadə etmək hüquqları var. Hətta dövlətimizin bununla bağlı sərəncam və fərmanları da var. Hesab edirəm ki, biz torpaqlarımızı azad etməklə bərabər ordakı erməniləri də separatçılardan xilas etmiş oluruq. Çünki o separatçılar Dağlıq Qarabağda yaşayan yerli ermənilərə olmazın işgəncə və əzablarını verirlər".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə